EN

Sənədsiz əmlak sahibi olanların nəzərinə — Ekspert açıqladı

"Sənədsiz ev və torpaq sahələrinin nəyə görə hələ də alındığı əsas məsələdir. Dövlət Əmlak Reyestrindən mülkiyyət sənədi ilə təyin edilən mənzillər və torpaq sahələri sənədsizlərə nisbətən daha baha olur. Qanuna müvafiq olaraq əslində hər hansı bir obyektin alınması zamanı insanlar həmin obyekti qiymətləndirmir. Onun üzərində olan mülkiyyət hüququnu qiymətləndirir. Əgər kiminsə obyekt üzərində istifadə etmək, alqı-satqı etmək hüququ varsa, bu mülkiyyət hüququ sayılır.Və bu hüququn qiyməti var".

Bu sözləri Demokrat.az-açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti Vüqar Oruc deyib: 

"Sözügedən sənədsiz evlərin hələ də gündəmdə olması ondan irəli gəlir ki, əhalinin az təminatlı sosial təbəqəsi daha ucuz, əlverişli torpaq sahəsi əldə etmək istəyir. 
Sənədsiz evlər də bazara ucuz qiymətə çıxarılır. Məsələn, eyni  ərazidə sənədli ev yüz min manatadırsa, sənədsiz evlər təxminən altmış min civarında olur. Sənədləşmə rəsmi olaraq böyük məbləğ tələb etməsə də, sənədləşmiş ev daha problemsizdir. Təssüf ki, bunu əhalimiz tam dərk etmir. Bu da maariflənmə səviyyəsinin aşağı olmasından irəli gəlir". 

Ekspert bildirib ki, gələcəkdə bir sıra ciddi problemlər yarana bilər:

"Həmin hüquqa iddia edən başqa şəxslər ola bilər, dövlət tərəfindən hər hansı söküntü tələbi olarsa, konpensasiya imkanları məhdudlaşar. Həmin ərazinin sahibinə kredit lazım olarsa, sənədsiz əmlakdan girov kimi istifadə hüququ olmayacaq.Baxmayaraq ki, sənədsiz əmlaklar ucuzdur, vətəndaşlar həmin əmlaklardan uzaq durmalıdırlar".

Onun sözlərinə görə, kommunikasiya xətlərindən istifadə zamanı ciddi problemlər yaranır:

"Verilmiş qərara görə sənədsiz tikililərin həmin xətlərdən istifadəsinə qadağa qoyulub. Bu ən ciddi problemdir. Vətəndaşa ev həmin kommunikasıya vasitələrindən istifadə etmək üçün lazımdır. Əgər su,qaz, istilik, kanalizasiya imkanlarından məhrumdursa, boş daş-divar vətəndaşa lazım olmayacaq. Həmin ərazi yaşayış yeri yox, sadəcə daldalanmaq yeri ola bilər. Bu baxımdan sənədsiz evlərin bazarda getdikcə ucuzlaşmasının və sıradan çıxmasının şahidi olacağıq. Prezident İlham Əliyev sosial ədalət siyasətinin aparılması istiqamətində ciddi addımlar atır. Bu yaxınlarda qeydiyyatsız yaşayış sahələrinin sahiblərinə şərait yaradıldı. Bir çox obyekt sahibləri sənədlərin alınmasını həyata keçirdi. 
2019-cu ildə hələ də təhvil- təslim aktı olmayan binaların bir çoxunun qeydiyyat məsələsində maneələr aradan götürüldü. Ondan sonra bir çox binalarda mənzillərə çıxarışların verilməsi təmin olundu. Bu tip addımların bundan sonra da atılacağı gözlənilir. Bu günə qədər tikilmiş özbaşına tikililərin  də sənədlərə malik olması ehtimalı var.
Buna baxmayaraq vətəndaş bazara müraciət edirsə, mütləq hüquqi sənədlərə fikir verməlidir. Hazırda hər şey elektron şəkildə yoxlanıla bilir. Sənədlər yoxlanmalı, müqavilə bağlanmalıdır. Əks halda  qeyd etdiyimiz problemlərlə üzləşilə bilər".

Əfsanə Kamal
Demokrat.az
Chosen
16
demokrat.az

1Sources