Gürcüstanın keçmiş lideri Mixail Saakaşvili ona qarşı başqa cinayət işləri açıldığı üçün indiki prezident Salome Zurabişvili tərəfindən əfv edilsə belə, həbsxanadan çıxa bilməyəcək...
Poliqon xəbər verir ki, bunu “İmedi” telekanalına müsahibəsində hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.
“Mən bildiyimə görə, Saakaşviliyə qarşı digər mühüm işlərə baxılır və prezidentin əfv olunması o baxımdan mənasını itirir ki, o, belə bir qərar versə belə, o, azadlığa çıxa bilməyəcək, çünki onunla bağlı digər cinayət işləri var”, deyə Kaladze bildirib.
Xatırladaq ki, hazırda Ukrayna vətəndaşı olan Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb, onlardan ikisinə görə qiyabi olaraq 3 və 6 il həbs cəzası alıb. 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib və saxlanılıb, bundan sonra o, sərhədi qanunsuz keçməkdə ittiham olunub. 2022-ci ilin mayında səhhəti pisləşdiyi üçün siyasətçi hələ də qaldığı Tbilisidəki özəl “Vivamed” klinikasına aparılıb.
Poliqon.info