EN

Xavyer Tebas: “Super Liqa futbol mühiti üçün çox zərərlidir”

İspaniya La Liqasının prezidenti Xavyer Tebas hələ də təsis edilməsinə iddialılar olan Avropa Super Liqası ilə bağlı fikrini paylaşıb.

Arena.az “Marca” nəşrinə istinadən, ispan məmurun bu barədə fikrini təqdim edir:

“Super Liqa Çempionlar Liqasına paralel deyil, onun əvəzedicisidir. Bilməlisiniz ki, bu qəbildən yarışlar milli liqaları məhv edirlər. Siz 16 möhtəşəm klubu təkmilləşdirəcəksiniz, amma Avropada 2500-dən çox peşəkar klub var. Bu böyük klublarda 300 və ya 400 oyunçu olacaq, peşəkar futbolda isə 60 mindən çox insan oynayır. Onlar ayda 2 min avro məbləğdən 5 milyon avro məbləğə qədər qazanc götürürlər. Super Liqa ilə pul ancaq bu yarışa gedəcək. Bu, daha ədəb məsələsidir, bu 300 oyunçu altı “Ferrari” əvəzinə onuna sahib olacaq.

Bizim istədiyimiz futbol budurmu? Aydındır ki, yox. Bu yarışları, Super Liqaları, klublararası dünya çempionatlarını təşkil edən hər kəs bunların səmərəsini görməlidir. Super Liqa futbol mühiti üçün çox zərərlidir”, deyə Xavyer Tebas bildirib.

Xatırladaq ki, mayın 27-də Madrid məhkəməsi Avropa Super Liqasının UEFA və FIFA-ya qarşı iddiasını qismən təmin edib, bu qurumları hakim mövqelərindən sui-istifadə etməkdə və bazarda azad rəqabətə mane olmaqda ittiham edib. Bu qərar, Avropa Birliyinin Ədalət Məhkəməsinin 2023-cü ilin dekabrında verdiyi müvafiq qərara uyğundur. O vaxt Avropa Məhkəməsi çıxardığı müvafiq qərarla Avropa Super Liqasına yaşıl işıq yandırmışdı. Hazırda Super Liqanın tam təsisi istiqamətində işlər davam edir.

Chosen
28
arena.az

1Sources