EN

Varlı ərini aldadıb yaraşıqlı oğlanla yaxınlıq edən kənd qızının şok əməli - Fəridənin hekayəsi

Kulis.az Fəridənin “Şəhər o üzündə qaldı gecənin” adlı yeni hekayəsini təqdim edir.

Hər qadın özüylə bir sirr aparır məzara... Mütləq!

Son günlər yamanca darıxırdı Firəngiz. Bütün yay uzunu yorğan-döşək töküb, yun yuyub, çırpıb, xalça-palaz təmizləmiş, qapı-pəncərə silmiş, mürəbbə bişirib banka bağlamış, evdar qadınlıq missiyasını uğurla yerinə yetirmişdi. Mövsümün elə yeri idi ki, nə külək imkan verirdi dənizə gedəsən, nə də evdə məşğul olub baş qatmağa bir iş qalmışdı. Mövsümlük meyə-tərəvəz də sovulmuşdu, qalırdı payızı – heyvanın, payızlıq lobya, xiyarın yetişməyini gözləmək. Tərslikdən İstanbulda yaşayan baldızı da xeyli vaxtdı ki, yayı keçirtmək üçün rayona atası evinə qayıtmışdı və sosial şəbəkələrdə ancaq qoyun-quzu, bör-böcək şəkli paylaşırdı. Həyatının on səkkiz ilini kənddə yaşamış bir insan kimi bunlar Firəngizə heç maraqlı gəlmirdi. Ən böyük əyləncələrindən biri baldızının İstanbuldan paylaşdığı şəkilləri yaxınlaşdırıb-uzaqlaşdırıb hər pikselini zərrə-zərrə incələmək, özünü gah boğaz körpüsündə, gah da kedilər küçəsində pişik yemləyərkən xəyal etmək idi. İstanbulu sevirdi. Ümumiyyətlə, bütün uzaq şəhərləri sevirdi. Amma heç vaxt içindən oralara getmək arzusu boylanmamışdı Firəngizin. Elə şəkillərə baxıb xəyallar qururdu sadəcə. Daim həyatdan şikayət edən baldızını ürəyində qınayır, fürsət tapan kimi şəkillərinə iynəli şərhlər yazmağa çalışırdı. Düşünürdü ki, həyat doğrudan da çox maraqlı yerdir, Biləcəridə eyvanda oturub, kartof soya-soya dənizlərin, okeanların, sərhədlərin o tayındakı baldızına asanlıqla söz ata bilirsənsə, həyatın çətinliyindən danışmaq sadəcə nadanlıqdır.

Bir-iki gün gündəlik işlərdən qalan asudə zamanını köhnə türk seriallarını təkrar izləməklə keçirdi. Amma tezliklə bu ona sıxıcı gəlməyə başladı. Tanış üzlər, tanış hadisə və hekayələr onu yorurdu. Yeknəsək kənd həyatını, uzaqlarda qalan insanları, xatirələri yadına salırdı. “Aşk-ı məmnu”-nun sonuncu seriyasını təkrar izləmək isə ona lap pis təsir etmişdi. Bihtərin sevgisi, sevgilisi üçün öz canına qəsdi, Bəhlulun qorxaqlığı, qəbiristan səhnəsi onu sarsıdırdı hər izləyəndə. Bir qadının bu cür sevmiş olması, bir kişinin bu qədər qorxaqlığı onu hiddətləndirirdi. Uzun müddət seriala baxmamağı qərara almışdı. Son günlər sosial şəbəkələrdə tez-tez rastına çıxan bir kitab onda maraq oyatmış və bu kitabı tapıb oxumaq fikrinə düşmüşdü.

