EN

Malcolm X-in ailəsindən ABŞ-a qarşı 100 milyon dollarlıq iddia - 59 il əvvəl nə baş verib?

ABŞ-da qaradərili müsəlman aktivist Elhac Malik əl-Şəbazın (Malcolm X) ailəsi irqçilik əleyhinə liderin öldürülməsi ilə bağlı ABŞ hökumətini, Ədliyyə Nazirliyini, Mərkəzi Kəşfiyyat İdarəsini (CIA), Federal Təhqiqat Bürosunu (FBI) və Nyu York Polis İdarəsini (NYPD) ittiham edərək, 100 milyon dollarlıq məhkəmə iddiası qaldırıb.

Qaynarinfo xəbər verir ki, bununla bağlı hüquq müdafiəçisi Ben Krump açıqlama verib.

"XXI əsrin ən böyük fikir liderlərindən biri olan Malcolm X-in öldürülməsi üçün sui-qəsd təşkil etdiklərinə inandığımız ABŞ hökuməti, FBI, CIA  və NYPD-yə qarşı 100 milyon dollarlıq iddiamızı rəsmi olaraq elan edirik", deyə o bildirib.

Krump son üç il ərzində "hər gün, hər həftə, hər ay yeni sübutların üzə çıxdığını" və bu sübutların Malcolm X-in qətlini aydınlaşdıracaq əhəmiyyətə malik olduğunu iddia edib.

Qaradərili hüquqşünas əlavə edib:

"Malcolm X-in öldürüldüyü otaqda doqquz gizli polis əməkdaşının olduğunu bilirik. Bundan başqa, Eugene Roberts adlı şəxsin "Nation of Islam" Malcolm X-in fəaliyyətləri və Afro-Amerika birliyi kimi təşkilatlara sızmaqla vəzifələndirilmiş qaradərili gizli polis əməkdaşlarından biri olduğunu da bilirik. Malcolm X sui-qəsdinin hər tərəfində barmaq izləri var və nəhayət, bunu sübut edəcək dəlillərə sahib olduğumuza inanırıq".

Malcolm X-in qızı İlyasah Şəbaz atasının qətlinin araşdırılması ilə bağlı aparılan işlərə görə təşəkkür edib:



"Beş bacım adından burada istedadlı və etik, hüquq ekspertləri qrupu ilə birlikdə dayandığım və atamızın qətlinə görə ədalət axtararkən həqiqətin tarixə yazılmasını təmin etməyə çalışdıqları üçün minnətdaram".
 

Malcolm X sui-qəsdi

Malcolm X 21 fevral 1965-ci ildə, 39 yaşında ikən Nyu-Yorkun Harlem bölgəsində yerləşən, o vaxtkı adı ilə "Audubon Ballroom" kimi tanınan konfrans salonunda çıxışı zamanı kimliyi məlum olmayan şəxslərin atəş açması nəticəsində həyatını itirib.

Malcolm X-in ölümündə kimin əsas rol oynadığı illərdir müzakirə mövzusu olaraq qalır. Sui-qəsdin ardınca həbs olunan üç nəfər ömürlük həbs cəzasına məhkum edilsə də, bu cinayətin sifarişçisinin kim olduğu hələ də tam olaraq aydınlaşdırılmayıb.

Malcolm X-in öldürülməsi ilə bağlı həbs olunmuş Aziz Məhəmməd və Halil İslamın işləri 2020-ci ildə "Netflix" platformasında yayımlanan Malcolm X haqqında sənədli filmdən sonra yenidən araşdırılmışdı.

"Netflix" platformasında yayımlanan Malcolm X sənədli filmində onun qatili olmaqda ittiham edilən şəxslərə qarşı çox az sübutun olduğu və onların ədalətsiz şəkildə həbs edildiyi iddia edilmişdi. Filmdə, həmçinin tanıq ifadələrində ciddi ziddiyyətlərin mövcud olduğu və bu ziddiyyətlərin hadisənin hüquqi araşdırmalarında nəzərə alınmadığı vurğulanmışdı. Bu açıqlamalar işə yenidən baxılması üçün təzyiqi artırmış və nəticədə Aziz Məhəmməd və Halil İslamın günahsız olduğuna qərar verilmişdi.

2021-ci ilin noyabrında Nyu-York Ali Məhkəməsinin hakimi Ellen Biben Malcolm X-in öldürülməsi ilə bağlı ittiham olunan Aziz Məhəmməd və Halil İslam haqqında ittihamların rəsmən ləğv edildiyini elan etmişdi.

20 il həbsdə qaldıqdan sonra azadlığa buraxılan Məhəmməd hökumət orqanlarına qarşı açdığı iddiada 26 milyon dollar təzminat alıb, 2009-cu ildə vəfat edən Halil İslamın ailəsinə isə 10 milyon dollar ödənilmişdi.

Həmin il Nyu-York Polis İdarəsinin keçmiş əməkdaşı Raymond Vudun ailəsi, onun 2011-ci ildə yazdığı bir məktubu açıqlamışdı. Bu məktubda, Nyu-York Polis Departamenti (NYPD) və ABŞ-ın Federal Təhqiqat Bürosunun (FBI) Malcolm X-in qətlindəki bəzi detalların üstünü ört-basdır etdiyi iddia edilirdi.

Vud məktubunda Malcolm X-in mühafizə komandasının üzvlərinin, qətldən bir neçə gün əvvəl tutulmaları üçün cinayət törətməyə təhrik edildiyini də qeyd etmişdi.

Aydın

Chosen
10
qaynarinfo.az

1Sources