EN

Nizami Səfərov: “Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaşdır”

COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq gündəliyin ən mühüm hadisəsidir. Prezident İlham Əliyevin noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi, “Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Nizami Səfərov söyləyib.

O qeyd edib ki, dövlətimiz 1995-ci il yanvarın 10-da BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını, 2000-ci il iyulun 17-də isə Konvensiyanın Kioto Protokolunu təsdiq edərək, qlobal miqyasda iqlim dəyişmələrinin mənfi təsirlərinin aradan qaldırılması istiqamətində həyata keçirilən beynəlxalq səylər prosesinin fəal iştirakçısına çevrilib. Azərbaycan tərəfindən milli səviyyədə aparılan fəaliyyət və beynəlxalq səylərə dəstək, xüsusilə karbon qazı tullantılarının azaldılması, aşağı karbonlu milli iqtisadiyyata keçidə zəmin yaratmaq məqsədilə ölkəmizin 2016-cı ildə Paris Sazişinə qoşulması dünya birliyi tərəfindən yüksək qiymətləndirilib. Bunun mühüm təsdiqi kimi Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlı namizədliyinə 200 ölkənin yekdil qərar verməsini qeyd etmək olar.

Beynəlxalq hüququn hamılıqla tanınan norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın otuz ilə yaxın müddətdən sonra suverenliyinin bərpa edilməsi və COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi qərar verilməsi fonunda bəzi Qərb dövlətləri və onların nəzarətində olan “müstəqil” qeyri-hökumət təşkilatları ölkəmizə qarşı qarayaxma kampaniyasında xüsusi “fəallıq” nümayiş etdirdiklərini vurğulayan deputat ölkəmiz əleyhinə olan bu fəaliyyətlərin nəticəsiz qaldığını diqqətə çatdırıb.

“Onlar Bakıdakı COP29-la bağlı ikili standartlar və selektiv yanaşma tətbiq etdilər. Lakin bütün bunlara rəğmən, 196 ölkədən olan 72 mindən çox iştirakçı ölkəmizə gəldi. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, COP29-a yüksək təşkilatçılıq və ölkəmizə maraq dövlətimiz, xalqımız əleyhinə olan bu fəaliyyətləri köklü şəkildə iflasa uğratdı. Bu, ölkəmizin apardığı uğurlu xarici və daxili siyasətin bariz göstəricisidir”, – deyə N.Səfərov əlavə edib.

Chosen
10
xalq.az

1Sources