EN

"Bu zaman Əlvanla arvadım Məhbubəni divanda gördüm" — TƏFƏRRÜAT

Qax rayonunda 1977-ci il təvəllüdlü Fazil qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Məhbubəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Hadisə 24 iyun 2024-cü ildə, axşam saat 23:00-da Qax şəhəri, M.Ə.Sabir küçəsindəki evlərdən birində baş verib. Fazil yaşadığı evdə olan zaman arvadı Məhbubənin ona xəyanət etdiyi hərəkətləri yadına düşdüyü üçün onunla sözlə mübahisə edib. 

Daha sonra aralarında ailə-məişət münasibətləri zəminində baş vermiş dava-dalaş zamanı Məhbubənin sol və sağ qol nahiyələrinə bir neçə dəfə yumruq ilə vuraraq onu yerə yıxıb. Yerdə onun bədən nahiyəsinə bir neçə dəfə təpik ilə qəsdən vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Fazilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törədib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fazil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, o zərərçəkmiş şəxsi vurub, onun evinə Əlvan adlı şəxs basqın edib: “Hadisə günü, saat 6-da təsərrüfatında olan keçiləri otarmağa apardı və qayıdaraq evə gəlib. Evdə olan zaman darvaza döyüldü, oğlum  darvazanı açdıqdan sonra Əlvanın gəldiyini dedi. Əlvan mənimlə oturaraq çay içdikdən sonra gedib. Həmin vaxt mən pivə zavodunda işləyirdim. İşə gedən zaman Əlvanın qayıdaraq evimə gəldiyini gördüm və hasardan həyətə keçərək evə daxil oldum. Bu zaman Əlvanla arvadım  Məhbubəni divanda gördüm. Məhbubədən nə üçün belə hərəkət etdiyini, Əlvanı evə buraxdığını soruşdum. Əlvan mənə mobil telefonunun bizim evimizdə qaldığını dedi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü Məhbubənin ona xəyanət etməsi yadına düşüb, Məhbubə ilə mübahisə edib: “Məhbubə mətbəxə qaçdı, orada onun qollarından tutaraq silkələdim, nə üçün belə etdiyini soruşdum. Təqsirimi etiraf edirəm. Məhbubəni yumruq və təpiklə vurmuşam. Əməlimdən peşmanam. Məhbubə ilə nikahının pozulması üçün məhkəməyə müraciət etmişəm”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Məhbubənin sözlərinə görə, Fazil onun əridir, demək olar ki hər gün spirtli içki qəbul edir və ailə üzvləri onun bu hərəkətlərindən beziblər: “Fazil sərxoş vəziyyətdə evə gəldi, 1.5 litrlik şüşədə olan arağı içdi. Bundan sonra Fazil mənə xəyanət etməm barədə söhbətləri təzələməyə başladı. Bundan bir gün əvvəl Fazilə bu barədə söhbət edərək öz aramızda məsələni həll etdik. Lakin növbəti gün Fazil spirtli içki qəbul edərək həmin söhbətləri təzələməyə başladı. Söhbət zamanı Fazilə xəyanət etmədiyimi, Əlvan adlı şəxsin 72 yaşı olduğunu, evə mobil telefonunu axtarmaq üçün gəldiyini, divanın üstündən onun telefonunu axtardığını dedim. Lakin Fazili sakitləşdirə bilmədim. Saat 10-dan sonra isə Fazil məni təhqir etməyə, nalayiq sözlər deməyə başladı. Daha sonra mətbəxdə söhbəti davam etdirdik. Mətbəxdə Fazil mənə hücum etdi, məni silkələdi. Mən çölə qaçmaq istədikdə isə Fazil məni tutdu, sürüyərək hamama gətirdi. Mənim bədənimin müxtəlif nahiyyələrinə təpik, yumruq və şillə vurmağa başladı. Mən isə Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə şikayət etdim. Təqsirləndirilən şəxs ilə barışmıram”.

Bu cinayət işinə Qax Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fazil 7 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini – Qax şəhəri, M.Ə.Sabir küçəsindəki yaşayış evini saat 23:00-dan növbəti gün saat 07:00-dək və yaşadığı Qax rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Hökmün icrası Qax rayon İcra və Probasiya şöbəsinə həvalə olunub.

Fariz Məlikli

Chosen
35
1
hurriyyet.az

2Sources