EN

AYİB COP29 çərçivəsində Azərbaycanda bərpa olunan enerji sektoruna əhəmiyyətli investisiyalar ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) COP29 çərçivəsində Azərbaycanda bərpa olunan enerji sektoruna əhəmiyyətli investisiyalar ayırdığını elan edib.

Fins.az-ın məlumatına görə, AYİB Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda iki böyük günəş elektrik stansiyasının tikintisi üçün hər birinə 160 milyon ABŞ dolları vəsait ayıracaq. Ümumi gücü 760 MVt olan bu layihələr "Masdar" və "SOCAR Green" şirkətləri tərəfindən həyata keçirilir. Biləsuvarda 445 MVt və Neftçalada 315 MVt gücündə günəş elektrik stansiyaları Cənubi Qafqazda bərpa olunan enerji sahəsində ən iri layihələr olacaq. Tikinti artıq başlayıb və hər iki obyektin 2027-ci ilə qədər istismara verilməsi planlaşdırılır.

Bu investisiyalar, Azərbaycanın ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payını 2030-cu ilə qədər 30 faizə çatdırmaq məqsədinə nail olmaq yolunda mühüm bir addımdır.

AYİB-nin Dayanıqlı İnfrastruktur Qrupu üzrə idarəedici direktoru Nandita Parşad qeyd edib: "Biz bu gün Cənubi Qafqaz regionunda ən böyük olan bu günəş elektrik stansiyalarını maliyyələşdirməkdən məmnunuq. Bu stansiyalar hər il CO2 emissiyalarını 600 min ton azaltmaqla yanaşı, 300 minə qədər evi "yaşıl" enerji ilə təmin edəcək və regionun bərpa olunan enerji bazarını dəyişəcək".

AYİB iqlim tədbirlərinin maliyyələşdirilməsi və dayanıqlı infrastruktur üçün özəl investisiyaların səfərbər edilməsində liderdir. 2023-cü ildə Bank 6,5 milyard avrodan çox "yaşıl" maliyyələşdirmə təqdim edib ki, bu da ümumi investisiyaların 50 faizini təşkil edib.

Azərbaycanda 30 ildən artıq fəaliyyət göstərən AYİB, Qafqazda ən böyük institusional investor olaraq 191 layihə çərçivəsində ölkəyə 3,7 milyard avrodan çox sərmayə qoyub. Bu layihələr arasında "Masdar" şirkəti tərəfindən yaxınlarda istifadəyə verilmiş Azərbaycanın ilk kommersiya məqsədli günəş elektrik stansiyası da var. Ümumilikdə, AYİB Azərbaycanda bərpa olunan enerji sahəsində 1,2 giqavat gücündə obyektlərin tikintisini maliyyələşdirməklə, ölkənin təmiz enerjiyə keçidinə verdiyi dəstəyi bir daha təsdiq edir.

Fuad Mədətov
Fins.az

Chosen
6
2
fins.az

3Sources