EN

“İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası"nın yaradılması haqqında Niyyət Məktubu imzalandı - FOTO

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) tematik günlər ətrafında təşkil olunur.

Bu barədə Milli.Az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Belə ki, 18 noyabr uşaq və gənclər, sağlamlıq və təhsilə həsr olunan İnsan İnkişafı Günü kimi müəyyənləşib.

Bununla əlaqədar iqlim və sağlamlıq mövzusunda yüksək səviyyəli dəyirmi masa keçirilib.

Tədbir zamanı "İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası"nın yaradılması haqqında Niyyət Məktubu imzalanıb. Koalisiyanın tərkibinə Azərbaycan, Böyük Britaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Braziliya daxil olub.

Tədbirdə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan iqlim və sağlamlıq arasında əlaqənin təşviqinə sadiqdir:

"İqlim dəyişikliyinin sağlamlığa təsiri artıq bütün dünyada hiss olunur. Bu təsirlər təkcə insanların rifahını deyil, həm də xüsusilə aşağı və orta gəlirli ölkələrdə səhiyyə sistemlərinin davamlılığını təhdid edir".

Nazirin sözlərinə görə, Koalisiya beynəlxalq əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirir: "Bu gün biz bu çağırışlarla mübarizə aparmaq naminə kollektiv öhdəliyimizdə irəliyə doğru mühüm bir addım atırıq. Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə biz iqlim dəyişikliyi və sağlamlığın qlobal gündəmin mərkəzində qalmasını təmin etməyə sadiqik".

Teymur Musayev çıxışında əvvəlki COP-lar çərçivəsində nəzərəçarpacaq nəticələrin əldə edildiyini vurğulayıb:

"COP26-da İqlim və Sağlamlığın qorunması naminə Transformasiya Alyansının (ATACH) yaradılması, COP27-də İqlim Fəaliyyəti və Qidalanma Təşəbbüsü (I-CAN), eləcə də Sağlamlıq üçün İqlim və Sağlamlığın Maliyyələşdirilməsi üzrə COP28-in Rəhbər prinsipləri kimi əvvəlki təşəbbüslər mühüm və möhkəm təməl qoyub. Bununla belə, biz əldə edilən nailiyyətlərlə kifayətlənməməliyik".

Nazir yeni koalisiyanın bu səyləri gücləndirmək, onların təsirini artırmaq, hökumətlər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, akademik və özəl sektordan maraqlı tərəfləri bir araya gətirmək üçün müvafiq platformanın yaradılması zərurətini bildirib: "Bu koalisiya sadəcə dialoq naminə yaradılmayıb. Niyyət Məktubunu imzalamaqla, biz planetimizin iqlim və sağlamlıq siyasətlərinin təcrid olunmadığı, eyni zamanda idarəetmə və inkişafın bütün aspektlərinə inteqrasiya olunduğu bir ortaq baxışa sadiqik."

"Biz, iqlim dəyişikliyinin bütün dünyada sağlamlığa necə təsir etdiyini görürük. Tənəffüs xəstəliklərini kəskinləşdirən temperaturun yüksəlməsindən daha tez-tez baş verən ekstremal hava hadisələrinə qədər insanların sağlamlığı təhlükə altındadır. Bununla belə, transformasiya üçün də fürsət görürük. Həm sağlamlıq, həm də iqlim fəaliyyətinə üstünlük verməklə, biz insanların həyatını qoruya, daha güclü səhiyyə sistemləri qura və davamlı inkişafa töhfə verə bilərik", - deyə Azərbaycanın səhiyyə naziri fikrini tamamlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
12
10
milli.az

10Sources