EN

"Ermənistanı Fransanın səfiri idarə edir" - Deputat

"Ermənistan COP29 tədbirində iştirak etməməklə çox şey itirdi. Onlar bu tədbirə qatılmaqla göstərə bilərdilər ki, sülh sazişinə sədaqətlidirlər. Yəni, onun tezliklə imzalanmasını istəyirlər. Göstərə bilərdilər ki, Ermənistan müstəqil dövlətdir və özləri müstəqil qərar verirlər. Bir daha bəlli oldu ki, Ermənistan indiyə qədər başqa dövlətin təsiri altında idi və onun tapşırıqlarını yerinə yetirirdi".

Bunu "Unikal"a açıqlamasında deputat Siyavuş Novruzov deyib. O bildirib ki, Ermənistan indi Fransanın təsiri altındadır, onların tapşırıq və qərarlarından kənara çıxa bilmir:

"Ermənistanı Fransanın səfiri idarə edir. Bu ölkədə oturub və idarəçiliklə o məşğuldur. Bu da dünyaya bir sübut və mesajdır. Baxsınlar ki, bu Azərbaycanın deyil, BMT-nin tədbiri idi. Azərbaycan buna ev sahibliyi edir. Həm BMT, həm də Azərbaycan tərəfindən dəvət göndərilib. Təhlükəsizlik və digər məsələlərlə bağlı tam şəkildə zəmanət verilib. Əfsuslar olsun burada da siyasi oyunbazlıqla məşğul olmaq istədilər. Azərbaycanın ərazisində cinayət törətmiş, etnik təmizləmə ilə məşğul olmuş, Xocalı soyqırımı törətmiş şəxslərə siyasi məhbus adı verib azadlığa çıxmasını şərt olaraq ortaya atmaq qeyri-etik, iqlim konfransına yaraşmayan hərəkətdir. Hər bir dövlət bu tədbirə öz töhfəsini verməlidir".

Deputat qeyd edib ki, Ermənsitan işğal dövründə Azərbaycanın ekologiyasına xeyli ziyan vurub: "Çaylarımızın çirkləndirib, meşələrimizi məhv edib. Onlar tərəfindən məbədlərin, məscidlərin və mədəniyyət abidələrinin dağıdılmasının şahidiyik. Hazırda Ermənistan ərazisində olan Metsamor Atom Elektrik Stansiyası bəşəriyyət üçün böyük təhlükədir. Bu AES-in istifadə müddəti keçib və havanı zəhərləyir. Zəmanət yoxdur ki, bu gün və ya sabah partlamayacaq. Bunun nəticəsində, onun əhatəsində olan ölkələr - Türkiyə, İran, Azərbaycan, Gürcüstan və başqaları ziyan çəkəcəklər".

S.Novruzov əlavə edib ki, Ermənistan bu tədbirdə iştirak etsə idi, onlar da hansısa layihələrdə iştiraklarını təklif edə bilərdilər:

"İşğalçılıq nəticəsində neçə illər böyük layihələrdən kənarda qalıblar. Bu tədbirlərdə iştirak etməməsi ilə də layihələrdən kənarda qalacaq. Yaşıl enerji bu gün dünyanın bir nömrəli vacib məsələsidir. Ermənsitan onun alıcısına çevrilə bilərdi ki, özünü təmin etsin. Və yaxud ərazisində müxtəlif şirkətlər külək, günəş enerjisindən istifadə edərək həm bu ölkənin özünün təminatını ödəyərdilər, həm də satışını həyata keçirə bilərdilər. Bu şansların hamısı itirilir. Tək yardımla dolanmaqla heç nə olmayacaq. Bu yardım kəsiləndən sonra orada yaşayış indikindən də aşağı vəziyyətə düşəcək. Orada əsasən Rusiya şirkətləri fəaliyyət göstərir. Bu şirkətlər tam şəkildə fəaliyyətini dayandırsa, Ermənistanı 90 faiz işsizlik əhatə edəcək".

Anar Kəlbiyev

Chosen
17
unikal.az

1Sources