EN

Tramp İsraillə İranı Barışdıra Biləcək? ANALİTİKA

ABŞ və Avropanın liberal dairələrində Donald Trampın parlaq qələbəsi şok effekti yaratdı, lakin Yaxın Şərqin bir çox ölkəsində onun geri dönüşü müharibələrin tezliklə bitəcəyinə, iqtisadiyyatın bərpa olunacağına və sabitliyin yenidən təmin olunacağına dair ümid yaratdı.

Prezident seçkilərində qələbə qazanmazdan əvvəl Respublikaçılar Partiyasının namizədi Qəzzadakı müharibəni dayandırmaq vədi vermişdi. O, 101 girovu geri qaytaracağına, Livandakı hərbi əməliyyatları dayandıracağına və İranla onun müttəfiqlərinin region üçün təhlükə təşkil etməyəcəyinə zəmanət verəcəyinə and içmişdi. Ağ Evə qayıtdanda, ondan bu ümidləri doğrultması tələb olunacaq.

Sülh düşərgəsinin genişlənməsi

Bu, məsələ o qədər də asan olmayacaq. Yaxın Şərq və Fars körfəzinin geosiyasəti üzrə ixtisaslaşmış Bəhreynli siyasi analitik Abdullah əl-Cüneyd hesab edir ki, Tramp İsraili hərbi əməliyyatları dayandırmağa razı salmaq üçün Yerusəlimlə bağlı bəzi nüansları nəzərə almalı olacaq.

" Netanyahu, Qəzza və Livandakı müharibələrin dayandırılmasına razı olmağın əvəzində Trampdan çox şey gözləyəcək. Bu “qiymətə” Qərb Sahilinin anneksiyasına qayıdış və  Qəzza və Livanda İsrailin təhlükəsizliyi ilə bağlı tədbirlərin təmin edilməsi daxil ola bilər," o deyir.

2020-ci ildə, prezidentliyinin ilk müddətində, Tramp uzunmüddətli İsrail-Fələstin münaqişəsinin həllinə yönəlmiş "Əsrin Müqaviləsi" adlandırılan sülh planını təklif etmişdi.

Bu təşəbbüsə görə  fələstinlilərə Qüds istisna olmaqla müstəqil dövlət verilməli idi ki, nu səbəbdən fələstinlilər və İsrailin bəzi mühafizəkar dairələri tərəfindən rədd edilmişdi. Çünki bu ehtimalda fələstinlilər iqtisadiyyatları üçün vacib olan İordaniya vadisinə, eləcə də bəzi əsas şəhər və qəsəbələrə çıxış imkanı əldə etməyəcəkdilər.

Plan Trampın 2021-ci ildə vəzifəsini tərk etməsi ilə həyata keçirilmədi. Lakin onun yenidən hakimiyyətə qayıdışı ilə bu plan yenidən gündəmə gələ bilər. Müzakirəyə yenidən çıxarıla biləcək digər bir təşəbbüs isə "sülh düşərgəsi"nin genişləndirilməsi və ilk növbədə Səudiyyə Ərəbistanı olmaqla İsrail və ərəb ölkələri arasında diplomatik münasibətlərin qurulmasıdır.

Bayden administrasiyası bu sahədə hansısa əhəmiyyətli nəticə əldə edə bilməyib, lakin Trampın hakimiyyətə qayıdışı ilə Netanyahunun vəziyyətin dəyişəcəyinə dair ümidləri var.

Əl-Cuneyd deyir ki, bu, böyük bir problem yaradacaq.
"İndiki vəziyyətdə İsrail, Səudiyyə Ərəbistanının iki dövlət həlli ilə bağlı ən fundamental tələblərini yerinə yetirməyə hazır deyil, və Tramp Netanyahunu və ya digər İsrailin hər hansı  baş nazirini müqavilə bağlamağa məcbur edə bilməz. Bu, prinsiplərin razılaşdırıla bilməyəcəyi mənasına gəlmir, amma bunun baş verməsi üçün regional sabitliyə ilk növbədə regional məsələ kimi baxmaq lazımdır və buna belə yanaşılmadığı müddətdə heç bir nəticə əldə oluna bilməz."

