EN

Ekspert: İstehsal qiyməti artmasaydı, daha yaxşı nəticə almaq olardı

Aqrar sahəyə davamlı olaraq subsidiyalar verildiyi halda, kənd təsərrüfatı üzrə əlavə dəyərin ÜDM-də payında müsbət dinamika müşahidə olunmur. 2017-ci illə müqayisədə 2023-cü ildə bitkiçilik sahəsinə verilmiş subsidiyalar 2,2 dəfə, 1 hektara düşən subsidiya 2,4 dəfə artmış, subsidiya vahidinə düşən bitkiçilik məhsulunun dəyəri isə 12,2% azalıb.
Bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Qeyd edilib ki, 2025-ci ildə Aqrar Kredit və İnkişaf Agentliyinə 484,5 mln. manat subsidiya proqnozlaşdırılmışdır ki, bu da 2024-cü ilin proqnozundan 41,6 mln. manat və ya 9,4% çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən subsidiyaların (əkin, məhsul, toxum, heyvan və s.) 2020-ci ildən etibarən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilməsi şəffaflığın artırılmasında mühüm addım olsa da, subsidiyaların nəticəlilik baxımından müsbət təsirləri arzuolunan səviyyədə deyil. Belə ki, 2025-ci ildə bu istiqamətdə xərclərdə 2024-cü ilin proqnozu ilə müqayisədə 9,4% artım nəzərdə tutulduğu halda, bitkiçilik və heyvandarlıq sahələrində istehsalın illik artımının cəmi 0,1 faiz bəndi olması gözlənilir.       Maraqlıdır, subsidiyaların nəticəlilik baxımından təsirləri niyə arzuolunan səviyyədə deyil? Harda yanlışlığa yol verilir? 

Suallarımızı cavablandıran kənd təsərrüfatı üzrə ekspert, iqtisadçı Cəfər İbrahimli  “Sherg.az”a deyib ki, bu kimi nüanslar müzakirə edilmir:          
              
"Hər şey yaxşı kimi qələmə verilir. Lakin rəqəmlərə nəzər yetirdikdə problemlərin olduğunu görürük. Əslində subsidiya ilə bağlı yeni sistem 2017-ci ildən sonraya təsadüf edir. Həmin illə müqayisə etsək, subsidiya vahidinin çoxaldığını görəcəyik. Amma əvvəlki dövrlərə nəzərən aqrar xidmətlər sahəsində və yanacağın, gübrələrin qiymətlərində yüksəlmə müşahidə edilib. Ona görə də verilən subsidiya qiymət artımının bir hissəsini fermerə dəstək üçün sayılır. Əgər istehsal qiyməti artmasaydı, daha yaxşı nəticə almaq olardı. Əlavə olaraq subsidiya məhsuldar olmayan bitki növlərinə verilir. Bu da bir növ məhsul istehsalına xeyir vermir. Nəzərə almaq lazımdır ki, bizdə ərazilərin böyük hissəsində arpa, buğda əkilir. Xüsusi ilə 60 faizə yaxını isə sulanmayan, dəmyə sahələridir. Orada subsidiyanın rəqəmindən asılı olmayaraq, hava şəraiti uyğun deyilsə, müsbət nəticə əldə edə bilməyəcəyik. Həmçinin, fermer əkin sahələrinin sığortalanması üçün subsidiyadan istifadə edir. Bir sözlə, subsidiya rəqəminin artdığını görsək də əslində həmin məbləğin hamsı fermerə çatmır. Qeyd edim ki, bu işi görəcək yüksək bilgiyə sahib mütəxəssislər yoxdursa, yüksək nəticə almaq çətindir. Bir sözlə, kadr məsələsi çox önəmlidir".
Chosen
14
sherg.az

1Sources