EN

İsrail prezidenti COP-29 tədbirinə nədən qatıla bilməyib?

"Mübaliğəsiz demək olar ki, Bakı dünyanın ən təhlükəsiz şəhəridir..."
 
İsrail prezidenti İshaq Hersoq Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən iqlim dəyişiklikliyi üzrə BMT Konfransına qatıla bilməyib.
 
Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co.il" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, buna səbəb bəzi xarici KİV-lərin qeyd etdiyi kimi təhlükəsizlik problemləri deyil, Türkiyənin öz hava məkanından İsrailin birinci şəxslərinin təyyarə uçuşları üçün istifadə edilməsinə icazə verməməsidir.
 
"Təəssüf ki, bir neçə gün ərzində diplomatik kanallarla davam edən danışıqlar nəticə verməyib. Azərbaycan COP-29 konfransının keçirilməsi üçün bütün tərəflərə bərabər iştirak etmək imkanı yaradır. Lakin İsrail prezidentinin gəlişi ətrafında vəziyyət ölkəmizdən asılı olmayan səbəblərdən yaranıb", - bunu Azərbaycanın "Kalibr" xəbərlər saytı yazıb.
 
Üstəlik, sayt qeyd edir ki, Azərbaycanda nüfuzlu beynəlxalq forumun keçirilməsi ilə əlaqədar olaraq Bakıya on minlərlə qonaq və yüzlərlə lider və yüksək vəzifəli şəxslərin gəlişi fonunda misli görünməyən təhlükəsizlik tədbirləri görülür.
 
İshaq Hersoq Bakıya bir neçə saatlıq səfər etməyi planlaşdırıb, lakin dünən axşam İsrail prezidenti iqamətgahından məlumat verilib ki, "vəziyyəti nəzərə alaraq və təhlükəsizlik mülahizələrinə görə səfərin təxirə salınması barədə qərar verilib".
 
Nəşrin məlumatında deyilir ki, prezident Hersoq Azərbaycan prezidentinə bu məsələni Türkiyə ilə həll edilməsi xahişi ilə müraciət edib. Lakin aparılan danışıqlar nəticəsiz qalıb.
 
Qeyd edək ki, İsrail nümayəndə heyəti COP-29 konfransında ekologiya, energetika və nəqliyyat nazirləri ilə təmsil olunub və Bakıda yerli təhlükəsizlik qüvvələrinin ciddi nəzarəti altındadır.
 
"Azərbaycanda dəfələrlə iri regional və dünya miqyaslı tədbirlər keçirilib, bunların sırasında "Avroviziya", Avropa Oyunları, Qoşulmamaq Hərəkatının sammitini qeyd etmək olar. Bu zaman belə tədbirlərdə təhlükəsizlik ən yüksək səviyyədə təmin edilib", - nəşr yazıb.
 
"Mübaliğəsiz demək olar ki, Bakı dünyanın ən təhlükəsiz şəhəridir. Bu, onunla da təsdiq edilir ki, Azərbaycana İsrailin çoxlu sayda rəsmi şəxsləri gəlib, onların arasında bu ilin mayın 30-da prezident Hersoq da olub. İsrail baş naziri Binyamin Netanyahu həmçinin 2016-cı ildə bir günlük Azərbaycanda səfərdə olub", - nəşr yazıb.
Chosen
42
moderator.az

1Sources