EN

Avropa Şurasının milli azlıqların qorunması haqqında Çərçivə Komissiyası üzrə Məşvərət Komitəsi Azərbaycanla bağlı növbəti - beşinci hesabatını dərc edib.

Avropa Şurasının məlumatında eyd edilir ki, Azərbaycan çoxmillətli ölkə olaraq etnik mədəniyyəti, dil və dini dözümlülüyü və hörməti təbliğ etməyə çalışır.

Bir çox milli azlıqların mədəniyyətlərinə riayət olunur, dini dözümlülük və dinlərarası dialoq hökumətin gündəliyində mühüm yer tutur.

Milli azlıqlara aid olan şəxslərin hüquqları Konstitusiya və multikulturalizm siyasəti ilə qorunur. Lakin bu, hüquqların tam və səmərəli bərabərliyini təmin etmək üçün kifayət etmir. Bundan başqa, ifadə, toplaşmaq və birləşmək azadlıqlarına qoyulmuş məhdudiyyətlər milli azlıqlara aid olan şəxslərin öz insan hüquqlarından, o cümlədən azlıqların hüquqlarından səmərəli şəkildə istifadə etmək imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Media haqqında 2021-ci il tarixli Qanun media azadlığına məhdudiyyətləri artırır. 2014-cü ildə qəbul edilmiş "Qeyri-Hökumət Təşkilatları (QHT) haqqında" və 2022-ci ildə qəbul edilmiş "Siyasi partiyalar haqqında" Qanunlar ifadə və birləşmək azadlığına zərər verir, deyə Məşvərət Komitəsi qeyd edir.

Həmçinin qeyd edilir ki, vətəndaş cəmiyyəti fəalları, hüquq müdafiəçiləri, siyasi fəallar, jurnalistlər və hüquqşünaslar, həmçinin milli azlıqlar təqiblərə məruz qalır.

2022-ci il tarixli Siyasi Partiyalar haqqında Qanunun bəzi maddələri milli azlıqlara aid olan şəxslərin hüquqlarını və siyasi iştirakını təşviq edən siyasi partiyaların yaradılmasına mane ola bilər.

Məşvərət Komitəsi təcili atılacaq addımlara dair tövsiyə kimi bir daha hakimiyyəti QHT-lərin qediyyatı və fəaliyyəti ilə bağlı qanunvericiliyi və təcrübəni Avropa insan hüquqları standartlarına uyğunlaşdırmağa çağırır ki, milli azlıqlara aid olan bütün şəxslər birləşmək azadlığından səmərəli şəkildə istifadə edə bilsin.

Milli azlıqların dillərində bir sıra KİV-lər mövcuddur, lakin kifayət deyil, milli azlıqların özləri tərəfindən idarə edilən media layihələri üçün maliyyə çatışmazlığı mövcuddur. Dövlət idarələri ilə təmasda milli azlıqların dillərindən istifadə qanunla təsbit edilmir, xüsusi və şifahi ünsiyyətlə məhdudlaşır.

Yeni doğulan körpələrə "lağ, nifrət və alçaldılma"dan qorunmaq üçün qoyulması qadağan edilən adların siyahısına yenidən baxılmalıdır.

Təhsil sahəsində azsaylı milli azlıqlar da daxil olmaqla, bir çox milli azlıqların dilləri ibtidai təhsil səviyyəsində tədris olunur.

Məşvərət Komitəsi hakimiyyəti israrla ibtidai və orta səviyyələrdə ümumi kurrikulumda azlıqların dillərinin, o cümlədən sayca daha kiçik azlıqların dillərinin təkcə onların ənənəvi olaraq istifadə olunduğu ərazilərdə deyil, həm də milli azlıqlara mənsub olanlar şəxslərin çox sayda yaşadığı yerlərdə tədrisini təklif etmələrinə çağırır. 

Azlıqların stereotipli və mənfi təsvirini aradan qaldırmaq məqsədilə maarifləndirici materialların nəzərdən keçirilməsinə ehtiyac var və ermənilərin Azərbaycanda, xüsusən də Qarabağda və Bakıda tarixi mövcudluğunun maarifləndirici materiallarda əks edilməsinə diqqət yetirilməlidir.

Məşvərət Komitəsi həmçinin 100 000-dən çox erməninin tərk etdiyi "Qarabağda" vəziyyəti qiymətləndirir və hakimiyyəti israrla ermənilərin təhlükəsiz, maneəsiz və davamlı şəkildə qayıtması üçün zəruri olan siyasi, hüquqi və praktiki şərait yaratmağa və mülkiyyət məsələləri ilə məşğul olmaq üçün xüsusi mexanizm yaratmağa çağırır.

Məşvərət Komitəsi dövlət qurumlarını bütün erməni dini və mədəni abidələrini və artefaktlarını inventarlaşdırmağa, mühafizə etməyə və qorumağa çağırır.

Məşvərət Komitəsi həmçinin dövlət qurumlarını erməni icmasına mənsub olan şəxslərə qarşı dözümsüzlüyün və etnik nifrətin yayılmasının istənilən təzahüründən çəkinməyə və bunları qətiyyətlə pisləməyə çağırır.

Avropa Şurası Azərbaycan hökumətinin Məşvərət Komitəsinin rəyi ilə bağlı şərhlərini də dərc edib.

Şərhdə qeyd edilir ki, 5-ci rəydə bəzi bəyanatlar və nəticələr "subyektiv xarakter daşıyır və ölkədəki cari reallıqları dəqiq əks etdirmir".

Məşvərət Komitəsi seçici yanaşma tətbiq edir, konkret bir etnik qrupa daha çox diqqət yetirir, digərlərinə məhəl qoymur və əsasən bu qrupun maraqlarını təmsil edən xarici subyektlər tərəfindən qaldırılan məsələlərə qeyri-proporsional böyük diqqət yetirilir.

Məşvərət Komitəsi müvafiq nümunələr göstərmədən, qeyri-müəyyən mənbələrin məlumatlarına/hesabatlarına əsaslanır, bu da mümkün nöqsanların aradan qaldırılmasını çətinləşdirir", deyə rəsmi Bakının şərhində qeyd edilir.

Böyük narahatlıq doğuran digər bir məsələ üzv dövlətlərə münasibətdə standartların qeyri-ardıcıl tətbiqidir. Milli azlıqların hüquqları ilə bağlı bənzər vəziyyətlərə baxmayaraq, bəzi ölkələrə fərqli yanaşılır. Etnik təmizləmə siyasəti nəticəsində Ermənistandakı doğrma yurdlarından sürgün edilən azərbaycanlıların hüquqları da Çərçivə Konvensiyası çərçivəsində nəzərdən keçirilməlidir.

Chosen
28
turan.az

1Sources