EN

Ağstafada ekoloji müzakirə

VASSERŞTAYN İsveçrə – Azərbaycan Plantasiyaları çərçivəsində həyata keçiriləcək beynəlxalq layihələr Ağstafada müzakirə olunub.

Paytaxtımızda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən panel müzakirələr üçün Azərbaycanda işgüzar səfərdə olan İsveçrənin “iCsquared GmbH” şirkətinin prezidenti Zoltan Ştuçlikin başçılıq etdiyi nümayəndə heyəti Ağstafa rayonuna səfər edib.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov nümayəndə heyətini aparatın inzibati binasında qəbul edib. COP29-da iştirak edən xarici qonaqlar, Azərbaycanın təşkilatçılıq qabiliyyətinin, qonaqpərvərliyinin və peşəkarlığının ən yüksək səviyyədə olduğunu vurğulayıblar.

Seymur Orucov ölkələrimiz arasında mövcud olan müsbət siyasi və iqtisadi münasibətlərdən söz açaraq şirkətin Ağstafada icra edəcəyi beynəlxalq layihələrin ümumilikdə bölgəmizin aqrar sahəsinin inkişafına böyük töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə ABAK-da (Ağstafa Beynəlxalq Aqro – klasterlər) VASSERŞTAYN İsveçrə-Azərbaycan Plantasiyaları çərçivəsində həyata keçiriləcək layihələr əsasında ayrılacaq torpaq sahələri, özünüməşğulluğun təmin edilməsi məqsədi ilə işlərə yerli sakinlərin cəlb olunması, suvarmaya əlçatanlıq, maşın-mexanizmlərdən istifadə, anbarlama və sair bu kimi vacib məsələlər müzakirə olunub.

Qonaqlara Azərbaycanın milli-mənəvi dəyərlərini təcəssüm etdirən hədiyyələr təqdim olunub. Sonra Ağstafa rayon Heydər Əliyev Mərkəzi ziyarət olunub, ağstafalı mədəniyyət və incəsənət nümayəndələri qonaqlar üçün klassik və milli musiqilərimizdən nümunələr ifa ediblər.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Ağstafa

Chosen
16
3
xalqqazeti.az

5Sources