Dünyanın gözü Bakıdadır. Sivilizasiya bu günlər Bakı ilə nəfəs alır desək bəlkə də mübaliğəsiz olar. Çünki, noyabrın 11-dən Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası öz işinə başlayıb. Sammitin işində 80-dan artıq dövlət və hökümət başçısı, çox sayda Beynəlxlaq təşkilatların, maliyyə qurumlarının və QHT-lərin təmsilçisi iştirak edir. Ümumilkdə isə yaxın 12 gündə Azərbaycana 75 mindən artıq qonağın gələcəyi və COP29 tədbirlərinə qatılacağı gözlənilir.
Təsadüfi deyil ki, “The Washington Post” nəşri yazır:
“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı və ya COP29 Bakıda, Azərbaycanda başladı. Donald Trampın prezident seçkilərində qələbəsindən bir neçə gün sonra başlayan toplantı dünyanın diqqət mərkəzində olan ən əsas tədbirdir. Yer kürəsinin ardıcıl ikinci ən isti ilini yaşamağa hazırlaşdığı bir vaxtda keçirilən tədbir noyabrın 22-dək davam etməsi planlaşdırılır. Bu Sammitdə dünyanın əksər ölkələrindən nümayəndələr iştirak edir və onlar qlobal istiləşmə ilə mübarizə tədbirlərindən danışacaqlar”.
Qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycan modeli
Doğrudan da dünya antropagen təsirlər nəticəsində çətin durumla üz-üzə qalıb. Əgər yaxın zamanda qlobal orta temperaturun yüksəlməsi 1,5 dərəcə selsi ilə məhdudlaşdırılmasa dünyamızı çox acınacaqlı fəlakətlər gözləyir. Bu mənada COP29 Sammiti qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm mərhələ ola bilər. Ekspertlər hesab edir ki, əgər COP28-də kömür, neft və qazdan uzaqlaşma təklif olunurdusa Bakıda daha uğurlu çağırışlar olacaq və Azərbaycan dünya yaşıl enerjinin yeni imkanları və bu imkanları Qərbə ötürmək üçün yeni “yaşıl dəhliz” təqdim edəcək. Beləcə qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycan modelinin təqdimatı olacaq. Axı Azərbaycan hazırda dünyada günəş enerjisi istehsalı üzrə sürətlə inkişaf edən ilk 5 ölkədən biridir. Tək bir faktı deyək ki, Azərbaycanda günəş enerjisi istehsalı bu ilin yanvar-avqust aylarında 9 dəfə artaraq 424.5 milyon kilovatsaata çatıb.
Bundan başqa, Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27 min Mvt dəyərləndirilir. Bu da onu göstərir ki, Azərbaycan yaşıl enerjinin istehsalı və ixracı istiqamətində dünya ölkələrinə yeni imkanlar təqdim edəcək. Ən əsası Azərbaycan Avropa İttifaqına yeni enerji resurslarını təklif edir. Azərbaycandan başlayan Gürcüstan üzərindən keçərək Qara dənizin dibi ilə Avropaya çatacaq “yaşıl dəhliz” bəlkə də XXI əsrin möcüzələrindən biri olacaq.
Ona görə də COP tarixinə Azərbaycanın düşəcəyi şübhəsizdir. Əminliklə demək olar ki, məhz yaşıl enerjiyə keçidlə bağlı Bakı paktı, Bakı sazişi imzalanacaq. Bununla da Bakı qlobal iqlim dəyişikliyinə verdiyi nəhəng töhfəsi ilə onilliklər boyu tarixdə qeyd ediləcək, xatırlanacaq.
Kimlər Azərbaycanın yanında yer alır?
Qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə səfərbər olan ölkələrin böyük əksəriyyəti bu gün Azərbaycanın yanında dayanır. Xüsusilə də Avropada enerji daşıyıcılarından əziyyət çəkən ölkələr Azərbaycanla əməkdaşlığa can atır. Təsadüfi deyil ki, Avropanın kiçik və orta dövlətləri- Sebiya, Rumıniya, Bolqarıstan, Sloveniya və digər dövlətlər Azərbaycana ümid yeri kimi baxır.
Məhz bu dövlətlər Azərbaycanın yaşıl enerji istehsalı ilə çağırışlarına və Şərqdən Qərbə uzanacaq “yaşıl dəhliz”ə böyük həvəs göstərirlər. Təbii ki, bu layihənin reallaşmasında Türkiyə və Gürcüstanın da xüsusi payı var. Eləcə də Qazaxıstan və Orta Asiya dövlətləri Azərbaycanın “yaşıl dəhliz” layihəsinə qoşulmağa hazır olduqlarını bəyan edirlər.
Çox təəssüf ki, aparıcı dövlətlər öz imperialist maraqları üzündən dünyanı xilas edəcək bu cür layihələrə laqeyidliklə yanaşır. Çünki, onlar atmosferi ən çox çirkləndirən ölkələr sırasında ilk yerləri tutur. Məsələn, ABŞ dünyanın ən böyük neft istehsalçısı kimi ətraf mühitə çox böyük zərər vurur. Fransa isə təkcə öz ölkəsində deyil, Afrika və Asiyanın ada dövlətlərində ətraf mühiti çox böyük ölçüdə ziyan vurur.
Bu da təsadüfi deyil. Çünki, böyük dövlətlər hər zaman imperialist siyasət yeridirlər. İmperialist siyasətdə isə humanizmə yer yoxdur. Əksinə orta və kiçik dövlətlər qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə daha aktiv olurlar. Dünya bunu Azərbaycanın simasın bu gün çox yaxşı görür və bilir.
Surxay Atakişiyev, Bizim.Media