EN

Azərbaycanın dörddə biri “Yaşıl enerji zonasına” çevrildi...

Image

Akif Nəsirli: “Azərbaycan alternativ və bərpaolunan enerji, yəni “yaşıl enerji” mənbələrinə görə zəngin bir ölkədir”    

“Yaşıl gündəliyimiz, həmçinin, Azərbaycanın müxtəlif bölgələrini əhatə edir. Beləliklə, Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib və bu, ərazimizin, demək olar ki, dörddəbir hissəsidir”. 

Bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimində çıxışında Prezident İlham Əliyev bildirib. 

Azərbaycanın dörddə birinin “yaşıl enerji” zonasına çevrilməsinin böyük əhəmiyyəti var”

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində “Doğrudan da Azərbaycan yalnız enerji mənbəyi olaraq karbohidrogen ehtiyatları ilə məhdudlaşmır, Azərbaycan alternativ və bərpaolunan enerji, yəni “yaşıl enerji” mənbələrinə görə zəngin bir ölkədir. Biz bu potensialı Abşeron yarımadası və onun ətrafında günəş enerjisi, külək enerjisi, dəniz dalğası enerjisi kimi görürüksə, ancaq bölgələrimizdə digər enerji mənbələri də mövcuddur. Günəş enerjisi Azərbaycanın bütün bölgələrində mövcuddur. Yəni istənilən bölgədə günəş enerjisindən istifidaə potensialı yüksəkdir. Çünki ölkənin ərazisində 365 gündən, demək olar ki, 280 günü günəşli keçir. Ona görə də günəş enerjisi potensialı Azərbaycanın bütün ərazisində mövcuddur” - deyə bildirdi.

A.Nəsirlinin sözlərinə görə, bununla yanaşı Azərbaycanın Şərqi Zəngəzur, Qarabağ, Naxçıvan bölgəsində iti axan dağ çaylarımız var, həmin dağ çaylarında su elektrik stansiyalarının quraşdırılması potensialı mövcuddur. “Bu potensialdan hazırda da istifadə edilir. Azərbaycan bu potensialı genişləndirir. Ölkədə bu potensialı hətta kütləviləşdirmək  mümkündür. Kiçik, mini su elektrik stansiyaları ilə fərdlərin elekrtik enerjisi almasını stimullaşdırmaq olar. Hesab edirəm ki, bu gələcəkdə real olacaq. Digər tərəfdən bir məsələni də qeyd edim ki, Azərbaycanın Laçın və Kəlbəcər rayonlarında yerdən çıxan qeyzerlər var, digər ərazilərimizdə də, Aran bölgəsində də bizim qeyzerlərimiz-yerdən çıxan qaynar sular mövcuddur. Həmin qaynar suların istilik enerjisindən də istifadə etməklə elektrik enerjisi almaq mümkündür”.

A.Nəsirli hesab edir ki, kənd təsərrüfatı inkişaf etdikcə həmin sahədən süni yolla təbii qaz almaq potensialı Azərbaycanda genişdir. “Kənd təsərrüfatında heyvandarlığın inkişafına dəstək vermək lazımdır. Ümumiyyətlə, Azərbaycanın bütün ərazilərində günəş enerjisi kifayət qədər böyük potensiala malikdir. Eyni zamanda su elektrik stansiyaları qurmaq üçün kifayət qədər potensial mövcuddur. 

Karbohidrogen ehtiyatları əsasən Abşeron yarmadasında və onun ətrafında cəmləşibsə, alternativ enerji mənbələri ölkənin bütün ərazində mövcvuddur. Sadəcə olaraq, bu istiqamətdə inkişafa dəstək vermək lazımdır. Azərbaycanın buna imkanları var. Azərbaycan hazırda karbohidrogen ehtiyatlarının satışından əldə olunan vəsaitlərin bir hissəsini, əlbəttə, alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsinə, axtarılıb tapılmasına, bu istiqamətdə layihələrin həyata keçirilməsinə xərcləyəcək. Bu istiqamətdə kifayət qədər olan potensialı reallaşdırmağa çalışacaq və bu potensial Azərbaycanın, demək olar ki, öz tələbatından əlavə də ixrac etmək imkanına malik ola bilər. Potensial o qədər böyükdür ki, istehsal olunan “yaşıl enerjinin” ixracı da mümkündür”-deyə A.Nəsirli qeyd etdi.

A.Nəsirlinin fikrincə, Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionlarının yaşıl enerji zonaları elan edilməsi çox mühüm əhəmiyyətə malikdir və bu bizim gələcəkdə “yaşıl enerji” ixracatçısı kimi fəaliyyətimizin əsas istiqamətləridən birini şərtləndirəcək. “Azərbayanın dörddə birinin “yaşıl enerji” zonasına çevrilməsinin böyük əhəmiyyəti var. Həmin ərazilərimizdə zəngin “yaşıl enerji potensialı mövcuddur ki, biz bundan geniş istifadə edəcəyik”-deyə A.Nəsirli vurğuladı. 

İradə SARIYEVA





Chosen
29
baki-xeber.com

1Sources