EN

Qrenlandiya buzu əriməyə başlarsa- COP29-un misilsiz şans olduğuna növbəti sübut...

Image

Məlumdur ki,  bütün COP konfranslarının məqsədi sənayedən əvvəlki dövrdə və 2015-ci il Paris Sazişinin tələb etdiyi kimi, karbon qazının miqdarını və qlobal temperatur artımını 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaqdır. Amma COP29-a qədər bu istiqamətdə istənilən nəticə hasil olmayıb.  

İndi isə dövlət başçılarının, ətraf mühit fəallarının və ekspertlərin bəyanatlarına görə, COP29-dan bu problemin həlli istiqamətində konkret addımlar gözlənilir.

Ümumiyyətlə, Bakıda keçirilən COP-29-da qlobal temperaturun artmasının qarşısını almaq üçün Parisdə iqlim sazişinin imzalanmasından 9 il sonra karbon bazarları üzrə mühüm razılaşma artıq əldə olunub. Ekspertlər bildirir ki, bu, planetin xilası üçün olduqca mühümdür. Məsələ burasındadır ki, iqlim problemi getdikcə dərinləşir. Estoniyanın Tartu Universitetinin alimləri belə qənaətə gəliblər ki, fabrik və zavodlardan çıxan çirkləndirici tullantılar hətta lokal qar yağmasına səbəb ola bilər. İqlimşünaslar peyk müşahidələrindən istifadə edərək, Şimali Amerika, Avropa və Asiyadakı sənaye sahələrindən külək istiqamətində fərqli buz buludları və azalmış buludluluq aşkarlayıblar. Tədqiqatçılar peyk və yerüstü radar məlumatlarını birləşdirərək buzun əmələ gəlməsindən qar yağmasına və iri sənaye sahələrinin yaxınlığında bulud örtüyünün azalmasına qədər fiziki prosesləri izləyiblər.

Bulud damcıları mənfi 40 dərəcəyə qədər maye olaraq qala bilər ki, bu da çox soyudulmuş su kimi məlumdur. Bunun səbəbi, bulud damcılarını sıfırdan mənfi 40 dərəcəyə qədər olan temperaturda buza çevirmək üçün uyğun aerozol hissəciklərinə ehtiyac olmasıdır. Tədqiqat göstərir ki, polad və sement zavodları, kömürlə işləyən elektrik stansiyaları və neft emalı zavodları kimi sənayelər həddindən artıq soyumuş maye buludların donmasına səbəb olan aerozol hissəcikləri buraxır və nəticədə qar yağır. Bu da o deməkdir ki, insan fəaliyyəti iqlim dəyişmələrinə birbaşa təsir edir.

COP29 çərçivəsində aparılan müzakirələr təsdiq edir ki, insan fəaliyyəti dünya temperaturunun artmasına səbəb olur: bunun nəticələri arasında intensiv müşahidə edilən istilik dalğaları və dəniz səviyyəsinin yüksəlməsi də var. Gələcək onilliklərdə vəziyyətin daha da pisləşəcəyi ehtimalı var, lakin elm adamları təcili tədbirlərin iqlim dəyişikliyinin ən pis təsirlərini məhdudlaşdıra biləcəyini hesab edirlər. Son onillikdə dünya 19-cu əsrin sonları ilə müqayisədə, orta hesabla, təxminən 1,2 Selsi daha isti olub. Müəyyən edilib ki, 2023-cü il insanın səbəb olduğu iqlim dəyişkiliyi və təbii El Nino hava hadisəsinin təsiriylə tarixin ən isti ili olub. Son doqquz ilin hamısı tarixdə ən isti doqquz il qeydləri arasında olub. İqlim Yerin tarixi boyu dəyişib və El Nino kimi təbii amillər 2023-cü ildə olduğu tək daha qısa müddət ərzində havaya təsir göstərə bilər. El Nino hadisəsi, adətən, Sakit Okeanın tropik şərqində dəniz səthinin temperaturu uzunmüddətli orta səviyyədən ən azı 0,5 Selsi yuxarı qalxdıqda elan edilir.