Evdən çıxanda yayın günortası olmağına baxmayaraq hava boz idi. Şəhərin üzündən zəhrimar damırdı yenə. Tələsən insanlar, şütüyən maşınlar, hündür binalar, tək-tük ağaclarıyla bu şəhər onun üçün dünyanın ən gözəl şəhəri idi. Dayanacaqda avtobus gözləyərkən fikirli, əsəbi simalı insanlara baxıb Bakıya ilk gəldiyi günü xatırladı. O, bu şəhərə addım atdığı ilk gündən Bakını sevmişdi. Səs-küy, maşın siqnalları, külək, dəniz və zibil qoxusu ilə şəhər ona çox cazibəli gəlirdi. Dördüncü mərtəbədəki eyvanının açıq pəncərəsindən boylanmaq, küçələrdən ötüb keçən insanlara baxmaq, şəhərin izdihamına qarışıb milyonlardan birinə çevrilmək onun üçün əvəzedilməz idi. Kəndin palçıqlı yollarından, qara-qura arvadlarından, tütün və qoyun-quzu qoxusu verən kişilərindən uzaqda, heç kimin onu tanımadığı bu şəhərdə yaşamaq gözəl idi. Avtobusda, metroda, küçədə yanından ötən ətir qoxulu insanlar ona sevinc bəxş edirdi.

Geyim dükanlarını aşağı-yuxarı gəzib, rəngbərəng donlara, ətəklərə baxıb beynində “bunu hara geyəcəm” - sualına cavab tapmağa çalışırdı. Qısa ətəklər, uzun yarıqlı donlar dəbdə idi bu yay. Geyimdən, dəbdən o qədər də anlayışı olmadığı üçün daim sadə, birrəng və detalsız geyimlərə üstünlük verirdi. Hər dəfə də dizlərini örtən geyimlər alırdı. Hərdən Səlim yarızarafat, yarıciddi “mən sənin dizinin kündələrini hələ görməmişəm”- deyəndə utandığından qıpqırmızı olurdu Firəngiz.

Otuz yaşlarında, evdar xanım olan Firəngiz universiteti bitirən kimi qonşularının Bakıda yaşayan oğlu ilə nişanlanmışdı. Əslində, uşaq vaxtdan bəri Səlimi sevirdi Firəngiz. Özündən üç yaş böyük hündür, enlikürək, qarabəniz olan bu oğlana hələ uşaqlıq illərindən içində qəribə bir hiss bəsləmişdi. Səlim orta məktəbin yeddinci sinfindən sonra Bakıya təmayüllü məktəblərin birində oxumağa getmiş, balaca Firəngizin qəlbinə beləcə ilk sevgisinin, ilk ayrılığının toxumları səpilmişdi. Bayramdan-bayrama, tətildən-tətilə Səlim kəndə qayıtdıqca Firəngiz içində minbir həyəcan, sevinclə yollara boylanır, həyət-bacaya sığmır, tez-tez Səlimin kiçik bacısı Lalə ilə söhbətləşmək bəhanəsi ilə onların həyətinə cumurdu. Səlim isə sanki bunu hiss edirmiş kimi qızı hər görəndə mehriban təbəssümlə gülümsəyir və sol gözünü qırpırdı. Firəngiz utansa da bu, onun xoşuna gəlirdi. Lalə də Firəngizin sevgisindən hali idi və hər dəfə “səninki gəlib”, “səninki getdi” kimi atmacalarla onu utandırırdı.

Belə qaçdı-tutdu yaylarının birində Firəngiz yenə gizli sevgilisini görmək ümidi ilə qonşu həyətə adlamışdı. Qaş qaralan vaxt idi. Uzaqdan örüşdən qayıdan mal-qaranın səsi gəlir, itlər hürüşür, uşaq çığırtıları qadın hay-küyünə qarışırdı. Kəndin ən qaynar saatı məhz bu vaxtlar olurdu. Hərə öz dərdinə qalmışkən Firəngiz fürsətdən istifadə edib qonşuya sevgilisini görməyə keçmişdi. Bir-iki ağız “Lalə”-deyə səslənsə də səsinə hay verən olmamışdı. Əslində, Laləni səsləməklə səsini Səlimə eşitdirməyə çalışırdı. Gözucu pəncərəyə tərəf baxdı. Deyəsən, evdə heç kim yox idi. Qəfildən kimsə arxadan Firəngizi qucub, həyətdə qalaqlanmış tənək çöplərinin arxasına çəkdi. Bu o qədər ani baş verdi ki, nə olduğunu anlamayan Firəngiz qışqırmağa macal tapmadı. Çevrilib baxanda gözlərinə inanmadı. Onu qucan Səlim idi. Qız həyəcandan, qorxudan dilini udmuşdu sanki. İri gözlərini bərəldib təəccüblə oğlana baxdı. Səlim burnunu qızın burnuna dayayıb, düz gözlərinin içinə baxaraq “qorxma, alacam səni mən“ – dedi və burnuna balaca bir öpüş qondurdu. Firəngiz tələsik dartınıb ondan ayrıldı, əliylə üzünə dağılan tellərini yana eləyib həyət qapısına doğru qaçdı...

