EN

Pan-Afrika İqlim Ədalət Alyansı iqlim fondunun artırılması tələbi ilə aksiya keçirib

Bakıda keçirilən COP29 konfransı çərçivəsində Afrikanın 54 ölkəsini əhatə edən Pan-Afrika İqlim Ədalət Alyansı (PACJA) iqlim fondunun artırılması tələbi ilə aksiya keçirib.

Aksiya iştirakçılarının əsas tələbi iqlim dəyişmələrinə qarşı aparılan mübarizə üçün maliyyələşmənin artırılmasıdır.

Aksiyanın təşkilatçısı, PACJA-nın əməkdaşı Çarlz Peter APA-ya açıqlamasında bildirib ki, COP29-da təxminən 100 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunurlar: “Bizim əsas çağırışımız iqlim məqsədli maliyyə toplanmasının həcminin artırılmasından ibarətdir. Vəsaitin həcmi milyardlardır, biz isə trilyonlarla olmasını tələb edirik”.

Alyansın nümayəndəsi ümumi istixana qazları emissiyasının yalnız 4%-nin Afrikanın payına düşdüyünü deyib.

O bildirib ki, sənayeləşmiş iri ölkələr daha çox emissiya qazları hasil edir, iqlimi çirkləndirir, ona görə də inkişaf etmiş ölkələr iqlim dəyişmələrinə qarşı mübarizə üçün daha çox vəsait ayırmalıdır.

“Müharibələr üçün milyardlarla vəsait sərf edilir. İnsanlar iqlim dəyişmələri ilə məşğul olmağın aktuallığını görmürlər. İqlim dəyişmələri artıq qapımızı döyür. Müharibə kimi zərərli işlərə ayrılan vəsaitlər iqlimin sağlamlaşdırılması məqsədlərinə ayrılsa, iqlim dəyişmələrindən əziyyət çəkən milyonlarla insanı xilas edə bilər. Biz birlikdə hərəkət etməliyik, yoxsa birlikdə məhv olacağıq”, - deyə o bildirib.

Pan-Afrika
Chosen
31
apa.az

1Sources