EN

“Əməkdaşlığın gücü: xalis sıfır üçün birgə səylər”

Bakı iqlim konfransı çərçivəsində İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) “Əməkdaşlığın gücü: xalis sıfır üçün birgə səylər” mövzusunda Dünya İqtisadi Forumu ilə yüksək səviyyəli sessiya keçirib.

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov iqlim dəyişikliyinə qarşı birgə mübarizə səylərini ehtiva edən prinsiplər, bu sahədə yürüdülən qlobal siyasət və özəl sektorun töhfələri barədə fikirlərini bildirib. Nazir deyib ki, bu məsələdə müsbət dəyişikliklərin təmin olunması üçün inklüziv tədbirlərin davamlılığına və dayanıqlı inkişafa nail olmaq önəmlidir. Onun sözlərinə görə, qlobal müstəvidə iqlim məsələləri kontekstində bütün xalqları ehtiva edən ədalətli yanaşma da mühüm məsələdir.

Sessiyada, həmçinin Azərbaycanın davamlı artım və yaşıl iqtisadiyyat sahəsində hədəfləri və görülən işlər barədə məlumat verilib. Ölkəmizdə “yaşıl” enerji məqsədlərinə çatmaq üçün qabaqcıl texnologiyaların və innovativ həllərin hazırlanması yönündə məqsədyönlü tədbirlərə diqqət çəkilib, bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyi vurğulanıb.

Dünya İqtisadi Forumunun icraçı direktoru və sessiyanın moderatoru Cim Huay Neo sıfır karbon emissiyasına keçid prosesinin iqtisadi artım və iş yerlərinin yaradılması üçün böyük imkanlar yaratdığını, eləcə də faydaların və xərclərin ədalətli şəkildə bölüşdürülməsini təmin etmək üçün birgə və hərtərəfli yanaşmanın əhəmiyyətini vurğulayıb.

Tədbirdə Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonjo-İveala çıxış edərək qlobal ticarət siyasətlərinin iqlim dəyişikliyinə uyğunlaşdırılması və bu kontekstdə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsinin vacibliyi barədə fikirlərini bölüşüb.

Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov isə qlobal iqlim dəiyşikliklərinə qarşı beynəlxalq əməkdaşlıq, region ölkələrinin bu yöndə təşəbbüsləri, bərpa olunan enerji sahəsində birgə layihələrin reallaşdırılmasının önəmini vurğulayıb.

“Boston Konsaltinq Qrup”un qlobal sədri və CEO İqlim Liderləri Alyansının həmsədri Riç Lesser 2019-2022-ci illər arasında ümumi emissiya səviyyəsini 10 faiz azaltmağa, ümumi gəlirlərini isə 18 faiz artırmağa nail olduqlarını diqqətə çatdırıb. İqlim fəaliyyətinə özəl sektorun daha çox cəlb edilməsi üçün dövlətlərlə daha sıx əməkdaşlığın vacibliyini vurğulayan həmsədr deyib ki, bu sahədə aydın siyasət və güclü tərəfdaşlıq mexanizmləri müsbət dəyişikliklər üçün həlledici əhəmiyyət daşıyır.

“Fortescue” şirkətinin icraçı sədri Endryu Forrest çıxışında iqlim dəyişikliyi ilə mübarizədə enerjinin “yaşıl” mənbələrdən əldə edilməsinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bərpaolunan enerji sektoruna sərmayələrin artırılması və texnoloji yeniliklərin təşviqi sayəsində qlobal iqlim hədəflərinə çatmaq mümkündür.

Tərəflər iqlim böhranının həlli üçün qlobal səviyyədə birgə tədbirlərin zəruriliyini vurğulayıblar. Bütün dövlət, şirkət və vətəndaş cəmiyyəti qurumları ortaq məsuliyyəti qəbul etməyə və konkret fəaliyyət planları ilə iqlim dəyişikliklərinə qarşı mübarizəyə qoşulmağa çağırılıb.

 

Chosen
26
6
xalqqazeti.az

10Sources