EN

Azərbaycanın iqlim dəyişikliklərinə qarşı uğurlu iqtisadi modeli: Dayanıqlı inkişafın yolu

Azərbaycan iqlim dəyişikliklərinin artan təsirlərinə uyğunlaşaraq iqtisadi inkişafını iqlim fəaliyyəti ilə əlaqələndirir.

Fins.az xəbər verir ki, bu barədə COP29 prezidenti Muxtar Babayev “Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu” adlı tədbirdəki videomüraciətində məlumat verib.

"Azərbaycanda Cənub-Cənub əməkdaşlığı sahəsində zəngin təcrübə mövcuddur. Xüsusilə, dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etməyimiz bu sahədəki uğurlarımızın göstəricisidir. Bu hərəkat inkişaf etməkdə olan ölkələrin əməkdaşlıq etməsi və irəliləyişə nail olması üçün əhəmiyyətli platformadır," - deyə Babayev vurğulayıb.

O, qeyri-hökumət təşkilatlarının (QHT) və vətəndaş cəmiyyətinin iqlim tədbirlərinin inkişafında mühüm rolunu qeyd edərək bildirib:

"QHT-lər vətəndaş cəmiyyətinin səsini gücləndirir, yeni perspektivlər, ideyalar və strategiyalar təqdim edir. Ədalətli və təsirli həll yollarının hazırlanması üçün yerli icmaların, fəalların, gənclərin və digər həssas qrupların baxışları vacibdir. Bununla yanaşı, özəl sektor da iqlim məqsədlərinə nail olmaqda liderlik edir."

COP29-un əhəmiyyəti xüsusi olaraq vurğulanıb. Konfransın ən yüksək səviyyəli tədbiri – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də keçirilib.

Noyabrın 22-dək davam edəcək COP29 Azərbaycanın indiyədək təşkil etdiyi ən böyük tədbir olmaqla yanaşı, regionda ilk dəfə keçirilən belə bir tədbirdir. Əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasıdır.

COP29 Sədrliyi iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədlərini əlaqələndirən 14 təşəbbüs irəli sürüb. Bu təşəbbüslər arasında yaşıl enerji dəhlizləri, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen və orqanik tullantılarda metanın azaldılması kimi mövzular yer alır.

Konfransın əsas prioritetlərindən biri iqlim maliyyəsinin yaradılmasıdır. Bu yanaşma, iqlim fəaliyyəti üçün geniş maliyyə resursları təmin etməklə, 1,5°C hədəfinə nail olunmasına dəstək verəcək.

Chosen
14
2
fins.az

2Sources