EN

Həssas ölkələrə adekvat maliyyənin ayrılması adaptasiya üçün zəruridir

Qvineya-Bisau kimi həssas ölkələrə adekvat maliyyə resurslarının ayrılması dayanıqlığın və adaptasiya potensialının artırılması üçün prioritet və zəruri şərtdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitində çıxışı zamanı bildirib.

"İqlim dəyişikliyi sərhəd tanımır. Biz qlobal şəkildə hərəkət etməli, cəsarətli qərarlar qəbul etməli və müvafiq tədbirlər görməliyik. Qvineya-Bisau davamlı gələcək üçün adekvat kollektiv cavaba töhfə verməyə sadiqliyini təsdiqləyir", - o bildirib.

Qvineya-Bisau Prezidentinin sözlərinə görə, ölkə birbaşa əhaliyə fayda verən ədalətli enerji keçidini təşviq edərək bərpa olunan enerji mənbələrinin inkişafına və qalıq yanacaqdan asılılığın azaldılmasına sadiqdir.

"İnanırıq ki, burada, Bakıda qəbul edilən qərarlar planetimizi təhdid edən ciddi təhlükələri kollektiv surətdə dərk etdiyimizi, eləcə də iqlim ədaləti, beynəlxalq həmrəylik və davamlı inkişaf naminə dinamik öhdəliklər götürmək əzmimizi nümayiş etdirəcək. Bizim borcumuz iradəmizi ifadə etmək, planetimizi qorumaq və daha təhlükəsiz və ədalətli dünya qurmaq üçün qüvvə və resurslarımızı birləşdirməkdir", - o əlavə edib.

Chosen
78
bakivaxti.az

1Sources