EN

Fernando Santos: “Hər oyunda qələbə qazanmaq istəyirik”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernando Santos İsveç yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, milli komandamız UEFA Millətlər Liqasının 6-cı turu çərçivəsində sabah səfərdə İsveç yığması ilə üz-üzə gələcək.

Oyundan öncə hər iki komandanın baş məşqçilərinin iştirakı ilə mətbuat konfransları keçirilib. Bu ildən Azərbaycan millisinə rəhbərlik edən portuqaliyalı mütəxəssis Fernando Santos qarşıdakı matçla bağlı bunları söyləyib:

“Güclü heyət qurmaq, hər oyunda qələbə qazanmaq istəyirik. Son üç matçda çıxışımızda müsbətə doğru böyük dəyişiklik var. Sabahkı rəqibimiz İsveç millisi hər oyuna xüsusi yanaşır. Biz də rəqibi təhlil edirik, buna uyğun taktika ilə çıxış edəcəyik. İsveçlilər Estoniya yığmasından tam fərqli oyun üslubuna malikdirlər. Keyfiyyətli futbolçulardan qurulan güclü rəqibə qarşı çıxış edəcəyik. Ancaq özümüzə inanmalı və qələbə üçün mübarizə aparmalıyıq. Ümumiyyətlə, elə heyət olmalıdır ki, müdafiə olunmaqla yanaşı, hücumlar qurmağı, təhlükəli vəziyyətlər yaratmağı da bacarmalıdır. Milli komanda üç gündən bir çıxış edir. Bunu nəzərə alsaq, heyətdə bəzi dəyişikliklər ola bilər”.

“Hər bir hücumçunun istəyi qol vurmaqdır”

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli də mətbuat konfransında iştirak edib. 27 yaşlı futbolçu bunları söyləyib:

“Sabah güclü rəqibə qarşı oynayacağıq. Bizi çətin qarşılaşma gözləyir. Rəqibin adı bəllidir. Buna baxmayaraq, öz oyunumuzu göstərib, yaxşı nəticə üçün savaşacağıq. Hər bir hücumçunun istəyi qol vurmaqdır. Ancaq millidə daha önəmlisi qələbə qazanmaqdır. Hamımız bua yaxşı nəticə üçün toplaşırıq. Düzdür, mən də İsveçlə matçda qol vurmaq istərdim. Bunun qələbə qolu olması mənim üçün daha vacibdir”.

“Azərbaycanla görüşdə qalib gəlmək istəyirik”

İsveç yığmasının baş məşqçisi Yon Dal Tomasson isə millimizlə görüşdən öncə bunları söyləyib:

“Bir neçə futbolçumuz zədəlidir. Həkimlərlə danışdıqdan sonra start heyəti ilə bağlı yekun qərarı verəcəyəm. Şənbə günü Slovakiya ilə matçda futbolçularım hər şeyi etdilər. Meydanda hər şeyi edəndə problemlər yarana bilər. Amma əminəm ki, onlar sağalmağa vaxt tapmaları üçün çalışırlar. Bir oyunumuz qalıb. Azərbaycanla görüşdə qalib gəlmək istəyirik. Bu oyun üçün də komandamızın motivasiyası var. Çünki C Liqasında dünya çempionatının seçmə mərhələsinin pley-off mərhələsinə vəsiqə qazanmaq üçün ən yaxşılar sırasında olmaq vacibdir”.

Xatırladaq ki, sabah – noyabrın 19-da Solna şəhərindəki “Friends Arena”da keçiriləcək İsveç – Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-da start veriləcək.

Chosen
41
arena.az

1Sources