EN

Avropa Bankı Gəncədə su təchizatı və kanalizasiya xidmətinin inkişafına kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Gəncədə su təchizatının modernləşdirilməsi, kanalizasiya və yağış sularının idarə edilməsinin yaxşılaşdırılması, həmçinin sutəmizləyici qurğuların tikintisi üçün 35 milyon avro suveren kredit ayırıb.

FED.az xəbər verir ki, layihənin ümumi dəyəri 410 milyon avro təşkil edir. Kredit bir neçə tranşda veriləcək və beynəlxalq donorun təqdim etdiyi investisiya qrantı hesabına birgə maliyyələşdiriləcək.

Layihə EBRD-nin “Yaşıl şəhərlər” proqramı çərçivəsində həyata keçirilir və “Gəncə Yaşıl şəhər” Fəaliyyət Planında müəyyən edilmiş “suyun əlçatanlığı və keyfiyyəti” kimi prioritet ekoloji problemin həllinə yönəlib. Gəncənin su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılmasının vacibliyini nəzərə alaraq layihə hökumət üçün prioritetdir.

Layihə başa çatdıqdan sonra Gəncə şəhəri fasiləsiz su təchizatı və kanalizasiya xidmətləri ilə tam təmin olunacaq, yağış sularını idarəetmə sisteminin tətbiqi sayəsində daşqın riskləri azalacaq. Layihə həm də çirkab suların Gəncə çayına axıdılmazdan əvvəl təmizlənməsini təmin etməklə ətraf mühitə müsbət təsir göstərəcək.

Layihənin həyata keçirilməsi su itkisini azaldacaq və çirkab suların lazımi qaydada təmizlənməsini təmin edəcək, bununla da “yaşıl iqtisadiyyat”a keçidə töhfə verəcək. Bundan başqa, layihənin keyfiyyətli idarə edilməsini dəstəkləyəcək korporativ idarəetmə üzrə Fəaliyyət Planı da hazırlanacaq.

Layihə Gəncədə su təchizatı və kanalizasiyanın milli və Avropa standartlarının tələblərinə uyğunluğunu təmin edəcək. Tikintinin potensial mənfi təsirlərinin inşaat təcrübəsi standartlarına riayət edilməklə minimuma endiriləcəyi planlaşdırılır. Maliyyə-Əməliyyat Göstəricilərinin Yaxşılaşdırılması Proqramı (PIP) çərçivəsində, həmçinin yeni təmizləyici qurğuların tikintisi nəzərdə tutulub ki, bu da Gəncənin çirkab suların təmizlənməsi üzrə müasir tələblərə uyğunluğunu təmin edəcək.

Layihə qorunan ərazilərə və ya mədəniyyət obyektlərinə təsirləri nəzərdə tutmur. Tikinti işləri zamanı təsadüfi arxeoloji tapıntıların qeydiyyatı proseduru da daxil olmaqla ehtiyat tədbirlərinə əməl olunacaq. Həmçinin sakinlərin köçürülməsi və yaxud özəl mülkiyyətin alınması tələb olunmayacaq ki, bu da layihənin həyata keçirilməsi zamanı əlavə olaraq yoxlanılacaq.

Tikinti obyektlərində təhlükəsizliyin təmin edilməsi üçün podratçılar ekoloji və sosial menecment Planına əməl etməlidirlər. Tender şərtlərinə, eləcə də müqavilələrə müvafiq ekoloji və sosial tələblər daxil ediləcək.

Kredit üzrə borcalan Maliyyə Nazirliyi, benefisiar isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir. (Report)

Chosen
36
2
fed.az

3Sources