EN

Santuşun üç çətin vəzifəsi: doğru formul, kapitan seçimi və qələbə! - YAZI

Yığmanın Millətlər Liqasında keçirəcəyi növbəti matça çox yox, cəmi dörd gün qaldı. Komanda noyabrın 16-da, yəni şənbə günü C liqasının 1-ci qrupu çərçivəsində Estoniyanı qəbul edəcək.

Yığmamızın matçına ilk dəfə Qəbələdə şahidlik edəcəyik. Lakin oyunun əhəmiyyəti yalnız bununla bağlı deyil. Ona görə ki, kollektiv uduzsa, hətta heç-heçə etsə, uğursuzluqlarıyla bağlı antirekordlar yenilənəcək. Məhz bu məqam elə baş məşqçi Fernando Santuşa da aiddi. Deməli, mütəxəssis azı karyerasına növbəti ləkəni salmamaq üçün əlindən gələni etməlidi. Bəli, məqsəd yalnız qələbə qazanmaqdı. Bəs portuqaliyalı hədəfə çatmaq üçün yaxşıca götür-qoy edibmi? Bunu öyrənməyin yeganə yolu milliyə dəvət olunan futbolçulara nəzər salmaqdı. Elə isə əsas məsələyə keçid alaq.
Beləliklə, Santuş karyerasının ən ağır çağlarını yaşayır. İndi Portuqaliyada deyil ki, Kriştiano Ronaldonu ehiyat oyunçular skamyasında əyləşdirəcək qədər arxayın olsun. Bura Azərbaycandı. Seçimlər məhdud, potensial bəlli...

Baş məşqçi bu dəfə Mehdi Cənnətov, Şəhriyar Əliyev və Elvin Camalovu dəvət etmədi. Bu öz yerində. Diqqəti çəkən əsas məqam yenə Emil Mustafayevin çağrılanlar siyahısında olmamasıdı. Mənə elə gəlir ki, Ukrayna "Polesye"sində çıxış edən futbolçu belə qərarı haqq etmir. Təxminən iki il əvvəl Ronaldonun yaxın dostu, ispaniyalı jurnalist Edu Agirre Santuşu xəyanətkar adlandırmışdı. Səbəb mütəxəssisin Qətərdə keçirilən dünya çempionatında Kriştianoya şans verməməsiydi. Düzdü, bizim Ronaldomuz yoxdu, amma gənc və perspektivli futbolçunun diqqətdən kənarda qalmasına da uzun müddət səssiz qalmayacağıq... Təbii ki, söhbət uzunmüddətli layihədən gedirsə! Futbolçu bir oyundakı səhvinə görə belə ağır cəzaya məruz qalırsa, Slovakiya ilə matçda qələbə ümidini "dəfn edən", üzr istəməyi özünə sığışdırmayan Amin Seydiyev "göydən düşüb"? Maraqlıdı...

Məlumdu ki, Qismət Alıyev, Renat Dadaşov və Şahruddin Məhəmmədəliyev zədəlidi. Başqa fərqli qərarlar isə Amin və Nicat Mehbalıyev ilə bağlıdı. Aminin "Sabah"da yaxşı oyun göstərdiyini desək, azı özümüzü aldadarıq. Görünür, Santuş ona ikinci şansı çox görmədi. Nicat Mehbalıyev isə parlaq qapıçılardandı. Düzdü, onun Mehdi Cənnətov qədər təcrübəsi yoxdu. Lakin gələcəyə hesablanmış addım kimi dəyərləndirsək, yalnış seçim olmadığını deyə bilərik. Mustafa Əhmədzadə isə ilk dəfə milli forma geyə bilər. Əlbəttə, bunda "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyevin böyük rolu var. Mütəxəssis əvəzedici heyətdən əsas komandaya cəlb etdiyi futbolçuya şans verməklə ciddi iş görüb. İndi sıra Mustafadadı ki, ümidləri doğrultsun.
Qısası, Santuş seçimlərini doğru etməyə məcburdu. Mütəxəssis elə bir formul tapmalıdı ki, həm qələbə qazansın, həm də məlum layihəyə uyğun komanda formalaşdırmaq prosesini davam etdirsin.

Yeri gəlmişkən, Estoniyayla matçda kapitanın kim olacağı da maraq doğurur. Axı millinin "Göyqurd" azarkeş qrupu sarğını “milliləşdirilmiş” futbolçunun qolunda görəcəyi halda oyunları boykot edəcəyini deyib. Görəsən, məhz bu çağırış bazübəndin Emin Mahmudova qayıtmasına vəsilə olacaqmı?

KƏNAN BAHADIR

Chosen
36
football-plus.az

1Sources