EN

COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin yüksək nüfuzunun göstəricisidir - Aydın Mirzəzadə

Yazını böyüt
Yazını kiçilt

“Bu gün 70 mindən çox qonağın qeydiyyatdan keçdiyi və artıq onlarla dövlət başçısının, rəsmisinin iştirak etdiyi tədbir dünya mətbatının diqqətindədir. Bu, Azərbaycanın dünyada tanıdılmasına, ekoloji tarazlıq üçün atdığı addımların əhəmiyyəti ilə bağlı məlumatların verilməsinə kömək edəcək”.

Bunu hafta.az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə noyabrın 11-dən paytaxt Bakıda öz işinə başlayan COP29 konfransı ilə bağlı bildirib.

A.Mirzəzadə son vaxtlar BMT -nin iqlim dəyişikliyi ilə bağlı keçirdiyi tədbirlərin çox böyük reytinqə malik olduğunu qeyd edib.

“Bir çox ölkə liderlərinin, mütəxəssislərinin iştirakı ilə keçirilən müzakirələrə yüz minə qədər insan toplaşır, iqlim dəyişikliyinin yaratdığı fəsadlar, onun qarşısının alınması istiqamətləri, iqtisadiyyatın inkişafı öz əksini tapır. Belə məlum olur ki, insan fəaliyyətinin bütün sahələri iqlim dəyişikliyi ilə bağlıdır”.

Deputat eyni zamanda bildirib ki, iqlim dəyişikliyi ilə bağlı konfransın Azərbaycanda keçirilməsi ölkəmizin yüksək nüfuzundan, beynəlxalq birlikdə qazandığı hörmətin göstəricisidir. Onun sözlərinə görə, keçmiş sovet respublikaları sırasında Azərbaycan ilk ölkədir ki, COP konfransını keçirmək hüququna malikdir.

O, bu hadisəni Azərbaycanın dünya, insanlıq üçün atdığı mühüm addımın əhəmiyyətinin göstəricisi kimi dəyərləndirib. Çünki Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq bəşəriyyətin qorunması, insanlıq, yaşıl dünya naminə öz mövqeyini, mübarizəsini ortaya qoyur.

“Azərbaycan çox az sayda ölkələrdəndir ki, yaşıl enerjidən geniş istifadə edir. Azərbaycanda iki böyük günəş elektrik stansiyası fəaliyyət göstərir. işğaldan azad olunan bölgə ancaq yaşl enerji ilə təmin olunacaq. Suyun keyfiyyətinin artırılması, sudan səmərəli istifadə bizim üçün vacib olan məsələlərdəndir. Xəzər dənizi sahilində dəniz suyunun içməli suya çevrilməsini təmin edəcək müasir kompleks tikilməkdədir. COP29-un Azərbaycanda keçirilməsi həm iqlim dəyişikliyi ilə bağlı dünya birliyinin növbəti addımlarını müəyyənləşdirir, digər tərəfdən isə Azərbaycanın dövlətçilik, müasir iqtisadiyyat təcrübəsinin xarici ölkə nümayəndləri tərəfindən öyrənilməsinə imkan yaradır. Paralel olaraq, ölkəmizə gələn qonaqlar mədəniyyətimizlə, tariximizlə tanış olacaq, Azərbaycanın bu sahədə görüdüyü əldə etdiyi təcrübədən yararlanacaqlar. Həmçinin, belə platformalarda ikitərəfli münasibətlər qurmaq, yaxud münasibətləri dərinləşdirməklə bağlı növbəti təşəbbüsləri də müşahidə edəcəyik”.

Chosen
75
hafta.az

1Sources