EN

BOEMDA: Azərbaycanın 4 ölkə ilə imzaladığı saziş yaşıl enerjinin ixracı üçün nəzərdə tutulub

Azərbaycan Gürcüstan, Rumıniya, Macarıstan və Bolqarıstanla strateji tərəfdaşlıq sazişləri imzalayıb. Bu layihə bizim üçün çox əhəmiyyətlidir, çünki o həm yerli biznesə, həm də xarici investorlara imkanlar yaradacaq.

AZƏRTAC xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova COP29 çərçivəsində təşkil olunmuş “Bərpa olunan enerjiyə investisiya: Davamlı gələcəyə aparan yollar” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Layihə yaşıl molekullar daxil olmaqla, 4 giqavat yaşıl enerjinin ixracını nəzərdə tutur. Amma bunun üçün müvafiq infrastruktur qurmaq lazımdır.

“Bizə həm xarici, həm də yerli investisiyalar lazımdır. Dünən ikinci strateji tərəfdaşlıq sazişi də imzalanıb. Bu, Qazaxıstan, Özbəkistan və Azərbaycan ərazisindən keçən yaşıl dəhlizlə bağlıdır. Bununla bağlı artıq Azərbaycanda müştərək müəssisənin yaradılmasına qərar verilib. Beləliklə, bu layihə Azərbaycan sənayesi üçün çox perspektivli olacaq. Həm də bura çox vacib yaşıl elektrik və yaşıl hidrogen komponenti daxildir. Bu, Xəzər dənizi vasitəsilə növbəti subsidiyalaşdırılan layihə ola bilər”, - deyə R.Hümbətova əlavə edib.

1Sources