EN

Ermənistanın gizlətdiyi mina xəritələri ilə bağlı vəziyyət dəyişir...

Image

Tural İsmayılov:"Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroruna əslində beynəlxalq müqavimət, bir etiraz olmalıdır" 

Ermənistanın Azərbaycan ərazisində həyata keçirdiyi mina terrorunun bütün bölgə üçün yaratdığı təhlükə göz qabağındadır. Terrorçu ölkə Azərbaycana minalanmış ərazilərin xəritələrini vermir və ölkəmizin səylərinə baxmayaraq, beynəlxalq aləm tərəfindən bu ölkəyə heç bir təzyiq  göstərilmir. 

Buna baxmayaraq, Azərbaycan bu istiqamətdə səylərini davam etdirir və bu problemi beynəlxalq tribunalarda səsləndirir, dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltməyə çalışır. Bu baxımdan, COP29 tədbirləri çərçivəsində mina probleminin gündəmə gətirilməsi diqqət çəkəndir.  

COP29 çərçivəsində keçirilən ANAMA-nın və BMT-nin İnkişaf Proqramının təşkil etdiyi "Cığırın tənzimlənməsi: İqlim dayanıqlılığı və dayanıqlı inkişaf üçün mina təhlükəsi ilə mübarizə" mövzusunda tədbirdə Azərbaycanda mövcud olan mina problemi müzakirəyə çıxarılıb. 

Ermənistanın işğalı dövründə Azərbaycan Respublikasının ərazilərində  təxminən 1,5 milyon mina basdırılıb. Tədbirdə 1, 5 milyon minanın ekoloji təsiri barədə danışılıb. 

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib ki, bu minalar və partlamamış hərbi sursatlar (PHS) torpağın bir vaxtlar zəngin olan bioloji müxtəlifliyini məhv edərək münbit torpaqları çirkləndirib, kənd təsərrüfatının məhsuldarlığına zərər vurub və əsaslı qoruma tədbirlərinə mane olub. 

Bu partlayıcı sursatlar təsadüfən və ya minatəmizləmə əməliyyatları zamanı partladıqda ağır metallar və digər toksinlər torpağa və havaya yayılaraq onu çirkləndirir. Bu kimyəvi çirklənmə bitki həyatına, vəhşi təbiətə və kənd təsərrüfatına uzunmüddətli risqlər yaradır, meşələrin bərpasını və əkin torpaqlarının bərpasını çətinləşdirir.

Ermənistanın Azərbaycan ərazilərində basdırdığı 1,5 milyon mina məsələsinin müzakirə edilməsi, COP29 tədbirləri çərçivəsində qaldırılması gələcəkdə Ermənistana qarşı beynəlxalq təzyiqin yaranmasına səbəb ola bilərmi?

Nəzərə alsaq ki, bu tədbirdə müxtəlif xarici ölkələrin təmsilçiləri var və onlar Ermənistanın qarşısına tələb qoya bilərlər ki, mina xəritəsini Azərbaycana versin. Yaxud ən azından Ermənistanın ekoloji terrora görə məsuliyyətini ona xatırlada, eləcə də beynəlxalq təşkilatlar qarşısında Ermənistanın cəzalandırılması ilə bağlı məsələ qaldıra bilərlər. 

"Əlbəttə, BMT nəzdində müəyyən ölkələr Ermənistana mina terroruna görə beynəlxalq təzyiqi göstərəcəklər"

Politolq Tural İsmayılov "Bakı xəbər" ə şərhində bildirdi ki, əlbəttə, bu gün Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru qəbuledilməz bir məsələdir. "Bu həm də iqlim problemi deməkdir. Çünki torpaqların minalanması təkcə insanlıq əleyhinə törədilmiş çoxvektorlu cinayət deyil, yəni bu yalnız vətəndaşlarımızın mina terroruna qurban getməsi, həyatlarından məhrum edilməsi, yaxud da bədən üzvlərinin hər hansısa bir hissəsini itirməyi ilə nəticələnməyib, eyni zamanda Ermənistanın mina terroru nəticəsində Azərbaycan torpaqları zədələnir, ekologiyaya ciddi zərbələr vurulur. Bu da, təbii ki, nəticədə həm də iqlim terrorunun davam etməsi deməkdir". 

T.İsmayılov qeyd etdi ki, bu baxımdan da dünya Ermənistanın mina terroruna səssiz qalmamalıdır. "Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroruna əslində beynəlxalq bir müqavimət, bir etiraz olmalıdır. Amma təəssüflər olsun ki, qlobal cameə hələ də Ermənistanın nazı ilə oynayır və onun şıltaqlıqlarına göz yummaqda davam edir. O baxımdan da Azərbaycan ərazilərinin minalanması məsələsinin bir problematika kimi COP29 tədbirində qaldırılması vacib əhəmiyyətə malikdir. Çünki COP BMT-nin ən önəmli tədbirlərindən biridir. Burada Ermənistanın ərazilərimizi minalamasının qeyd edilməsi bu platformada Azərbaycanın haqq işinin, haqq səsinin növbəti dəfə eşidilməsinə səbəb olub. Əlbəttə, BMT nəzdində müəyyən ölkələr Ermənistana qarşı mina terroruna görə beynəlxalq təzyiqi göstərəcəklər. Amma gələcəkdə hansısa bir formada, özəlliklə ermənipərəst dairələrin mina məsələsinə görə Ermənistana səs çıxarmasının özü şübhə altında qalır. Amma hər bir halda, hesab edirəm ki, bu məsələnin beynəlxalq aləmdə müzakirəyə çıxarılması, COP-da müzakirə olunması vacib əhəmiyyətə malikdir"-deyə T.İsmayılov bildirdi. 

İradə SARIYEVA





Chosen
41
baki-xeber.com

1Sources