EN

Fernando Santos: “Bu gün oyunumuzda yalnız qol çatışmadı”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernando Santos bu gün Estoniya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, millimiz UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində bu gün Estoniya yığmasını qəbul edib.

Qəbələ şəhər stadionunda baş tutan bu oyunda qalib müəyyənləşməyib – 0:0.

Fernando Santos matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Rəqibin qapıçısı çox yaxşı oyun nümayiş etdirdi. İlk 20 dəqiqə bərabər səviyyədə keçdi. 20-ci dəqiqədən sonra biz oyunu yalnız hücumda keçirdik. Futbolçularım qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Sonda lazım olan qolu vura bulmədik. Futbolda belə hallar olur. Oyunçuların yanaşması fərqli idi, sona qədər qələbə qazanmaq istəyirdilər. Qalib gələ bilmədiyimiz üçün məyusuq. Rəqib komanda şəklində çox yaxşı müdafiə olundu. Futbolçularıma deyəcəyim bir sözüm yoxdur.

D Liqasına düşmək istəmirdik. Təəssüf ki, belə oldu. Son oyunlarda komandanın performansı göstərir ki, düzgün yoldayıq. Sonuncu pillədə olmağımız ürəkaçan deyil. Son 3 matçda rəqiblərdən daha yaxşı oynamışıq. Müdafiədəki səhvlərimizdən qollar buraxmışıq. Bu gün isə müdafiə xətti səhvsiz oynadı. Bu matçda çatışmayan yalnız qol idi. Əvvəlki oyunlarda isə qol vura bilirdik. Futbolçular əllərindən gələni etdilər. Bu gün Mahir Emreli yox idi, Renat Dadaşov isə zədəlidir. Bu iki futbolçu milli üçün çox önəmlidir. Musa Qurbanlı neçə vaxtdır oynamırdı. Amma bu gün heç də pis təsir bağışlamadı. Hücum xəttində yaxşı oyunçularımız var. Çox təəssüf ki, hücumameyilli yarımmüdafiəçilər çempionatda onamır. Klublarda əsasən bu mövqedə legionerlər çıxış edir. Əlimizdə olan materialla işləyəcəyik. Hücumçular üçün vacib amil qol vurmaqdır. Qol vuranda daha da yaxşı oynayırlar.

“Azərbaycanda yaxşı oyunçular var”

Fikrimi bundan öncə daha ətraflı ifadə etmişdim. Bura gəlməkdə məqsədim odur ki, AŞ-2028-də çıxış etmək üçün komanda qurum. Belə şərt olmasaydı, bura gəlməzdim. Məni gətiriblər ki, bu layihənin bir hissəsi olum. İnanıram ki, istəyimizə nail olacağıq. Mən sizə ümid vermirəm. Bura bir layihəni icra etməyə gəlmişəm. Bunun da qaydası var. Məqsədimiz qarşıdakı 4-5 ildə mübariz Azərbaycan millisi qurmaqdır. Eyni zamanda da məqsədimiz oyunçu yetişdirməkdir. Hər dəfə daha yaxşı heyət qurmağa çalışırıq. Milliyə gənc oyunçular dəvət edirik. Dünyada bütün millilər bu yolu gedirlər. Əgər biz bu yoldan çıxsaq, səhv edərik. Federasiya rəhbərliyi ilə birlikdə, hamılıqla bunun üzərində işləyirik. Başqa yolu legioner futbolçuları milliləşdirməkdir. Azərbaycanda yaxşı oyunçular var. Onlar çox yaxşı texniki keyfiyyətlərə malikdir. Bunu komanda şəklində etməyə çalışmalıyıq. İnanın ki, zərrə qədər də şübhəm yoxdur. Başqa yolu seçsək, bir oyun qələbə qazanacağıq, bir oyun məğlub olacağıq.

Növbəti matçlarımız mart ayında olacaq. Rəqibin zəif və ya güclü olması fərq etmir. Azərbaycan milisi sonuncu dəfə Monqolusta qalib gəlib. Ən azından bu yadda qələbə kimi qalıb. Qarşıda bizi düyna çempionatının seçmə mərhələsi gözləyir. Orada da güclü rəqiblərlə qarşılaşacağıq.

10 il qabaq Gürcüstan millisinin üzvləri də milli çempionatda çıxış edirdilər. Gürcüstan yığması komanda şəklində inkişaf etməyə başladı. Daha güclü çempionatda oynamaq futbolçular üçün çox vacibdir”.

“Futbolda ən önəmli şey nəticədir” – Yurgen Henn

Estoniya millisinin baş məşqçisi Yurgen Henn isə oyuna belə şərh verib:

“Azərbaycanla oyunlar nəticə baxımından bizim xeyrimizə oldu. Epizodları dəyərləndirsək, bərabər oyun getdiyini deyə bilərik. Bu gün ikinci hissə bizim üçün çətin keçdi. Üzərində işləməli olduğumuz çox məqam var. Futbolda ən önəmli şey nəticədir. Oyundan əvvəl biz daha əlverişli vəziyyətdə idik.

Stadionu çox bəyəndim. Çox bəxtəvərsiniz ki, belə stadinonunuz var. Estoniyada belə şəraiti olan komandalar azdır. Bizi burada çox yaxşı qarşıladılar. Hər şey üçün təşəkkür edirik”.

Chosen
19
arena.az

1Sources