EN

Bakı təntənələri turistləri heyran qoyur

Bir neçə gündür ki, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) 29-cu Tərəflər Konfransı işə başlayıb. Tədbir ilə əlaqədar ölkəyə gələn turistlərin sayı da xeyli artıb. Qonaqlar təkcə tədbirdə iştirak etmir, həm də respublikanın milli-mənəvi dəyərlərinə - musiqi və mətbəxə böyük maraq göstərirlər.

Ruandalı Bright Ntare XQ-yə müsahibəsində COP29-da iştirak etmək üçün Azərbaycana gəldiyini dedi. Artıq 1 həftədir ki, Bakıdadır:

– İqlim dəyişiklikləri ilə məşğul oluram. Bu mənim vəzifəmdir. Konfrans dünyamız üçün mühüm önəm daşıyır. Heç birimiz iqlim dəyişikliyinin dəhşətli fəsadlarından sığortalanmamışıq. Bu gün Afrika ölkələri iqlim dəyişikliklərinə görə ən çox əziyyət çəkənlər sırasındadır. Bakıda bu nüfuzlu sammitdə mühüm qərarlar qəbul etdik. Yerin orta temperaturu və hava şəraitinin uzunmüddətli dəyişməsi dünyanı narahat edir. Gələcək onilliklərdə vəziyyətin daha da pisləşəcəyi ehtimalı olsa da, elm adamları təcili tədbirlərin iqlim dəyişikliyinin ən pis təsirlərini məhdudlaşdıra biləcəyini düşünürlər.

Bakıda ilk dəfə olduğunu bildirən afrikalı qonaq şəhərimizin onu heyran etdiyini dedi. O qeyd etdi ki, Bakı gözəlliyi ilə yanaşı, təmizliyi ilə də diqqət çəkir:

– Parklar, xiyabanlar şəhərə xüsusi gözəllik verir. Yol kənarlarında əkilmiş ağaclar diqqətimi çəkdi. Sevindirici haldır ki, yeni ağaclar, kollar əkilir. Bu, ətraf mühitin qorunması üçün çox vacibdir.

Hollandiyalı Markku Jaatinen təbiəti çox sevir. O, bizimlə söhbətində bildirdi ki, Azərbaycanda da ətraf mühitin qorunması diqqətə layiqdir.

– Azərbaycan ilə bağlı məlumatlı idim. Pilotam və səfər etməyi xoşlayıram. Azərbaycan maraq göstərdiyim ölkələrdən biridir. Azərbaycanın iqlimi rəngarəngliyi ilə fərqlənir. Bu əsrarəngiz müxtəliflik, həm də turistləri özünə cəlb edir. Ölkənizdə qış mülayim keçir. Yay da o qədər də isti olmur. Əsl yaşamalı yerdir. Elə insanları da mülayim təbiətlidir.

Yeməkləriniz fərqli və çoxçeşidlidir. Hansı yeməyin dadına baxıramsa, xoşuma gəlir. Kabablar xüsusilə yaxşı hazırlanır. Restoran və kafelərdə təmizliyə xüsusi diqqət yetirilir.

Bakıda gəzməli, görməli yerlər çoxdur. Şəhərdə gəzmək çox rahatdır. İnsanlar mehribandırlar. Köməyə ehtiyac duydunsa, o saat yardım əllərini uzadırlar.

Burada ətraf mühitin qorunmasına xüsusi diqqət yetirilir. Bakıda yüksək səviyyədə keçirilən COP29 bunun bariz nümunəsidir.

Pakistanlı Muhtar Han dünyanın nəbzinin bu günlər Bakıda döyündüyünü bildirdi:

– COP29-la bağlı dünyanın hər yerindən Bakıya qonaqlar gəlib. Konfrans iştirakçıları iqlim dəyişikliklərinin yaratdığı fəsadların aradan qaldırılması ilə bağlı məsələlərin həlli üçün ciddi addımlar atmağı planlaşdırırlar. Bu günlər hamımız böyük narahatlıq keçiririk. İstəyirik ki, iqlim böhranının yaratdığı təhlükələrlə bağlı əməli işlər görülsün. Qəbul edilən qərarlar kağız üzərində qalmasın.