BMT-nin iqlim məsələləri üzrə təşkilatı IPCC-yə görə, təbii səbəblər keçən əsrdə müşahidə olunan, xüsusilə sürətli istiləşməni izah edə bilməz. IPCC bildirir ki, bu uzunmüddətli iqlim dəyişikliyinə insan fəaliyyəti səbəb olub, əsasən, evlərdə, fabriklərdə və nəqliyyatda qalıq yanacaqların - kömür, neft və qazın geniş istifadəsi nəticəsində baş verib. Qalıq yanacaqlar yandıqda istixana qazları - əsasən, karbon qazı buraxırlar. Bu, Yer səthinə yaxın atmosferdə əlavə enerji tutaraq planetin istiləşməsinə səbəb olur.

Sənaye inqilabının başlanğıcından - insanlar böyük miqdarda qalıq yanacaqları yandırmağa başladıqdan bəri atmosferdəki karbon qazı miqdarı təxminən 50% artıb. Qalıq yanacaqların yandırılması nəticəsində ayrılan karbon qazının atmosferdə getdikcə daha çox tapılan növə uyğun gələn fərqli kimyəvi barmaq izi var. Qlobal orta temperaturun 1,2 Selsi artması o qədər də diqqətçəkən gəlməyə bilər. Bununla belə, o, artıq ətraf mühitə böyük təsir göstərib. Bura aşağıdakılar aid oluna bilər. İsti hava dalğaları və güclü yağış kimi daha tez-tez və şiddətli ekstremal hava şəraiti qeydə alınır. Buzlaqların və buz təbəqələrinin sürətlə əriməsi dəniz səviyyəsinin qalxmasına səbəb olur. Arktika dəniz buzunun böyük ölçüdə azalması, okeanın istiləşməsi baş verir. İnsanların həyatı da dəyişir. Məsələn, Şərqi Afrikanın bəzi hissələri son 40 ilin ən pis quraqlığını yaşadı və 20 milyondan çox insanı şiddətli aclıq təhlükəsi ilə üz-üzə qoyub. 2022-ci ildə Avropada görünən güclü isti hava dalğaları ölümlərin anormal artmasına səbəb olub. Temperatur artdıqca, iqlim dəyişikliyinin təsiri daha da pisləşir. IPCC-yə görə, uzunmüddətli temperaturun 1,5 Selsiyə qədər yüksəlməsini məhdudlaşdırmaq çox vacibdir. Temperaturun 1.5 dərəcə Selsiyə qədər yüksəlməsini məhdudlaşdırmaq çağırışı qismən “dəyişmə nöqtələri” adlanan yerləri keçməmək üçün nəzərdə tutulub. Bu hədlər keçildikdən sonra dəyişikliklər sürətlənə və Qrenlandiya Buz Lövhələrinin dağılması kimi geri dönməz hadisələr ola bilər. IPCC-nin məlumatına görə, təxminən 3,3-3,6 milyard insan iqlim dəyişikliyinə çox həssasdır. Daha kasıb ölkələrdə yaşayan insanların uyğunlaşmaq üçün kifayət qədər resursları olmadığından onların daha şox əziyyət çəkəcəyi gözlənilir. Bu, ədalətlə bağlı suallara səbəb olur, çünki bu yerlər, adətən, istixana qazı emissiyalarının kiçik bir hissəsinə cavabdehdir. Bununla belə, qlobal istiləşmənin təsirləri geniş ərazilərdə hiss oluna bilər. Məsələn, ekstremal hava şəraiti ilə bağlı məhsul çatışmazlığı qlobal ərzaq qiymətlərini artıra bilər. COP29-da bunların qarşısnın alınması məqsədilə müvafiq addımların atılması əsas məqsədlər sırasında yer alır.

Ramil QULİYEV





Chosen
43
baki-xeber.com

1Sources