EN

Əfqanıstan bütün ölkələrlə müsbət münasibət qurmaq istəyir

Əfqanıstan xarici işlər nazirinin müavini Şer Məhəmməd Abbas Stanikzai Birləşmiş Millətlər Təşkilatından (BMT) hakimiyyətdə olan “Taliban”a (terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır) təşkilatda yer verilməsini xahiş edib. Bu barədə noyabrın 12-də “Tolo News” telekanalı məlumat yayıb. Xəbəri “İzvestiya.ru” verib. 

Kabildə keçən görüşdə o, müxtəlif ölkələrlə əlaqələrin qurulması mövzusunu qaldırıb və hakimiyyətin bütün ölkələrlə müsbət münasibət qurmaq istəyini vurğulayıb. “İslam Əmirliyi istənilən məsələdə bütün ölkələrlə əməkdaşlığa hazırdır. Allah nəsib etsin ki, Əfqanıstan istər BMT-də, istərsə də başqa bir forumda xalqın problemlərini dilə gətirmək və bu çətinliklərə son qoymaq üçün öz yerini alsın”, - Stanikzai bildirib.

O, həmçinin əlavə edib ki, indiki hakimiyyətin heç bir ölkə ilə problemi yoxdur, sülh və sabitliyi qoruyur. “İslam Əmirliyi dünya, eləcə də Rusiya, Çin və ABŞ kimi güclərlə dostluq münasibətləri istəyir. Eşitmisiniz ki, biz həmişə böyük dövlətlərin diqqətinə çatdırmışıq ki, Əfqanıstan heç kimlə münaqişə və ya qarşıdurmada olmaq istəmir”, - deyə nazir müavini əlavə edib.

P.ƏMİRCANOV
XQ

Chosen
38
xalqqazeti.az

1Sources