EN

Günün günorta çağı əlimdə şam...

Günün günorta çağı əlində şam bir filosof Afinanın küçələrini dolaşırmış. Şəhər əhli ondan soruşanda ki, nə gəzirsən, nə axtarırsan, qayıdırmış ki, İNSAN axtarıram...

Mənim qismətim və taleyim isə bir az fərqlidir, amma mən də "günün günorta çağı”nda əlimdə qələm OXUCU axtarıram, baxmayaraq ki, "orta statistik azərbaycanlı adamı”nın "xarakteristika”sını neçə illər bundan əvvəl vermişəm: bəli, dəfələrlə yazmışam ki, Azərbaycanda ALLAH ADINDAN DANIŞAN çoxdur, az qala, hamı belə edir, amma burada ALLAH ADAMI yoxdur və yaxud da olduqca azdır, hər halda, mən belələrinə çox az rast gəlmişəm...

Amma tale elə gətirdi ki, jurnalist oldum, mən də bu məmləkətin insanlarına möhtac oldum, çünki bir yazar kimi, mənə də OXUCU lazımdır bu ölkədə, oxucusuz keçinə bilmirəm. 

Bilirsiniz, jurnalist üçün də hər şey bitəndə ən azı baş verənlərə, hadisələrə münasibət bildirmək isttəyi - yanğısı qalır. Yox, bunu qətiyyən özümün də neçə illər bundan əvvəl "MÜNASİBƏT JURNALİSTİKASI” adlandırdığım və hətta lağa qoyduğum "media fenomeni” ilə qarışdırmayın. 

"MÜNASİBƏT JURNALİSTİKASI” deyəndə mən nəyi nəzərdə tuturdum? Təsəvvür edin, jurnalist nəsə eşidir və dərhal müxalifət liderlərinə və ya ekspertlərə, hətta məmurlara zəng edir ki, bu haqda nə düşünürsünüz? Onlar da başlayırdılar danışmağa, həvəssiz-həvəssiz nəsə deyirdilər və jurnalsit də bunu bircə-bircə yazır və ya efirə verirdi, bununla da onun "missiyası” bitirdi!.. 

Mənsə həmişə hər şeyi öz beynimin süzgəcindən keçirməyə alışmışam və çalışmışam, bununçün qalaq-qalaq kitab, jurnallar oxumuşam. Mənə OXUCU ona görə lazımdır ki, bunları onlara da çatdırım. Yox, əslində mən heç bir vaxt kütləvi jurnalist olmamışam, kütlə üçün yazmamışam, həmişə demişəm ki, qoy, mənim yazılarmı bir İNTELLEKTUAL oxucu oxusun, bu, mənə bəsdir. Amma oxucunun azlığına tamam biganə də qala bilmirəm, çünki oxucu marağı mənim demokratiya, insan haqları, liberal dəyərlər, siyasətin və gesoiyasətin ən incə problemlərilə bağlı yazdığım yazılara insanların reaksiyasiyasının göstəricisi kimi lazımdır! 

Demirəm oxucu sarıdan tamamilə kasadlıq çəkirəm, yox, belə deyil, təvazökarlıqdan (həmkarlarım və oxucular məni bağışlar!) uzaq olsa da, deyim ki, ölkədə bəlkə də mənim qədər mediaya gətirdiyi siyasi ifadələri, deyimləri təkrarlanan - tirajlanan, fikirləri istifadə olunan ikinci bir siyasi yazar yoxdur. Məsələn, hamının dilindən "geosiyasi arxitektura” və ya "siyasi konfiqurasiya” sözləri, "çoxvektorlu siyasət” və s. kimi ifadələr düşmür, amma heç kim fərqində deyil ki, bunları kim uydurub və yaxud da mediaya kim gətirib! 

Bugünlərin söhbətidir, üç-dörd həftə bundan əvvəl yüksək vəzifəli məmurlardan biri mənim "Yeni Müsavat” və rusdilli "Zerkalo” saytlarında dəfələrlə yazdığım bir fikri necə təkrarladısa, bir neçə gün medianın gündəmindən düşmədi!.. 

