İran Trampa sui-qəsd etmək fikrindən daşınıb
İran oktyabrın ortalarında İsveçrə diplomatları vasitəsilə ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampı öldürməyə cəhd etməyəcəyini bildirən yazılı mesaj göndərib.
Reyting.az xəbər verir ki, bu barədə məlumatı “NBC News” yayıb.
Bildirilir ki, mesaj ABŞ-nın hazırkı prezidenti Co Bayden administrasiyasının İsveçrə vasitəsilə Trampa sui-qəsd cəhdini müharibə aktı kimi qiymətləndirəcəyinə dair İrana xəbərdarlıq göndərdikdən sonra gəlib.
Qeyd edək ki, İran və ABŞ arasında rəsmi diplomatik əlaqələr olmadığı üçün İsveçrə Tehranda ABŞ-nın diplomatik maraqlarını təmsil edir.
Xatırladaq ki, iyul ayında Bayden administrasiyası İranın Trampa sui-qəsd planı ilə bağlı kəşfiyyat məlumatı aldığını bildirib və bu məlumat Məxfi Xidməti onun yenidən seçki kampaniyası üçün təhlükəsizliyi gücləndirməyə vadar edib. Keçən həftə ABŞ Ədliyyə Departamenti iranlı bir adamı kirayəlik qətl planının bir hissəsi olaraq Trampa sui-qəsd təşkil etməkdə ittiham edib.
V. QULİYEV