Bu hadisə onların gizli əhd-peymanına döndü. Lalə nə baş verdiyini anlamadığı üçün daim onu bezdirir, suallar verirdi. Çünki gecə-gündüz onlarda bitən Firəngizin ayağı qəfildən həyətdən kəsilmişdi. Nə o yay, nə də ondan sonrakı yaylarda Səlim kənddə olan vaxtlar Firəngizi həyətdə, qapı-bacada görən olmadı.

Məktəbi bitirib universitetə qəbul olandan bir neçə gün sonra Səlimin anası başında bir dəstə qadınla Firəngizgilə gəlib, qızın “hə”-sini alıb, barmağına üzük keçirdi. Beləcə, tələbəlik həyatına addım atmazdan əvvəl Firəngiz Səlimlə nişanlandı.

Səlim Bakıda işləyirdi. Hansısa özəl şirkətlərin birində ingilis dili tərcüməçisi idi. Firəngiz universiteti bitirən kimi toy edib Bakıya köçmüşdülər və onun bu böyük, səs-küylü şəhərlə tanışlığı başlamışdı.

Paltar dükanından əliboş ayrılıb, üzbəüz səkini keçərək addımladı. Kitab mağazası hardasa buralarda olmalı idi. Yolun kənarında zibil qutusunun yanında balaca bir pişik mavrısı cılız səslə, eşidilməyəcək qədər astadan miyoldayırdı. Ehtiyatla pişik balasına yaxınlaşıb çantasından balaca birdəfəlik pişik yeməklərindən birini çıxardıb pişiyi yemlədi. Mavrı tələsik, mırıldaya-mırıldaya yeyirdi. Firəngiz məmnun-məmnun gülümsəyərək yoluna davam etdi.

Pişikləri uşaqlıqdan sevirdi. On iki-on üç yaşlarında nənəsi ilə meşəyə böyürtkən yığmağa gedəndə kolların ortasında ağlayırmışcasına miyoldayan bir pişik balası tapmışdılar. Nənəsi mavrını sinəsində - donun yaxası ilə köynəyinin arasında gizlədib, bütün meşəni dolandırmışdı. Evə qayıdan kimi keçi südü, toyuq budu - əlinə düşəni o balaca, cılız, sısqa pişik balasına yedirtmişdi Firəngiz. Bir-iki həftəyə pişik yumrulanıb gözəlləşmiş, Firəngizin sevimli oyuncağına çevrilmişdi. Pişik balası dümağ idi, quyruğunun üstündə isə yumru qara xal vardı. Buna görə də adını “xallı” qoymuşdular. Bir-iki aydan sonra bir gecə itlər bu xallı pişiyi boğub, quyruğunu da qopartmışdılar və bir gün axşama qədər zarıyan pişik balası ölmüşdü. Bu hadisə Firəngizə o qədər pis təsir etmişdi ki, o vaxtdan sonra uzun müddət pişiklərdən uzaq gəzmiş, sanki bütün pişiklərdən küsmüşdü. İtlərə isə xüsusi nifrət edirdi. Amma illər sonra Bakıya köçəndə bu şəhər kimi sevmişdi küçələrində dolanan azadə, sərgərdan pişikləri də. Həmişə çantasında pay gəzdirirdi onlara.

