Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Mirvari Ağayeva Ağdaş Dövlət Humanitar Kollecinin direktoru, Ülviyyə Nəzərova isə İsmayıllı Dövlət İdarəetmə və Texnologiya Kollecinin tədris-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
Agentlikdən "Operativ Media"ya verilən məlumata görə, Mirvari Ağayeva 1995-1999-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Biologiya müəllimliyi” ixtisası üzrə ali təhsil alıb. O, 2015-2021-ci illərdə Ağdaş Dövlət Humanitar Kollecində müəllim, 2021-ci ildən təcrübə rəhbəri vəzifəsində çalışıb, 2024-cü ilin iyul ayından isə Ağdaş Dövlət Humanitar Kollecinin direktoru vəzifəsini müvəqqəti olaraq icra edib. M.Ağayeva çalışdığı dövrdə səmərəli fəaliyyətinə görə Ağdaş Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı tərəfindən “Fəxri Fərman”la təltif edilib.
Ülviyyə Nəzərova 2002-2006-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunda “Tarix müəllimi” ixtisası üzrə ali təhsil alıb. O, 2006-2023-cü illərdə Oğuz rayonunun Baş Daşağıl kənd tam orta məktəbində müəllim, 2023-cü ildən isə həmin məktəbin direktoru vəzifəsində çalışıb. Ü.Nəzərova 2023-cü ildə ADA Universiteti tərəfindən təşkil olunan “Bir müəllimin manifesti” ixtisasartırma proqramının iştirakçısı olub və proqram çərçivəsində Amerika Birləşmiş Ştatlarında təcrübə keçib.