EN

Adil Kərimli türkiyəli həmkarı ilə görüşdü

COP29 çərçivəsində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla görüşüb.

Kulis.az xəbər verir ki, qonağı salamlayan Adil Kərimli belə bir mötəbər tədbirdə qardaş Türkiyə Cümhuriyyətinin də iştirakından məmnunluğunu bildirib.

Azərbaycan və Türkiyə arasında mədəniyyətin bütün sahələrində uğurlu əməkdaşlığın qurulduğunu deyən nazir bu sahədə əlaqələrin daha da inkişafı üçün perspektivlərin olduğunu deyib.

Qeyd olunub ki, noyabrın 2-dən 10-dək İstanbulda keçirilən 41-ci Beynəlxalq Kitab Sərgisində Azərbaycanın ilk dəfə “fəxri qonaq ölkə” qismində iştirakı iki ölkə arasında əlaqələrin yüksək səviyyəsinin göstəricidir.

Nazir sərgi müddətində Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə türkiyəli həmkarına təşəkkür edib.

8 Noyabr - Zəfər Günü münasibətilə təbriklərini çatdıran Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ölkəmizin COP29 kimi mötəbər bir tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Bildirib ki, əgər Türkiyə COP31-i qəbul edərsə, Azərbaycanın bu sahədəki təcrübəsinin öyrəniləcək.

Qonaq nazir COP29 çərçivəsində ətraf mühit və mədəniyyət məsələlərinin də diqqətdə saxlanmasının əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı iki ölkə arasında bir sıra istiqamətlərdə, xüsusilə də arxeoloji irsin öyrənilməsi və kino sahəsində əməkdaşlığın perspektivləri qeyd edilib. Həmçinin, TÜRKSOY-un himayəsi ilə çəkilməsi planlaşdırılan “Molla Nəsrəddin. Çətin günlərimin dostu” bədii filmi ilə bağlı da söz açılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda türkiyəli nazirə xatirə hədiyyələri təqdim olunub.

Daha sonra nazirlər tədbir məkanındakı Azərbaycan, Türkiyə və Özbəkistanın pavilyonları ilə tanış olublar.

Türkiyə və Özbəkistan pavilyonları ilə tanışlıq zamanı Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov da iştirak edib.

Chosen
17
13
kulis.az

10Sources