Kitab dükanının qapısından içəri girəndə burnuna gözəl rayihə doldu. Gözlərini yumub qoxunu içinə çəkdi. Son dəfə yəqin ki, universitetin kitabxanasında dadmışdı bu qoxunu. Darısqal rəflərin arasında gəzişərək əlvan cildli kitabları bir-bir götürüb baxır, bəzilərinin üz qapağına, bəzilərinin adına, bəzilərinin səhifə sayına heyrətlənirdi. Ən son nə vaxt bədii kitab oxuduğunu xatırlamırdı. “Qürur və qərəz” – üz qapağındakı şəkil tanış gəlir, deyəsən bunun filminə baxmışdı. “Tənhalığın yüz ili” –“tənhalıq deyir, bu sıxıcı olmalıdır”. “Aklından bir sayı tut”- “aha, bu deyəsən nəsə maraqlı şeyə oxşayır”- deyə düşünərək kitabı sağa-sola vərəqlədi.

- Vaxt itkisidir xanım, ondansa alın bunu oxuyun, - səsə çevrildi.

Qarşısında dayanan balacaboy, dolu bədənli, topasaqqal kişi əlindəki ağ-qara-qırmızı çalarlı kitabı ona uzatmışdı – “On bir dəqiqə” – oxumağınız məsləhətdir.

- Nədən bəhs edir? - Firəngiz qeyri-ixtiyari soruşdu.

Havada uzana qalmış əlindəki kitabı rəfə tolazlayan kişi “seks, orqazm, fəlsəfə, qadınlar, nədən istəsən“ - deyərək saymazyana əda ilə qapıya tərəf addımladı.

- Tərbiyəsiz! – Firəngiz hikkə ilə onun ardınca bağırdı. Pərt halda duruxub qalmışdı. Fikrini cəmləyib əlini uzatdı və rəfdəki kitablardan birini götürüb kassaya yaxınlaşdı.

- Deyəsən, tanımadınız, - kitabı paketə yerləşdirən satıcı xanım gülümsədi.

- Kimi?

- Əfran bəyi. Əfran Özgür. Müasir ədəbiyyatımızın əvəzolunmaz imzalarındandır. On iki romanı var.

- Tanımıram, - Firəngiz paketi götürüb mağazadan küçəyə çıxdı. Hava boz idi hələ də. Deyəsən, yağış yağacaqdı.

“Dinlerin kökeni – totem ve tabu” – Ziqmund Freud. Paketdən çıxartdığı kitaba bir xeyli baxdı, kitabın və müəllifin adını bir neçə dəfə təkrar-təkrar oxusa da bu ona heç bir şey demədi. Vərəqləyib oxumağa çalışdı. Alınmırdı. Türk dilində olmasına baxmayaraq demək olar ki, oxuduğu heç bir ifadəni, cümləni başa düşə bilmirdi. “İnsan”, “dünya”, “din” kimi sözlərə rast gələndə sevinirdi. Seriallardakı türk dilindən tamam fərqli, çox çətin bir dildə idi bu kitab. “Görəsən, başqa türk dili də var?”- qeyri-iradi öz-özünə sual verdi.

Qapının zəngi çalındı. Səlim gəlmişdi. Tələsik kitabı mətbəx dolabının siyirtməsində gizlədib qapıya yaxınlaşdı.

