EN

Ailə xərcləri kəskin artır: "Ac olanda bazarlığa getməyin"

Ölkədə adambaşına düşən orta aylıq xərc artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 465,2 manat pul xərcləyib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,5 manat və ya 3,9 faiz çoxdur. Pərakəndə ticarətdə 465,2 manat xərcin 255,7 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 209,5 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.

Mütəxəssislərin fikrincə, adambaşına düşən xərclərin artmasının əsas səbəbi inflyasiyadır.

Mövzuya münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli Bakupost.az -a deyib ki, ötən il ölkədə inflyasiya yüksək olub və bu il də idavam edir. Ona görə də adambaşına düşən xərclər artır. Eyni məhsulu almağa keçən il daha az, bu il isə daha çox vəsait sərf olunur:



“İnflyasiya xərcləri artırır. Növbəti aylarda əgər inflyasiya davam etsə, adambaşına düşən xərclərin artması da davam edəcək”.

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, Azərbaycan kimi ölkələrdə əhali öz gəlirlərinin əhəmiyyətli hissəsini gündəlik tələbat mallarına xərcləyir. Gəlirlərin azaldığı dövrdə ərzaq mallarına xərclənən vəsaitlərin xüsusi çəkisi artır, yığım və digər məqsədlərə vəsait ayrılması imkanları məhdudlaşır:

“Aparılan müşahidələr onu göstərir ki, pandemiyadan əvvəlki dövrlərlə müqayisədə vətəndaşın ailə büdcəsinin gəlirlərində kəskin azalma var. Bu, həm adambaşına, həm də ailə təsərrüfatına düşən gəlirlərdə özünü göstərir. Yeganə ixtisar edilməsi mümkün olmayan xərclər ərzaq xərcləridir ki, buna görə də bu istiqamətdə biz xərclərin xüsusi çəkisinin artmasını müşahidə edirik”.

R.Həsənov ailə büdcəsinin idarə edilməsi üçün onun planlaşdırılmasının çox vacib məqamlardan biri olduğunu bildirib:

“Çox təəssüf ki, Azərbaycanda ailə büdcəsi hazırlanmır. Bununla bağlı praktika çox zəif inkişaf edib. Gəlirləri Azərbaycandan qat-qat yüksək olan Avropa ölkələrində ailə büdcəsinin planlaması və onun idarəedilməsi təcrübəsinə daha çox müraciət edirlər. Bu, çox vacib məsələdir. Təcrübədə belədir ki, əməkhaqqını alan gün sizdə çoxlu pul var və həmin gün rahat şəkildə xərcləmə edilir. Ayın ilk bir həftəsində bütün vəsait bitir. Çünki planlama yoxdur. Amma təcrübə göstərir ki, vəsaiti əvvəl büdcələşdirib, xərc istiqamətləri üzrə bölüşdürüb, sonra xərcləməyə başlayanda insan öz istehlakını tənzimləyir. Hətta bəzi hallarda tövsiyə olunur ki, insanlar ac olanda bazarlığa getməsinlər, həmin vaxt onlar izafi istehlak edirlər. Bu da büdcə üzərində yük yaradır. İlk növbədə büdcədə ailənin aylıq ərzaq məhsullarına olan tələbatı öz əksini tapmalı, kommunal xidmətlər üzrə öhdəliklər, eləcə dəəgər kirayə öhdəlikləri varsa, onlar nəzərə alınmalıdır. Daha sonra kredit öhdəlikləri varsa, onlar,ə təhsil və səhiyyə xidmətləri üzrə öhdəliklər əksini tapmalıdır. Yalnız bundan sonra əgər yerdə pul qalırsa, digər məqsədlərə – əyləncə, teatr, ailənin gəzinti xərcləri və sair istiqamətlərə vəsait ayrıla bilər və yaxud da bu vəsaitlər yığım üçün yönəldilə bilər. Bu kimi ardıcıl planlaşma aparılanda ailə büdcələrinin daha səmərəli idarə edilməsi mümkün olur”.

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, qiymət artımının qarşısını almaq üçün rəqabət mühiti artırılmalı və iqtisadi qanunlar işə düşməlidir:



“Bu isə hökumətin borcudur. Hökumət vergiləri salmaqla, rüsumları azaltmaqla, rəqabətli və ədalətli biznes mühiti yaratmaqla qiymət siyasətinə təsir edə bilər, amma etmir. Sonra da məmurlar, deputatlar məhz hökumətə lazım olan mənasız "süni qiymət artımı" deyimini ortalığa atıb məsuliyyətdən yayınırlar. Pərakəndə satışda mal, istənilən qiymətə satmaq olar. Kafe və restoranlarda da. Təki alıcı olsun və sahibkar vergisini versin. Hökumət vergiləri salmaqla, rüsumları azaltmaqla, rəqabətli və ədalətli biznes mühiti yaratmaqla qiymət siyasətinə təsir edə bilər".

Sevinc,
BakuPost
Chosen
21
bakupost.az

1Sources