COP bayramı ekologiyamızın müdafiəsinə yönəlmiş beynəlxalq konfransdır. Dünya gələcək nəsillər üçün təmiz, təhlükəsiz enerji irsi yaradır. Belə konfransın Bakıda keçirilməsi təqdirəlayiqdir. Çünki Azərbaycan ekoloji problemlərin həllində müəyyən məsuliyyəti öz üzərinə götürə bilir. Ölkənizin təbiəti, yaşıllıqlar zövqümüzcədir.

Rusiyalı Yekaterina Krylova ilk dəfədir Azərbaycana gəlib. Dedi ki, burada olduğu 2 həftə ərzində şəhərin görməli yerlərini gəzib:

– Azərbaycan irimiqyaslı tədbirlərə yüksək səviyyədə evsahibliyi edir. COP29-a hazırlıq tədbirləri də təqdirəlayiqdir. Hər şey əladır. Demək olar ki, idealdır. Bu mötəbər tədbirdə dünyanın hər yerindən çoxlu nümayəndə heyəti gəlib. Mövzu müasir dövr üçün çox vacibdir.

Aydındır ki, iqlim böhranı sərhəd tanımır, hamımıza təsir edir. Bu səbəbdən Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının COP29 konfransına böyük maraq var. Çünki konfransın əsas gündəliyi xüsusilə həssas ölkələr üçün iqlim dəyişikliyi ilə mübarizə məqsədilə lazımi maliyyənin necə təmin edilməsidir. Regionda təbii fəlakətlərlə effektiv mübarizə aparmaq üçün əməkdaşlıq zəruridir. Bu baxımdan ekoloji problemlərdən qorunmaq üçün dünya ölkələri həmrəy olmalıdırlar.

Azərbaycanda olduğum müddətdə muzeyləri gəzdim. Qədim xalçaçılıq sənəti ilə bağlı çoxlu məlumat topladım. Regionlara da səfər etmək fürsətini qaçırmadım. Gəncə şəhərində və Quba rayonunda da oldum.

Abdullah Saleh Samed COP29-da iştirak etmək üçün Dubaydan gəlib. Özünün İordaniyadan olduğunu deyən logistika üzrə mütəxəssis Bakının COP29-a yüksək səviyyədə hazırlaşdığını dedi:

– Bu mötəbər konfransda müzakirə edilən məsələlər dünyanın diqqət mərkəzindədir. Mən də tədbirdə iştirak edəcəyəm. Bu gün bəşəriyyəti ən çox narahat edən problemlərdən biri iqlim dəyişmələridir. İqlim böhranı təhlükəsini yaradan amillər, onunla mübarizə aparmaq yolları araşdırılır. Bu tədbir iqlim fəaliyyətində Azərbaycanın qlobal əməkdaşlıq üçün yüksək standartlar müəyyən etmək səylərini əks etdirir. İnanırıq ki, COP29 dünya üçün böyük töhfələr verə bilər.

Qonaq Bakı ilə bağlı xoş təəssüratlarını da bildirdi:

– İndiyədək 14 ölkədə olmuşam. Ölkəniz, paytaxt Bakı xüsusilə xoşuma gəldi. Şəhər təhlükəsiz və çox gözəldir. “Dənizkənarı Bulvar”, “Köhnə şəhər”, “Ağ şəhər” və digər yerlər möhtəşəmdir. Xalqınız qonaqpərvər və mehribandır. Bir sözlə, Azərbaycanda olmaqdan xoşbəxtik. Memarlıq baxımından çoxsaylı görməli yerləri olan Bakı sanki “Şərqin Parisi”dir. Tarixi abidələr, çoxmədəniyyətli mühit və yaşıl parklar gözlərimdən yayınmır. Alış-veriş mərkəzlərindən xeyli müxtəlif əl işləri və suvenirlər almışam. Paytaxtınızın hər küçəsində, hər yerində COP29 abu-havası var.

Leyla QURBANOVA,
Vüsalə ƏLİYEVA,
Rizvan FİKRƏTOĞLU,
Cavid QAÇAYEV (foto)
XQ

Chosen
46
xalqqazeti.az

1Sources