Növbəti serialsız, boş-bekar, sıradan yay günlərində dəfələrlə cəhd etməsinə baxmayaraq kitabı on ikinci səhifədən o yana oxuya bilmirdi. Üstəlik, heç oxuduğu səhifələrdə söhbətin nədən getdiyini anlamırdı. “Deyəsən kitab dindən danışır amma dindarlar üçün deyil” - özlüyündə belə bir gülünc qənaətə gəlmişdi. Üstəlik, kitabı gizlətmək də bir dərd olmuşdu. Hara qoysa elə bilirdi bu saat Səlimin əlinə keçəcək. Niyəsə ona elə gəlirdi ki, Səlim bu kitabı görsə onu ələ salacaq. Əslində, Səlim heç vaxt onun xətrinə dəyəcək nə bir söz demiş, nə bir hərəkət etmişdi. “Gözün üstdə qaşın var” deyən olmamışdı ona. Əlini isti sudan soyuq suya salmamış, nə ata evində, nə ər evində heç bir çətinlik, qayğı çəkməmişdi. Hər istəyi, arzusu ayaqlarının altına sərilmişdi. Ard-arda iki körpəsinə hamilə ikən itirdikdən sonra Səlim ona qarşı xüsusi ehtiyatla, sevgiylə yanaşır, balaca qızcığaz kimi nazı ilə oynayır, sevgi dolu nəvazişlərə, xırda öpüşlərə qərq edirdi. İkinci uşağı itirdikdən sonra bir daha uşaq söhbətini dilinə dolamayan Səlim Firəngiz üçün ən doğma, ən yaxşı insana çevrilmişdi bu dünyada. Amma Firəngiz başqasını sevirdi daha... Hər baxdığı romantik türk serialında baş rol ifaçısına aşiq olan Firəngiz, bundan həm narahat, həm də xoşhal olurdu. Xəyalında Can Yamanla, Mert Aslan oğluyla sevgili olduğunu düşünür, özünü seriallardakı qızların yerində təsəvvür edərək sevir, küsür, ayrılır eşq yaşayırdı. Hər yeni seriala yeni bir eşq macərası kimi başlayırdı. İnternetdə saatlarla aktyorların şəkillərinə baxır, “like” edir, hamısına da sevgi mesajı yazaraq eşqini elan edirdi. Qarşılıq gözləmədən, haçansa mesajlarına cavab verilməsini ümid etmədən, sevirdi onları. Hərdən buna görə özünü xəyanətkar da hiss edirdi. Səlimi çox istəyirdi. Amma ürəyinin dərinliklərində bir Firəngiz vardı ki, o Firəngiz Can Yamanla sevgili olmaq, Can Yamanla öpüşmək, Can Yamanla yatmaq, Can Yamandan ayrılmaq üçün sino gedirdi...

“Gərək o topasaqqalın dediyi kitabı alaydım”- deyə düşünürdü Firəngiz – “adı necə idi? Əfqan hə, Əfqan Özgür. Ada bax da”.

Feysbukda adı axtarışa verdi. Əfran Özgür. Aha, bu bu idi, Əfqan yox, Əfran. Bəli, satıcı qız belə demişdi.

Profil şəklində topasaqqal kişi iri ağzı ilə irişirdi. “Necə iyrənc siması var ”- deyə düşündü. Onun profilində xeyli gəzib, statuslarına, paylaşımlarına baxdı. Şeirlər, yazılar, şəkillər. Statuslardan birinin şərhlərində “qardaş, yorulmadın? İmkan ver bizə də nəsə qalsın” - deyə bir şərh fikrini çəkdi. Profilə daxil oldu. “Ayaz Durna” .

“Bunların adları görəsən niyə belədir” - deyə düşünə-düşünə Durnanın profilini saf-çürük etməyə başladı. Yaraşıqlı oğlan idi. Uzağı 35 yaşı olardı. Hündür oğlana oxşayırdı. Çünki topasaqqalla birgə çəkilmiş şəklində topasaqqal Durnanın yanında çox tösmərək görünürdü. Nazik, uzun sifəti, bir qədər uzun saçları ilə bu oğlan türk seriallarından çıxmış qəhrəmanlara bənzəyirdi. Statusları da maraqlı idi, bir az yumoristik, bir az romantik, hərdən də söyüşcül.

Firəngizin oğlandan xoşu gəldi. Dostluq istəyi göndərib həyəcanla gözləməyə başladı. Təxminən on dəqiqə sonra bildiriş gəldi. Durna dostluq istəyini qəbul etmişdi. Bir qədər tərəddüddən sonra Firəngiz ona mesaj yazmağı qərara aldı. “Salam”.

- Salam. – az sonra cavab mesajı gəlmişdi artıq.

Salam o salam. O salamdan sonra Firəngizin yuxusuz gecələri, fikirli gündüzləri başladı. Telefon ən sevimli məşğuliyyətinə çevrilmişdi. Nə mətbəxdə qalaqlanmış yuyulası qab-qacaq vecinə idi, nə otaqların künc-bucağında məskən salıb, tor qurmuş hörümçəklər. Mürəbbəqablarına daraşan qarışqalara da məhəl qoymurdu heç. Gecə-gündüz həyəcanla, sevinclə mesajlaşmaqda idi Durna ilə.

