Bakıda keçirilən tədbirlər zamanı mərkəzi yollarda nəqliyyat sıxlığının azaldılması məqsədilə sürücülərə alternativ yollardan istifadə edilməsi tövsiyə olunur. Avtosfer.az xəbər verir ki, belə yollardan biri də Mehdiabad-Pirşağı yoludur. Həmin yolun keyfiyyəti ilə bağlı bir neçə sürücü redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Onlar bildirirlər ki, yolboyu asfalt qatının çökməsi, dağılması halları baş verdiyi üçün təhlükə ilə üzləşirlər.
Qeydə alınan videodan da aydın şəkildə görünür ki, avtomobillər hərəkət zamanı yolda yaranmış çalalara davamlı şəkildə düşürlər. Eyni zamanda yol çiyninin bərbad şəkildə olması da piyadaların hərəkətinə çətinlik yaradır. Yağış yağan zaman həmin yolda vəziyyət daha da acınacaqlı olur.
Qeyd edək ki, mərkəzi yollar daim nəzarət altında olsa da, sürücülərə təklif olunan alternativ yollar diqqətdən kənarda qalıb. Ümid edirik ki, sürücülərin narazı qaldığı məsələ ilə bağlı tez bir zamanda ölçü götürüləcək və həmin yol təmir ediləcək.
Nərmin