Qəbələdəyik...
Millimizin çətin sıqdan üzüağ çıxmaq məqsədilə döyüşə atılacağı saata, yəni 18.00-a çox yox, cəmi bir neçə dəqiqə qalıb. Təbii ki, oyunun başlaması üçün səbirsizlənənlər sırasında biz jurnalistlər də varıq. Qəbələnin dumanlı dağlarının ətəyində yerləşən stadionun media sektorunda əyləşib həm oyunla bağlı proqnozlarımızı bölüşürük, həm baş məşqçi Fernando Santuşun start heyətini müzakirə edirik, həm də isinmək üçün meydana çıxan futbolçularımızı izləyirik. Portuqaliyalı mütəxəssisin ilk "11-lik"lə bağlı yalnış seçim edib-etmədiyi hələ bəlli deyil. Hər halda, təlim-məşq toplanışında özünü ən yaxşı tərəfdən göstərənlər meydana çıxacaq. Bəhlul Mustafazadənin start heyətində olmaması diqqəti çəkir. Hələ ki "cənab Santuşun bir bildiyi var" deməkdən başqa çarə yoxdu.
Hə, dedim axı, millimiz isinir. Hətta adı start heyətində olmayan futbolçular da, xüsusilə Amin Seydiyev və Ceyhun Nuriyev böyük həvəslə məşq edir. Futbolçular bir-biriylə paslaşır, bəzən söhbət edirlər. Heç birində nigaranlığın hiss olunmaması sevindirici haldı. Arxayın və istəkli görünürlər. Bəli-bəli, həmin davranışlarla laqeydlik arasında çox incə cizgi var. Amma komandamızın qələbə qazanacağına inandıqlarına əminəm. Meydanda başverənlər öz yerində. Meydandan kənarda dayanan futbolçumuz da diqqəti yayındırmadı. Almaniyanın 2-ci bundesliqa klubu "Nürnberq"də çıxış edən, son oyunlardakı uğurlarıyla hər birimizin sinəsini qabardan Mahir Emreli bir qədər qəmgin görünür. Slovakiyaya qarşı matçda qırmızı vərəqə aldığına görə cəzalı duruma düşən hücumçu isinən komanda yoldaşlarını izləyir.
Meydan sulanmağa başladı. Azarkeşlər də yavaş-yavaş tribunadakı yerini tutur. Maraqlıdı ki, tribunalarda "Turan Tovuz"un bayraqları dalğalanır. Son məlumata görə görə, 1800 biletin hamısı satılıb. Deməli, yığmamız dəstəksiz qalmayacaq. İndi isə döyüşmək zamanıdı. Estoniya bizdən güclü olmamalıdı!
Heç olmasa, bu dəfə... C liqasını bizə çox görməyin... Haydı döyüşə, igidlər!
KƏNAN BAHADIR