Evləndikləri vaxtdan bəri ilk dəfə telefonunu kilidə qoymuşdu. Səlimdən gizlətməyə çalışırdı telefonu. Əri evdən çıxan kimi tələsik telefon əlində divana uzanır, saatlarla yazışır, danışır, Səlim gələnə yaxın isə tələsik ev-eşiyi səliqəyə salır, yüngülvari axşam yeməyi hazırlayırdı. Ondakı bu dəyişiklik Səlimin gözündən yayınmamışdı. Hərdənbir “deyəsən, özünə təzə sevgili tapmısan”- deyib göz vuranda Firəngiz hönkürüb ağlayır, Səlim isə onu köksünə sıxıb “zarafat edirəm, ay qız, niyə ağlayırsan” - deyə saçlarından öpürdü. Belə anlarda Firəngiz özünə nifrət edir, Səlimə xəyanət etdiyini düşündüyü üçün əzab çəkirdi. Amma yeni bir mesaj onun fikrini dağıdır və sirli, gizli dünyasına, xəyanətkar xislətinə geri qaytarırdı.

Əvvəllər Durna ilə kitabdan, filmlərdən, musiqidən, dünyadan danışırdılar. Getdikcə söhbətlər məcrasını dəyişib şəxsi münasibətlər səviyyəsinə çatmışdı. Durna ona onlarla kitabdan, müəllifdən, başqa filmlərdən, tanımadığı musiqilərdən danışırdı. Ona Səlimin heç vaxt söyləmədiyi qədər açıq-saçıq sözlərlə xitab edirdi. Əvvəllər “sevgilim”, “mələyim”, “kəpənəyim” tərzində olan bu sözlər getdikcə “qancığım”, “fahişəm”-ə çevrilirdi. İndi hər gün yatmazdan əvvəl Fira (Durna ona bu cür xitab edirdi) sinəsinin, göbəyinin, açıq baldırlarının şəklini göndərirdi sevgilisinə. Özü də bunu qəribə bir itaətlə, sorğu-sualsız, utanmadan edirdi. Hətta bu onun çox xoşuna gəlirdi. Durna dəfələrlə görüşməyi təklif etsə də, Firəngiz hələ ki buna razı olmurdu. Qəribəsi odur ki, bunu o özü bəlkə də Durnadan da çox arzulayırdı, sadəcə özündə cəsarət tapa bilmirdi.

Payız gəlmişdi. Şəhər sarı-qızılı yarpaqlarını soyunub selləmə yağışların altında çimir, gecələr yağış gölməçələrində bərq vuran ay işığı bu əsrarəngiz şəhərə daha bir gözəllik qatırdı. Əslində şəhər də, küçələr də, pişiklər də vecinə deyildi daha Firəngizin. Hətta həsrətlə başlamağını gözlədiyi seriallara da marağı qalmamışdı daha. Səlimin keçən həftə aldığı iri, sapsarı heyvalar da dolabda gözləyirdilər. Firəngiz usanmadan, yorulmadan gecə-gündüz kitab oxuyur, filmə baxır, sevgilisi ilə danışırdı. Özünü tanıya bilmirdi. Cəmi iki-üç ayın içində ömür boyu oxumadığı qədər bədii ədəbiyyat oxumuşdu. Tarkovskini tanıyırdı. Freydin kim olduğunu bilirdi artıq. Bethovenin simfoniyalarından zövq alırdı. Postmodern şeirin nə olduğu haqda məlumatı vardı. “İkinci yeni” ən sevdiyi şeirlər idi.

Bu yazışma, danışma münasibətlərindən sıxıldığını deyən sevgilisi israrla onu görüşə çağırırdı. Firəngiz özü də onu görmək, ona toxunmaq, onunla yanaşı addımlamaq arzusu ilə yanırdı. Amma tərəddüd edirdi. Səlimə yalan demək ona ağır gəlirdi. Amma bunu edəcəkdi.

