EN

COP29 yaşanıla bilən planet naminə səylərin gücləndirilməsi üçün sınaq meydanıdır

COP29 yaşanıla bilən planet naminə səylərin gücləndirilməsi üçün sınaq meydanıdır. Çünki iqlim böhranının yaranmasına səbəb olmayan ölkə və regionlar bu gün iqlim dəyişmələrindən daha çox əziyyət çəkir. Bu vəziyyət iqlim dəyişmələrinin gələcək təsirlərini önləmək, təbii fəlakətləri aradan qaldırmaq və yaşıl texnologiyalara keçid üçün maliyyə vəsaitlərinə ehtiyac yaradır. Məhz buna görə də COP29-da iqlim maliyyələşməsi üçün yeni hədəflər müəyyən edilməlidir.

Demokrat.az xəbər verir ki, bu fikirlər “ActionAid International“ təşkilatının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) təşkil etdiyi tədbirdə səsləndirilib.

Təşkilatın iqlim ədaləti üzrə qlobal lideri Tereza Anderson çıxışında bildirib ki, dünyanın bir sıra zəngin sənaye ölkələri iqlim fəlakətlərinin qarşısının alınması məqsədilə maliyyə vəsaitləri ayırmaq əvəzinə məsuliyyətdən yayınmağa çalışırlar: “Əgər biz iqlim tədbirlərini gələcəyimizi xilas edəcək səviyyədə həyata keçirmək istəyiriksə, o zaman iqlim böhranında cavabdeh olanlar bu vəziyyətin aradan qalxması üçün də vəsait ayırmalıdırlar. Çünki xərclərin nə qədər yüksək olmasından asılı olmayaraq, indi ətraf mühitin qorunması üçün iddialı tədbirlər üçün vəsaitlərin ayrılması uzaq perspektivdə fəlakətlərin yaradacağı maliyyə zərərlərindən qat-qat ucuz başa gələcək”.

Tədbirdə beynəlxalq qurumun Somali, Banqladeş və Avstraliya üzrə təmsilçiləri də çıxış edərək, öz ölkələri üzrə vəziyyətdən danışıb, iqlim maliyyələşməsi üzrə danışıqların uğurla nəticələnəcəyinə ümidvarlıqlarını ifadə ediblər. Həmçinin diqqətə çatdırılıb ki, iqlim maliyyəsi ədalətli iqlim mühafizəsinin ana xəttini təşkil edəcək.

Qeyd edək ki, 1972-ci ildə təsis olunmuş “ActionAid International” təşkilatı qərargahını Qlobal Şimaldan Qlobal Cənuba köçürən ilk beynəlxalq qeyri-hökumət təşkilatıdır. 45 ölkədə nümayəndəliyi olan təşkilatın əsas hədəfi dünyada yoxsulluğa və ədalətsizliyə qarşı mübarizə aparmaqdır. (azərtac)

Chosen
20
1
demokrat.az

2Sources