Tehran Universitetinin professoru və siyasi analitik Məhəmməd Marandi isə sülh düşərgəsinin digər ərəb və müsəlman ölkələrə genişləndirilməsinin çətin olacağı barədə proqnozla razıdır.

İsrail ilə əlaqələri olanlar da daxil olmaqla, 16 ərəb ölkəsində aparılmış son sorğuya görə, yəhudi dövlətinin populyarlığı Qəzza sektorundakı aqressiyası nəticəsində ciddi zərər görüb. Marandi deyir ki, bu tendensiya Livandakı müharibə və İsrail Müdafiə Ordusunun Qərb Sahilindəki hərəkətləri səbəbindən daha da güclənib.

 "Səudiyyə Ərəbistanı və bölgədəki digər ölkələr, məsələn, Türkiyə, İordaniya, Misir və Əmirliklər, öz xalqı və bütün bölgə xalqı tərəfindən kəskin tənqidə məruz qalır, çünki onları ya fələstinlilərə və livanlılara qarşı laqeyd, ya da İsrail rejimi ilə əməkdaşlıq edən kimi qəbul edirlər", - deyə Marandi iddia edir.

"Səudiyyə Ərəbistanı, bəlkə də, İsrailin Livandakı genosid hücumlarına və Qəzza sektorunda baş verən Holokosta göz yummalıdır. Ancaq o, İsrail rejiminə daha çox meyl etdikcə, ölkədaxili təhlükələr də artır. Buna görə də düşünürəm ki, bu məsələ Tramp üçün əsas problem olacaq. Qəzza sektorunda, Livanda və Qərb Sahilində davam edən vəhşiliklər olduğu müddətdə o, bu ölkələri israilliləri dəstəkləmək üçün səfərbər edə bilməyəcək."

Təhlükəsizlik problemləri

 Benyamin Netanyahu israr edir ki, ölkəsi müharibəni bütün hədəflərə nail olunana qədər dayandırmayacaq. Bu hədəflərə əsirlərin və İsrailin şimalındakı köçkün sakinlərin geri qaytarılması, eləcə də Qəzza və Hizbullahın İsrailin təhlükəsizliyi üçün təhdid yaratmamasının təmin edilməsi daxildir. İsrailin nöqteyi-nəzərindən Bayden administrasiyası bu problemlərin həllində demək olar ki, heç bir rol oynamayıb.

Cənubda demokratlar İsrailin Rəfah bölgəsinə daxil olma ideyasına qarşı çıxıblar; bu bölgə HƏMAS döyüşçülərinin dayaq nöqtəsinə çevrilib. Onlar həmçinin İsrailin Rəfah nəzarət-buraxılış məntəqəsi və Fələstin koridoruna nəzarət etməsi ideyasını rədd ediblər. İsrailin iddialarına görə, radikal fələstin qrupları bu koridor vasitəsilə silah, pul və döyüşçüləri qaçaqmalçılıqla keçirirlər.

Bayden administrasiyası Şimalda  da ciddi uğur qazana bilməyib. İsrailin nöqteyi-nəzərindən Baydenin xüsusi nümayəndəsi Amus Hoxşteyn tərəflər arasında vasitəçilik işinə cavabdeh olsa da, Hizbullahı Litani çayının şimalına geri çəkilməyə məcbur edə bilməyib. Trampın hakimiyyətə gəlməsi ilə Netanyahu bu reallığın dəyişdirilməsini tələb edəcək. O, İsrailin əsas rəqibi olan Hizbullahın silahsızlaşdırılmasını, bufer zonasının yaradılmasını tələb edəcək və Vaşinqtona İrana qarşı daha sərt mövqe tutmaq üçün təzyiq göstərəcək.Çünki  baş nazir bölgədəki qeyri-sabitliyə görə İranı günahlandırır.