Nəhayət, bir cümə gününə vaxt təyin edib şəhərdə görüşməyi qərara aldılar. Firəngiz həyəcandan o gecəni yata bilmədi. Onunla nə baş verdiyini doğru-dürüst anlamırdı. Yanında uzanıb yatan Səlim axı onun üçün uşaqlığından, gəncliyindən bəri daim sevgili olmuşdu, illərlə qəlbində sevgisini, barmağında üzüyünü, aylarla qarnında uşağını gəzdirdiyi bu kişiyə xəyanət etməyə haqqı yox idi axı. Amma Durna... o fərqlidir. O, sevgilidir indi. Arzulanandır. Sirlidir. Uzaqdır... Yaxındır... Yataq sim kimi bədəninə batırdı sanki Firəngizin.

Səlim işə gedən kimi Firəngiz tələsik hazırlaşmağa başladı. Ötən həftə aldığı qısa ətəyi və heç vaxt geymədiyi qədər dar köynəyi əyninə taxıb bədənnüma aynada özünə baxdı. Güzgüdən dar, qısa paltarların içində yad bir qadın boylanırdı sanki. Saçlarını səliqə ilə boynunun arxasında yığıb, makyaj eləməyə başladı.

Saat on ikidə dənizkənarı bulvarda görüşəcəkdilər. Bir saat əvvəldən evdən çıxmışdı. Dayanacağın arxasında zibil qutularının yanındakı pişikləri görəndə pişik yeməyi almadığını xatırladı.

Avtobusda yer versələr də oturmaq istəmədi. İlk dəfə geyindiyi bu dar və qısa paltarın içində özünü narahat hiss edirdi. Sanki hamı ona baxırdı. Çantasını çiynindən endirib çılpaq dizlərinin üstünə tutdu. Dikdaban ayaqqabıda yerimək də çətin idi.

Adamların arası ilə gizlənə-gizlənə, xoflana-xoflana, cinayətkar təlaşı ilə addımlayırdı. İlk dəfə idi ki, o sevimli şəhərində qorxa-qorxa, tanınmaqdan çəkinə-çəkinə yeriyirdi. İlk dəfə idi ki, bu şəhər ona qorxulu, təhlükəli, ögey gəlirdi. İçində qəribə fikirlər və duyğular bir-birinə dolanmışdı. Bir yandan geri qayıtmaq, əynindəki geyimləri cırıb atmaq, Səlimi qucub hönkürmək istəyirdi, o biri yanı isə gizli sevgilinin görüşünə can atırdı. Canı ilə boğuşa-boğuşa görüş yerinə çatmışdı.

Ayaz Durna şəkillərində göründüyündən daha yaraşıqlı idi. Firəngizi görən kimi belindən qucub havaya qaldırdı. Ətrafa, insanlara məhəl qoymadan Firəngizin dodaqlarından öpüb “gözəlim”- deyə pıçıldadı qulağına. Firəngiz utandığından qıpqırmızı olmuşdu. Qeyri-iradi Səlimin o yay onu qucub, çöp tayasının arxasında burnundan öpdüyünü xatırladı.

Yanaşı addımlayırdılar. Ayaz Firəngizin əlindən tutmuşdu. Dayanmadan danışırdı. Firəngiz qorxa-qorxa ətrafa baxır, hər an kiminsə onları görəcəyindən ehtiyat edirdi. Ayazın isə dünya vecinə deyildi. Arabir Firəngizi özünə tərəf çəkir, saçlarından, yanaqlarından dodaqlarından öpürdü.

- Niyə susursan? Mesajlarda, telefonda dil-dil ötən sən deyildin? Noolub, ay qız, utanırsan məndən? Nə yeməli dizlərin var, mən ölüm.

Firəngiz bütün suallara sadəcə gülümsəməyə çalışırdı.

- Bu nə geyimdir özü də, mən səni qısqanıram. Belə gözəl əndamı açıb bayırda qoymağa qorxmursan sən? Özün də klassik Azərbaycan qadınları kimi köynəyin rəngdə qələm sürtmüsən gözünə.

- Mən onsuz da klassik Azərbaycan qadınıyam elə - Firəngiz nəhayət ki, ağzını açdı.

- Xeyr, xeyr, canım, sən klassik fahişəsən! Mənim fahişəm! Ərini aldadıb sevgilisi ilə görüşə gələn qancıqsan – Ayaz gülə-gülə danışırdı - sən...

