EN

Azərbaycanlı sənətçi “Istanbul Autumn Festival” müsabiqəsinin münsiflər heyətinin fəxri üzvü olub - FOTOLAR

İstanbulda Qazaxıstan, Azərbaycan, Rusiya, Türkiyə, Özbəkistan, Qırğızıstan, Yunanıstan və digər ölkələrdən istedadlı iştirakçıları bir araya gətirən “Istanbul Autumn Festival” beynəlxalq festival-müsabiqə keçirilib. SİA xəbər verir ki, münsiflər heyətinin Azərbaycanı təmsil edən fəxri üzvü tanınmış azərbaycanlı və rusiyalı rəqqas, “World Dance Olympiad”ın mütləq çempionu, üç dəfə “Rusiyanın ən yaxşı solisti” titulunun sahibi Fərid Kazakov olub.

Açılış nitqi ilə çıxış edən Fərid Kazakov ölkələr arasında beynəlxalq mədəni əməkdaşlığın əhəmiyyətini qeyd edib, həmçinin Azərbaycanın zəngin yaradıcılıq irsindən, onun nümayəndələrinin yeni istedadlarının üzə çıxarılmasına və inkişaf etdirilməsinə yardım etməyə hazır olmasından danışıb.

“Hər dəfə Azərbaycanı beynəlxalq arenada təmsil edəndə qürur hissi keçirirəm! Zəngin tariximiz, mədəni və yaradıcı irsimiz haqqında danışmaq çox xoşdur. Bu miqyasda beynəlxalq yarışları qiymətləndirmək həmişə böyük məsuliyyətdir, ölkənizi təmsil edərkən bunu etmək isə ikiqat məsuliyyətdir.

Yeni mövsümdə İstanbulda adımı daşıyan beynəlxalq gimnastika və rəqs akademiyası açmaq, həmçinin Türkiyənin ən yaxşı bədii gimnastika məktəblərindən biri olan “Elita Gymnastik Sport Club” ilə əməkdaşlıq təklifi aldım. Burada mən bir çox quruluşlarımı, o cümlədən Qara Qarayev, Şövkət Ələkbərova, Arif Məlikov və sənətimizin digər korifeylərinin musiqisinə Azərbaycan quruluşlarını realizə edə bilmişəm. İndi gimnastika və rəqs sahəsində Azərbaycan və Türkiyə arasında bağlantı olduğum üçün şadam!”

Müsabiqənin təşkilatçıları münsiflər heyəti üzvlərinin yüksək peşəkarlığını qeyd edərək, onları “Təşəkkürnamə diplomları” və xatirə hədiyyələri ilə təltif ediblər.

Chosen
100
sia.az

1Sources