EN

IRENA bərpa olunan enerji mənbələri sahəsində sürətləndirilmiş tərəfdaşlığa dair regional təşəbbüsə start verir

IRENA Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqda və həmsədrlərlə birgə bərpa olunan enerji mənbələri (BEM) sahəsində sürətləndirilmiş tərəfdaşlığa dair regional təşəbbüsə start verir.

Olaylar xəbər verir ki, bu barədə IRENA-nın ölkələrlə qarşılıqlı əməkdaşlıq üzrə direktoru Gürbüz Gönül Mərkəzi Asiya üzrə enerji keçidi məsələlərinə dair COP29 investisiya forumunda bildirib.

"Keçən il BƏƏ-də COP28 çərçivəsində əldə olunan konsensus sayəsində 2030-cu ilədək bərpa olunan enerji mənbələrindən istifadənin üç dəfə artırılması və enerji səmərəliliyinin iki dəfə artırılması məqsədilə qlobal enerji keçidinə güclü siyasi dəstəyin şahidi olduq. Bu, dünyada bərpa olunan enerji əsasında enerji keçidini genişləndirmək üçün böyük bir təkan verir.

Bu iddialı məqsədləri yerli dəyər yaradan və enerji keçidinə əsaslanan yaşıl sənayeləşməni dəstəkləyən konkret proqram və layihələrə çevirmək vacibdir. Mərkəzi Asiya bu istiqamətdə böyük imkanlara malikdir, çünki region geniş və kifayət qədər istifadə edilməyən bərpa olunan enerji resurslarına sahibdir", - deyə o bildirib.

G.Gönül əlavə edib ki, region həmçinin enerji keçidi texnologiyaları üçün təbii resurslar və faydalı qazıntılarla zəngindir.

"Mərkəzi Asiya ölkələri konkret planlar hazırlayır və bərpa olunan enerji sahəsində hədəflərinə nail olmaq üçün fəaliyyətlərə başlayır. Onlar artıq bir sıra iri layihələr həyata keçirirlər və ya tamamlayıblar. Eyni zamanda, Azərbaycanın naziri tərəfindən Azərbaycan və Mərkəzi Asiya arasında enerji sistemlərinin inteqrasiyasına dair əməkdaşlığın rəsmiləşdirilməsi barədə məlumat verildi. Bu, regionda və qonşu bölgələrdə bərpa olunan enerji əsasında enerji keçidinə mühüm dəstək olacaq. Lakin bu məsələdə əsas məqam investisiyalar və maliyyədir.

Regionda sürətləndirilmiş enerji keçidinə dəstək üçün əhəmiyyətli daxili və beynəlxalq investisiyalar tələb olunacaq. Bu baxımdan, biz həmsədrlərlə birgə və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqda bu təşəbbüsü başladığımıza şadıq", - deyə o vurğulayıb.

G.Gönül qeyd edib ki, bu, Mərkəzi Asiyada bərpa olunan enerji sahəsində sürətləndirilmiş tərəfdaşlığa dair flaqman regional təşəbbüsdür.

"Biz bu təşəbbüsü APRECA adlandırırıq və onun əsas məqsədi Mərkəzi Asiyaya bərpa olunan enerji sahəsində hədəflərinə çatmaq, enerji təhlükəsizliyini artırmaq və qlobal iqlim və dayanıqlı inkişaf məqsədlərinə töhfə verməkdə dəstək olmaqdır. Biz bu təşəbbüsü nəticəyönümlü, yüksək effektiv tərəfdaşlıq kimi görürük və onun regionda enerji keçidini sürətləndirməyə yardım edəcəyinə inanırıq.

Biz üç əsas aspektə diqqət yetirəcəyik: birincisi, bərpa olunan enerji əsasında enerji keçidinə investisiyaların necə sürətləndirilə biləcəyini müəyyən etmək. İkincisi, bərpa olunan enerji ticarətini dəstəkləmək üçün regional əlaqələrin gücləndirilməsi. Üçüncüsü, sosial-iqtisadi ölçülərin analizi və iqtisadi artım, yaşıl sənayeləşmə və iş yerlərinin yaradılması ilə faydaların maksimumlaşdırılmasıdır.

Bizim fəaliyyətimiz dörd əsas istiqamətdə cəmlənəcək. Birinci istiqamət infrastrukturla bağlıdır. İnfrastruktur, IRENA-nın fikrincə, enerji keçidinin sürətləndirilməsi üçün əsas maneələrdən biridir. Enerji sistemlərinin şəbəkələri və elastikliyinə dair konkret tədbirlər tələb olunur. İkinci istiqamət siyasət, tənzimləmə və institusional bazadır: bərpa olunan enerjiyə investisiya mühitinin yaxşılaşdırılması, özəl sektorun enerji keçidində iştirakının gücləndirilməsi və əlçatan maliyyələşmə təminatı. Nəhayət, yerli dəyər yaradılması və yaşıl sənayeləşmə bütün hökumətlərin prioritetidir", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
4
50
olaylar.az

10Sources