EN

“Ermənistan hələ ki yekun sülh sazişini imzalamağa qətiyyən hazır deyil, ona görə ki…”- ŞƏRH

“Ermənistanın sülh prosesi ilə manipulyasiya etməsi ilk dəfə deyil və indiyə qədər bu proses ardıcıl şəkildə davam edir. Belə ki, Nikol Paşinyan hakimiyyətinin təmsilçiləri sülh prosesinin uğurlu inkişafından danışsalar da yekun sülh sazişinin imzalanması ilə ziddiyyət təşkil edən addımlar atırlar. Bu da erməni siyasətinin əsas məqamlarından biridir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, Ermənistan hələ ki yekun sülh sazişini imzalamağa qətiyyən hazır deyil:

“Hətta bu sənədin mətni tamamilə razılaşdırılmış olsa belə Ermənistan yekun sülh sazişini imzalamağa hazır deyil. Ümumiyyətlə Ermənistanın belə bir sənədi imzalamaq hüququ yoxdur. Çünki Ermənistan hazırda AB, ABŞ və Fransanın Cənubi Qafqazdakı geopolitik müstəmləkəsidir. Ermənistanın Azərbaycanla yekun sülh sazişinə imza atması üçün rəsmi İrəvana birbaşa ABŞ-dan AB və Fransadan icazə verilməsi lazımdır. Paşinyan hakimiyyəti hələ ki belə bir icazə almayıb, ona görə də sülh sazişi hazır olsa belə ona imza atmağa cəsarət göstərməyəcək. Eyni zamanda, Ermənistanda artıq anlayırlar ki, ABŞ-ın Cənubi Qafqaz siyasəti artıq dəyişə bilər, Ermənistan təhlükəsizlik vakumuna düşə bilər. Ona görə də rəsmi İrəvan müəyyən manipulyasiyalarla ABŞ-ın Cənubi Qafqaz siyasətinin aydınlaşdırılması üçün vaxt qazanmağa çalışır. Yəni, Tramp hakimiyyətinin öz səlahiyyətlərinin icrasına başlamasını gözləyir ki, anlaya bilsin ki, Tramp administrasiyası da Ermənistanı Bayden administrasiyasının dəstəklədiyi kimi dəstəkləyəcəkmi? ABŞ eyni ermənipərəstliyi göstərəcəyi təqdirdə Ermənistanı yenə də savaşa hazırlayacaq, yeni planlar qurmağa çalışacaq. Tramp hakimiyyəti dövründə ABŞ Ermənistan və Cənubi Qafqaza nisbətən məsafəli davranarsa, rəsmi İrəvanın da mövqeyi dəyişməli olacaq və istənilən halda Azərbaycanın diktə etdiyi şərtlər daxilində, eyni zamanda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları olan Konstitusiya maddələrinin dəyişməsi ilə yekun sülh sazişini imzalamaq məcburiyyətində qalacaq”.

//Gülnarə Abasova, Editor.az

Chosen
25
editor.az

1Sources