Yox, mən bundan qəti narahatlıq keçirmirəm, "müəlliflik iddiası”nda da bulunmuram! Məgər biz bütün siyasi yazıları ona görə yazamırıqmı ki, bundan insanlarımız, ilk növbədə də siyasətçilərimiz, diplomatlarımız və məmurlarımız istifadə etsinlər! Bəli, ilk növbədə bunun üçün yazmışıq və indi də yazırıq. 

Məsələn, hətta son illərdə belə, misal üçün deyim ki, "vesti.az” rusdilli saytının keçmiş baş redaktoru, rəhmətlik Araz Zeynalov (Allah rəhmət eləsin! Gözəl jurnalistlərdən, gözəl ziyalılardan biri idi!) həmişə mənim yazılarımı elə təqdim edirdi ki, onları siyasətçilər və yaxud da məmurlar dərhal görsünlər. Onun xüsusi bir ifadəsi - təqdimatı da vardı: "siyasətçilərin menyusu üçün” ...

Odur, bir daha deyirəm ki, heç vaxt oxunmaq problemim olmayıbdır, indi də yoxdur - kimə lazımdırsa, oxuyur. Amma daha çox oxucu diqqəti umduğumu da gizlətmirəm, fəqət, görəndə ki, bizim "oxucu”lar yaltaqlıqla dolu və yaltaqlıqdan başqa heç nəyi özündə ehtiva etməyən "yazı”ları sənin yazılarından daha çox oxuyurlar, adam özünə yer tapa bilmir. Sanki bizim "oxucu”ların çoxu deyir ki, OYATMA, AYILTMA məni, qoy, yatım, MƏN BELƏ DAHA XOŞBƏXTƏM! Həm də bizim ölkədə jurnalistikaya və jurnalistə qəribə münasibət var və bu münasibət qəti dəyişmir: böyük əksəriyyət düşünür ki, axı jurnalist nə edə bilər ki? Uzağı, kimisə SÖYƏ və yaxud TƏRİFLƏYƏ bilər! Düz otuz iki ildir ki, sərasər, az qala, hər gün yazıram, amma həyatımda eşitdiyim ən böyük tərif heç bilirsiniz, nə olub? Deyiblər ki, bəy, sənin QƏLƏMİNƏ böyük hörmətim var! Bir dəfə dözmədim, qayıtdım ki, məsələ qələmdədirsə, öz qələmimi sənə bağışlaya bilirəm, gör, onunla sən də maraqlı yazılar yaza bilirsənmi? Həm də rəhmətlik Zərdabi "Əkinçi”ni ona görə açmışdımı ki, kimisə SÖYSÜN, xüsusən də TƏRİFLƏSİN? Yox, o, ona görə qəzet açmışdı ki, insanlara ağıllı söz, ağıllı fikir desin, doğru-dürüst məlumat çatdırsın! Amma millət ona da dedi ki, OYATMA bizi, qoy, YATAQ, bizə belə daha xoşdur, biz belə daha XOŞBƏXTİK! Elə böyük Mirzə Cəlilə də eyni sözləri dedilər, eyni münasibəti göstərdilər, ondan qala ki, bizim kimi adi - sıravi bəndələr-yazarlar ola!.. 

Onu da etiraf edim ki, bəlkə də mənim jurnalist kimi "kütləvi sevgi” sarıdan bir az kasadlıq çəkməyimin bir səbəbi də var: mən heç vaxt "klassik mənada” jurnalist olmamışam, yazmağa keçmiş Azərbaycan Xalq Cəhbəsinin (bəli, indiki Azərbaycan Xalq Cəbhəsi Partiyasının yox, keçmiş Azərbaycan Xalq Cəbhəsinin!) "ideologiya şöbəsi”nin müdiri kimi başlamışam, elə indi də hərdənbir özümü az qala, bu qismdə hiss edir, hansısa fikri çatdırmaq üçün min cür fənd işlədirəm - hətta bu son ilərdə bir rusdilli saytın redaktoru daim mənə belə irad tuturdu ki, siz hökumətə məsləhət verirsiniz...

