EN

ABŞ atom enerjisi istehsalını 3 dəfə artıracaq

ABŞ hakimiyyəti 2050-ci ilə qədər ölkədəki atom elektrik stansiyalarının ümumi gücünü 3 dəfə artırmağı planlaşdırır.

Musavat.com xəbər verir ki, məlumatı "Bloomberg" yayıb.

Məlumatda qeyd olunur ki, hazırda ölkədə yerləşən nüvə reaktorlarının ümumi gücü 100,6 GVt təşkil edir. 2050-ci ilə qədər gözlənilən artım təxminən 200 GVt olacaq. Eyni zamanda növbəti 10 il ərzində Ağ Ev nüvə istehsalının həcmini 35 GVt artırmaq niyyətindədir.

ABŞ prezidentinin köməkçisi və Ağ Evin milli iqlim müşaviri Əli Zaidi açıqlamasında bildirib ki, onlar karbonsuz elektrik mənbəyinin geniş miqyaslı istifadəsinə mane olan bir çox maneələri aradan qaldırıblar. O, belə maneələr sırasında ölkə daxilində ixtisaslı kadrların və yanacaq təchizatının çatışmazlığını, hüquqi tənzimləməni qeyd edib.

"Bloomberg"in yazdığına görə, nüvə enerjisi sahəsində belə strategiya ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampdan dəstək ala bilər. O, seçki kampaniyası zamanı enerji tutumlu sənaye sahələrini elektrik enerjisi ilə təmin etmək üçün yeni nüvə reaktorlarının tikintisinə çağırıb.

ABŞ-ın nüvə enerjisi sənayesi istehsal olunan elektrik enerjisinə görə dünyada ən böyükdür. ABŞ-ın enerji kompleksində nüvə istehsalının payı yarım əsr əvvəl 1979-cu ildə "Three Mile Island" AES-də baş vermiş qəzadan sonra tədricən azalmağa başlayıb. Hadisə nəticəsində sənaye tənzimləyiciləri təhlükəsizlik standartlarını xeyli sərtləşdiriblər. Belə ki, 1979-2012-ci illər arasında atom elektrik stansiyalarının tikintisi üçün bir dənə də olsun yeni lisenziya verilməyib.

Musavat.com

Chosen
68
50
musavat.com

10Sources