EN

"Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə

"Düşünürəm ki, Ukraynada yaxın zamanlarda prezident seçkiləri keçirilsə, indiki prezident Volodimir Zelenski yenidən qalib gələcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ukraynada prezident seçkiləri keçirilərsə, kimin daha şanslı olması barədə suala cavabında deyib.

Zərdüşt Əlizadə bildirib ki, indiki prezidentin kifayət qədər yüksək reytinqi var: 

"O döyüşən ölkənin Ali Baş Komandanıdır. Siyasi baxımdan cəsarətli olduğunu göstərib. Dünyada da tanınır. Əlindən gələni edir ki, döyüşlərdə uğur əldə olunsun. Bu baxımdan, onun yenidən prezident olmaq imkanları nəzərə cəhətdən daha çoxdur. ABŞ-ın yeni prezidenti Donald Trampın tutduğu mövqedən asılı olmayaraq, Zelenskinin Ukrayna əhalisi arasında imici kifayət qədər yüksəkdir. Əlbəttə ki, seçildiyi dövrdə olduğundan yüksək deyil. Amma digər rəqiblərinə nisbətdə hər halda kifayət qədər populyardır".

Həmsöhbətimiz Valeri Zalujnının da şanslarını yüksək qiymətləndirib:

"Onun da qalib gəlmək şansları var. O, müharibənin ilk dövündə Ukraynanın məğlub olmamasının əsas səbəbkarlarından biridir".
 


Politoloq adı çəkilən namizədlər arasında Vitali Kliçkonu isə ən şanssız namizəd kimi dəyərləndirib:

"Onun zamanı keçib. O, Kiyevin meri kimi əlindən gələni edir ki, şəhər müqavimət göstərə bilsin. Lakin ümumölkə miqyasında çətin ki, Kliçko digər ikisinə rəqib ola bilsin". 

Qeyd edək ki, ukraynalı deputat Aleksandr Dubinskinin "Telegram" kanalına bildirdiyinə görə, Ukrayna prezidenti postuna namizədlərin adı bəllidir. Deputatın sözlərinə görə, əsas namizədlər Kiyev meri Vitali Kliçko, Ukraynanın Londondakı səfiri Valeri Zalujnı və Ukrayna lideri Vladimir Zelenskidir. 

Dubinskinin sözlərinə görə, Kliçko Ukrayna prezidentliyinə potensial namizəddir. Rada deputatının qeyd etdiyi kimi, Kliçkonun namizədliyi Rusiyaya "uyğundur”. 

"Dövlət başçısı postuna digər iddialı isə Zalujnıdır. Ukraynanın Rusiya Federasiyası və Avropa İttifaqı arasında bölünməsi lazım gələrsə, o, ideal variantdır. Eyni zamanda, Zalujnı Pinçuk-Kuçma klanındandır", deyə deputat hesab edir.

Rüfət Sultan

Chosen
18
qaynarinfo.az

1Sources