EN

Gürcüstandan Azərbaycan və Ermənistana SÜLH TƏKLİFİ: “Gələcəkdə…”

“Ümumiyyətlə, Gürcüstan zaman-zaman Azərbaycan və Ermənistan arasındakı danışıqlarda vasitəçi təklifləri ilə çıxış edib. Hətta İkinci Qarabağ müharibəsindən sonra belə bir vasitəçilik missiyası oldu və Gürcüstan bu prosesə qatqı verdi. Eləcə də rəsmi Tbilisinin hərbi əsirlərin qaytarılması prosesində də rolu olub”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı deyib.

O, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin rəsmi Tbilisinin Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında vasitəçi ola biləcəyi ilə bağlı səsləndirdiyi təklifləri analiz edib.

M. Bünyadlının fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin də bununla bağlı dəfələrlə çıxışları olub ki, rəsmi Bakı istənilən qüvvənin vasitəçilik missiyasına pis yanaşmır:

“Lakin baxır, hansı dövlətlər bu prosesə dəstək verə bilər. Gürcüstan da bölgə ölkəsi kimi öz mövqeyini baş verən hadisələrdə qabartmaq, prosesə töhfə vermək və özünün əhəmiyyətini ortaya qoymaq istəyir. Amma son günlərdə görürük ki, görüşlər artıq daha çox ikitərəfli formatlarda keçirilir. Bundan öncə Qazaxıstan da belə bir missiyanı öz üzərinə götürməklə bağlı təkliflər səsləndirdi. Hətta Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Parisdə olanda belə bir bəyanatla çıxış etdi”.

Onun sözlərinə görə, Gürcüstan burada daha çox siyasi divident qazanmaq niyyətini güdür və özünü gündəmə gətirmək istəyir:

“Çünki Gürcüstan bu gün həm Ermənistan, həm də Azərbaycanla sıx əlaqələrə malik olan ölkə kimi bu fürsətdən faydalanıb sözügedən məsələdə çıxış etmək istəyir. Belə bir proses gələcəkdə məsələnin hansısa mərhələsində istisna edilmir. Lakin bu gün, əsasən, Azərbaycan və Ermənistan danışıqları daha çox ikitərəfli format üstündə qurulub və bu istiqamətdə davam edir. Çünki tərəflər bir-birilərinə öz təkliflərini birbaşa göndərib müzakirə aparırlar. Hətta sülh danışıqları ilə bağlı rəsmi Bakının təklifləri artıq İrəvandadır”.

“Gürcüstana gəldikdə isə Tbilisi administrasiyası hər iki ölkə ilə yaxşı münasibətdə olduğunu nəzərə alıb bölgədəki siyasi dividentlərini artırmaq istəyir. Həm də Gürcüstan çalışır ki, hər hansı bir görüş alınarsa, özünün müsbət rolu arta bilər. Lakin Tbilisinin vasitəçiliyi ilə üçtərəfli görüşün keçirilməsini yaxın perspektivdə görmürəm”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

Chosen
50
yenicag.az

1Sources