Amma onu da deyiim ki, yazı yazmağa bir "ideoloq”, "ideoloji işçi” kimi başladım, fəqət, bir də ayılıb gördüm ki, artq jurnalistəm və bundan qəti peşman deyiləm, çünki indi nə keçmiş AXC var, nə də onun bir illik "hakimiyyəti”! Həm də belə daha yaxşıdır. İndi mən, əgər belə demək mümkündürsə, daha böyük bir "CƏBHƏ”ni təmsil edirəm, konkret bir siyasi və hətta hansısa bir ictimai təşkilatla heç bir bağlılığım yoxdur - mən sadəcə, hələ də mənəvi cəhətdən keçmiş hərəkatçıyam və ən əsası da NARAHAT jurnalistəm...

Bilirsiniz, mənim bir yazar kimi başqa "özəlliklərim” də var. Hamı bu qədər söyür, amma mən, məsələn, Fransaya və ya fransızlara nifrət edə bilmirəm, çünki bəşəriyyət də, elə bu aciz, sıravi bəndəniz də çox şeyi onlardan öyrənib! Açığınız tutsa da, qədim yunanlar və qədim romalılar bəndənizdə qədim türklərdən daha çox simpatiya yaradır, baxmayaraq ki, mən də özümü həmişə xalis türk, bəli, türk oğlu türk hesab etmişəm və indi də edirəm! 

Bilirsiniz, insanların, elə yazarlarımızın çoxu üçün də Azərbaycan böyükdür, nəhayətsizdir, dünya sanki yalnız Azərbaycandan ibarətdir və onlar gecəbəgündüz "düşünürlər” ki, görəsən, Azərbaycanı necə daha böyük edə bilərik? Amma mən belə düşünə, heç də bütün yazılarımda belə edə bilmirəm, çünki mənimçün planet - Yer kürəsi kiçikdir, bapbalacadır və gecə-gündüz fikirləşirəm ki, İlahi, doğrudanmı, milyon illər sonra, Günəş sönəndən sonra bu planet izsiz-soraqsız itəcək, tamamilə məhv olacaq? Yəni doğrudanmı bu qədər unikal bir hadisə - HƏYAT, İNSANLAR bir gün tamamilə heç və yox olacaqdır!.. 

Axı Yer və onun üzərindəki həyat da unikaldır, alimlər təsdiq edir ki, ən azı yaxın kosmosda - bizim qalaktikada və yaxud da yaxın qalaktikalarda Yerin bənzəri yoxdur, həyat yoxdur! Bəlkə də kainatın tam ucqarlarında, bizdən milyard işıq ili məsafəsində hansısa bir ekzo-planetdə həyat var, amma bunun bizə nə dəxli var? Hətta yüz min illər bundan sonra bəşəriyyətin icad edə biləcəyi ən sürətli kosmik gəmi belə onlara çatmaq iqtidarında olmayacaq, çünki təbiətdə və ya kainatda işıq sürətindən böyük sürət yoxdur - əlbəttə, mən hipotetik taxionları nəzərə almıram, onlarçün ən kiçik, ən minimal sürət işıq sürətidir! Onu da demirəm ki, bəlkə yüz min illər sonra insanlar teleportasiyanın sirlərinə vaqif olacaqlar, lap jurnalistlərin uydurduğu məşhur "Filadelfiya təcrübəsi”ndə olduğu kimi - bəli, onda ən böyük məsafələr tamam qısala bilər! Amma bunların hamısı hələ bir xəyaldır, hipotezdir. Odur ki, mən özümü daha çox Yer kürəsinin, planetin adi, sıravi, amma narahat sakini hesab edirəm, böyük hesabla, insanların yaratdıqları sərhədlər, hətta dövlətlər, ölkələr mənim üçün nəzəri olaraq müvəqqəti bir şərtilikdir, baxmayaraq ki, bu sərhədləri, şərtilikləri real olaraq dəf etmək mənim üçün də çox çətindir, hətta real olaraq mümkün də deyil, bəli, onlar real olaraq mənim də qarşımda bir DİVARDIR...

Hüseynbala Səlimov

Chosen
51
qaynarinfo.az

1Sources