EN

Hersoqun Bakı səfəri niyə ləğv edildi? – Sensasion səbəb

Xəbər verdiyimiz kimi, İsrail Prezidenti İshaq Hersoq COP29-da iştirak üçün 19 noyabrda Bakıya planlaşdırılan səfərini ləğv edib. İsrail Prezidentinin Ofisi səfərin ləğvinə səbəb kimi təhlükəsizlik məsələlərini göstərib.

Axar.az xəbər verir ki, “Caliber.az” Azərbaycan Xarici İşlər Nazirliyindəki yüksək vəzifəli mənbəyə istinadla İshaq Hersoqun Azərbaycana səfərinin ləğv edilməsinin səbəbinin heç də təhlükəsizlik məsələsi olmadığını açıqlayıb.

“Dəfələrlə böyük regional və dünya tədbirlərinə (Avroviziya, Avropa Oyunları, Qoşulmama Hərəkatının sammiti və s.) ev sahibliyi edən Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Mübaliğəsiz demək olar ki, Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Bunu bu il mayın 30-da Bakıda səfərdə olan Prezident Hersoq da daxil olmaqla, çoxlu sayda İsrail rəsmisi, o cümlədən ölkənin ali rəhbərliyinin Azərbaycana gəlməsi də təsdiqləyir. Baş nazir Netanyahu da 2016-cı ildə Azərbaycana bir günlük səfərə gəlmişdi”, - məlumatda bildirilib.

Qeyd edilib ki, Azərbaycanda COP29-un keçirilməsi ilə əlaqədar on minlərlə qonağın və yüzə yaxın dünya liderinin və yüksək səviyyəli nümayəndə heyətlərinin rəhbərlərinin ölkəyə gəlməsi kontekstində də misli görünməmiş təhlükəsizlik tədbirləri həyata keçirilir:

“Hersoqun Azərbaycana səfərini ləğv etməsinin səbəbi tamam başqa müstəvidədir. Mənbənin məlumatına görə, Türkiyə İsrail prezidentinin təyyarəsinin öz hava məkanından istifadəsinə qadağa qoyub. Təəssüf ki, diplomatik kanallar vasitəsilə bir neçə gün davam edən intensiv danışıqlar heç bir nəticə verməyib. Azərbaycan COP29-un keçirilməsi üçün inklüziv konsepsiya təqdim edir və orada bütün tərəflərin iştirakına şərait yaradır, lakin İsrail prezidentinin səfəri ətrafında vəziyyət ölkəmizdən asılı olmayan səbəblərdən inkişaf edib”.

Qeyd edək ki, İsrail Prezidenti İshaq Hersoq 19 noyabrda 3 nazir və 100-dən çox nümayəndə ilə COP29-a qatılacağını açıqlasa da, ötən gün səfərin ləğv edildiyi elan edilib.

Chosen
92
5
axar.az

8Sources