- Eee...bəsdir, kəs səsini! - Firəngiz dartınıb ondan aralandı.

- Nooldu, xətrinə dəydi? Zarafat edirəm, gözəlim, - Ayaz əlini atıb onun sağ döşünü yavaşça sıxdı

Firəngiz qəfildən çantasını onun başına endirib ardınca da dikdabanın üstündə səndələyə-səndələyə qaçmağa başladı. Bir neçə saniyə yerində donub qalan Ayaz onun ardınca yüyürdü:

- Fira, əzizim, sevgilim, dayan, kəpənəyim, bağışla, mən sadəcə...

- Kəs səsini! - Firəngiz ağlayırdı, – haqlısan, mən sadəcə fahişəyəm.

- Əzizim, sakit ol, xahiş edirəm, adamlar bizə baxır, – Ayaz titrək səslə dilləndi.

Bulvarı yanaşı addımladılar. Heç biri ağzını açıb bir kəlmə söz deməyə cəsarət etmirdi. Metroya düşdülər. Firəngizin üzüylə göz yaşı süzülürdü hələ də. Ayaz isə dilxor görünürdü. Qatarda da bir kəlmə kəsmədən yol getdilər. Bir neçə stansiya sonra Ayaz sakitcə vaqondan enib izdihamın arasında gözdən itdi. Firəngiz çantası ilə dizlərini gizlətməyə çalışırdı yenə.

Bütün payız boyu kitab oxuyub, filmə baxır, araşdırmalar edir, dəblə, moda ilə maraqlanır, xarici mətbəxə maraq göstərirdi Firəngiz. Tək dərdi çəkdiyi qiymə ilə qaynatdığı kələm yarpaqlarını bir-birinə dəng gətirə bilmək olan bu qadın indi italyan mətbəxi, avropa mətbəxi, dəniz məhsulları ilə maraqlanır, cürbəcür şirniyyatlar bişirirdi. Boş vaxtlarını heyvanlar aləmi, tibb, kosmos, insan haqları ilə əlaqəli kitablar oxumağa sərf edirdi.

O gündən sonra bir daha Durna ilə yazışıb, danışmamışdı. Heç profilinə də baxmırdı. Sanki elə bir insanı tanımırmış kimi həyatına davam edirdi. Düzü, o gündən sonra Durna da ona qarşı eyni sükutla susurdu. Daha türk serialları da maraqlı gəlmirdi Firəngizə. Ondakı bu dəyişiklik Səlimə müsbət təsir etmişdi. Tez-tez arvadını bahalı restoranlara, kino-teatra, kitab dükanlarına aparırdı. Səhərlər günəşin doğuşunu izləmək üçün dəniz sahilinə də getmişdilər. Demək olar hər həftə ətir, şokolad, brend çantalar hədiyyə edirdi əri Firəngizə. Özəl günlərdə rəngarəng gül buketləri göndərirdi evə. Firəngiz isə başa düşürdü ki, özündən yeni bir qadın yaradıb və bu qadın daha nə Səlimi, nə Durnanı, nə Can Yamanı – heç kimi sevmir. Ya da, bu qadın daha özünü sevir... bütün bunlardan xəbərsizcə, hər gün daha böyük bir sevgiylə, qayğıyla ona yanaşan ərinin qarşısında sadəcə əziyyət çəkirdi.

Gecə saat üçü keçirdi. Səlim çoxdan yuxulamışdı. Firəngiz yatağın bir küncünə qısılıb uzanmışdı. Özünü pis hiss edirdi yenə. Yuxusu gəlirdi, amma yata bilmirdi. Yatağa çörək qırıntıları dağılmışdı sanki. İncidirdi onu. Bu gecənin altında, yer üzündə, bu doğma şəhərdə kimsəsizdi, heç kim yox idi sanki. Nə Səlim vardı daha, nə Ayaz, nə Can Yaman, nə Bəhlul. Heç Bihtərlər də yox idi. Gecə əbədi bir qaranlığa, zülmətə qərq olmuşdu sanki. Deyəsən, şəhər də yox idi daha. Şəhər o üzündə qalmışdı gecənin...

Chosen
62
19
show.az

10Sources