EN

Eltun Süleymanov : "Kiçik ada dövlətlərinə maddi və texniki dəstək vacibdir"



COP29-un Azərbaycanda keçirilməsi kifayət qədər əlamətdar bir hadisədir. Bu tədbirin Azərbaycanda keçirilməsinin ölkənin davamlı inkişafına və beynəlxalq əməkdaşlığa sadiqliyidir və beynəlxalq arenada ölkəmizin nüfuzunun daha da güclənməsinə müsbət təsir edəcəkdir. Bütün postsovet ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda bu mötəbər qlobal tədbir keçirilir. Ölkəmizin namizədliyi məsələsində beynəlxalq aləmin vahid mövqedən çıxış etməsi isə Azərbaycanın dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisidir. Dördüncü Sənaye İnqilabı adlandırılan yeni dövrün əsasını təşkil edən yaşıl enerji ənənəvi enerji mənbələrini - daş kömür, neft-qaz kimi sahələri geridə qoyacaq. Yeni istehsal olunan mühərriklər, maşınlar hidrogen, qaz və elektrik enerjiləri ilə işləyirlər. Yaşıl hidrogeni ixrac etmək potensialını yaratmaq üçün tərəfdaşlarımızla, dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə əməkdaşlıqları artırmaq arzuolunan hesab edilir. Bərpaolunan enerji gündəliyimizi təkcə günəş, külək elektrik stansiyaları ilə məhdudlaşmayaraq, Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialımızı inkişaf etdirmək prioritet məsələlərdəndir. Beləliklə, Azərbaycanın COP29-a, Braziliyanın COP30-a ev sahibliyi etməsi böyük əhəmiyyət kəsb edir. COP çərçivəsində Azərbaycan, Braziliya və Birləşmiş Ərəb Əmirlikləri qlobal istiləşməni 1.5 dərəcədə saxlamaq üçün birgə fəaliyyət göstərəcək. Beləliklə, Azərbaycan apardığı məqsədyönlü iş, böyük zəhmət və bu sahədə qazandığı uğurlar sayəsində İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi etməyə tam layiqdir.

Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, artıq bir neçə gündür ölkənin paytaxtında ciddi və işgüzar toplantılar keçirilir, aktual məsələlər müzakirə edilir. Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə iştirak və çıxış edib. Cənab Prezident sammitin bütün iştirakçılarını salamlayıb və bildirib ki, “Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir. Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik. Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək üçün Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərləri Azərbaycana səfər etdilər. Qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunmuşdur. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı. Biz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi – “Azərkosmos”dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır”. Azərbaycan həmişə olduğu kimi, qarşıdakı illərdə də ölkəmizlə əməkdaşlıq etmək istəyənlər üçün «açıq qapı» siyasətinə sadiqdir – deyə E. Süleymanov fikrini tamamlayıb.



Chosen
33
aia.az

1Sources