Qlobal güclər və İran arasında nüvə danışıqlarında iştirak etmiş Məhəmməd Marandi illər boyu ABŞ rəsmiləri ilə əlaqə saxlayıb və o, seçilmiş prezidentin bu təzyiqə boyun əyəcəyini ehtimal edir.

Tramp hakimiyyətdə olduğu ilk dörd il ərzində İrana qarşı "qırğı" yanaşmasına sadiq qaldı. O, İran İslam Respublikasına və ondan neft almağa cəsarət edənlərə qarşı sanksiyalar tətbiq etdi, ölkənin yüksək rütbəli komandirlərindən biri olan Qasım Süleymaninin öldürülməsini təşkil etdi və Tehran nüvə proqramının monitorinqi müqabilində sanksiyaların yüngülləşdirilməsi məqsədi ilə İran və dünya gücləri arasında bağlanmış Birgə Hərtərəfli Fəaliyyət Planı qapısını bağladı.

Yenidən bu yanaşmanı seçmək ehtimalı yüksəkdir, lakin Marandi xəbərdarlıq edir ki, bu, region və dünya üçün problemlərə səbəb ola bilər.

"Amerika prezidenti vəzifəsində uğur qazanmaq və ölkədəki iqtisadi çətinliklərə son qoymaq üçün Tramp, bəlkə də, Rusiya və İranla gərginliyi azaltmalıdır", - deyə o bildirir.

"Əgər bunu etməsə, münaqişə bölgəyə yayıla və ABŞ-ı müdaxilə etməyə məcbur edə bilər. Əgər bu baş verərsə, Fars körfəzindən neft və qaz tədarükü dayana bilər və bu da öz növbəsində nəticələri onilliklər boyu hiss olunacaq qlobal iqtisadi böhrana səbəb ola bilər, Milyonlarla qaçqın ABŞ-a və Avropaya üz tutacaq. Heç kim bu təsirlərdən uzaq qalmayacaq, lakin belə vəziyyətdə məğlub olan tərəf bütün ehtimallarda Qərb olacaq", - deyə Marandi deyib.

Əl-Cüneyd nəticələrin dəhşətli ola biləcəyi ilə razıdır , lakin bu dəfə Vaşinqtonun İrana qarşı daha "balanslı" yanaşma seçəcəyini düşünür. Buna səbəb isə qismən Tehranın Rusiya-Ukrayna münaqişəsinin həllində Vaşinqtona lazım olacağı, qismən də Trampın xarici siyasət məqsədlərinin bölgənin hüdudlarından kənara çıxmasıdır.

"Trampın xarici siyasət çağırışları Yaxın Şərqdə sülhlə və ya Avraam sazişlərinin [2020-ci ildə İsrail, BƏƏ və Bəhreyn arasında imzalanmış - red.] daha 20 ölkəyə genişləndirilməsi ilə məhdudlaşmayacaq. Tramp bütün müharibələrə son qoymağa, yenilərini başlatmamağa söz verib və onun əsas baş ağrısı Ukrayna münaqişəsinin başa çatdırılması olacaq."

Lakin Marandi "balans" ideyasına skeptik yanaşır.

" Vaşinqton rasional davransaydı, belə bir ssenari mümkün olardı. Problem ondadır ki, biz ABŞ-ın İrana və ya Rusiyaya münasibətdə bu cür hərəkət etdiyini görməmişik," - deyə Marandi bildirib.

Buna görə də, "Mən İrana qarşı balanslı yanaşma olacağına şübhə edirəm, çünki belə yanaşma münasibətlərin normallaşmasını, sanksiyaların dayandırılmasını və ABŞ-ın etnosuprematizm dəstəyinin dayandırılmasıyla mümkün olardı. Trampın buna cəsarət etməyinin ehtimalı demək olar ki, yoxdur”.

Müəllif: Elizabet Bleyd

Mənbə:RussiaToday

Azərbaycan dilinə tərcümə: Şahlar Ruhi

Chosen
54
ednews.net

1Sources