EN

"Hər cəlladın bir payızı var imiş..."

"Arqument.az" Cavid Fərzəlinin "Fotoqraf" adlı şeirini təqdim edir: 

Çəkə bilsən, 
bir fotomu çək mənim...
Elə çək ki, gözümün altındakı əsarət kölgəsi,
boyumdakı dəyənək yeri görünsün.

Bax, sən də bax, fotoqraf,
Bu dəyənək yerinə bir də bax,
Gör necə sarılıb boyuma,
Əllərimdən ayrılıq düşməmiş,
Bu yarpaq ömrüm saralır mənim.

Nə 37 repressiya, nə edam baharı - 
Hər cəlladın bir payızı var imiş.
Sən də çək bu yolda payıza düşən ayaqlarımı...

Tanrının payızından keçənlər,
Qırmızı payızdan qurtula bilməyir.
Hər səhər üzü düşür günəşin
dar ağacından!

Polislərdən qaça bilməyim deyə, 
Başımın üstündə dayanıb kölə buludlar.

Əqrəbləri bıçaq kimidir zamanın
Hər günümün başın kəsir.
Qanı tökülmüş bir ağacam.
Yarpaqlarım can verir 
küləklərin ayağının altında!

Çəkə bilsən, çiyinlərimin qorxusunu çək,
Dayanmışam
bu heykəl soyuğunda,
Ovuclarım qucaq açır barmaqlarıma.

Çəkə bilsən,
əllərimin savaşında
edam gününün eybəcərliyini,
dar ağacına düşən üzümü çək!

Qoy küçələrin ürəyi buz bağlasın,
Şeirim dillərdə üşüsün belə,
Bu cəllad payızı qışa döndərsin məni...


Chosen
32
arqument.az

1Sources