EN

COP29 həm də şəffaflıq platformasıdır

Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsinin qəbul olunması Azərbaycanın əzmini göstərir

Bakıda keçirilən COP 29 yeni təşəbbüslər və ideyaların gerçəkləşməsi ilə yadda qalmaqdadır. COP29 tədbirinin ilk günlərindən iqlim maliyyəsi və hesabatlılıq məsələsi əsas mövzu kimi diqqətdə saxlanılıb. COP29-un ilk günündə Paris sazişinin 6.4 maddəsi (karbon bazarları) üzrə razılaşma əldə olunub. Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən bu saziş dayanıqlı maliyyələşmə üçün mühüm sütunlardan biridir. Eləcə də Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) üzrə əhəmiyyətli irəliləyiş əldə olunub. Maliyyə, investisiya və ticarət məsələlərinin müzakirəsinə həsr olunmuş bu tematik gündə özəl sektor nümayəndələri, çoxtərəfli inkişaf bankları (ÇİB) və xeyriyyə təşkilatları, eləcə də iqlim fondları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətinin nümayəndələri iqlim fəaliyyətini maliyyələşdirmək üçün kollektiv səylər çərçivəsində bir araya gəliblər.

Azərbaycan Şəffaflıq Hesabatı təqdim edən ilk ölkələr sırasındadır

Şəffaflıq COP hərəkatında ən mühüm amildir və bütün iqlim ailəsi üçün inam və etibar yaradır, tərəfləri məsuliyyətə dəvət edir, iqlim fəaliyyətinə dair ambisiyaları artırır. Həmçinin ölkələrə iqlimlə bağlı fəaliyyət potensiallarını daha yaxşı anlamağa və ehtiyaclarını müəyyən etməyə kömək edir. Maliyyələşmə və şəffaflıq məsələsinin əsas təşəbbüskarı kimi Azərbaycan sammit ərəfəsində ilk arxitekturanı formalaşdırıb, iqlim maliyyələşməsinin əsas təməllərindən “İqlim Dəyişmələri üzrə İtki və Zərər Fondu”nun yaradılması gerçəkləşib.

Noyabrın 18-də COP tarixində yeni mühüm hadisə - Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi qəbul olunub ki, bu sənəd Azərbaycanın iradəsi və səyi sayəsində şəffaflığı və beynəlxalq əməkdaşlığı qurmaqda əzmini göstərir. Sənədə imza atan ölkələr Paris İqlim Razılaşmasının tərəflərini İqlim şəffaflığı üzrə hesabatlarını 31 dekabr 2024-cü ilədək müvafiq qaydada təqdim etməyə razılıqlarını ifadə edib.

Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi milli hesabatlarını hazırlayan ölkələrlə digər ölkələrin arasında əməkdaşlığın qurulması, bu sahədə resursların səfərbər edilməsi, əməkdaşlığa təkan verən fəaliyyətin həyata keçirilməsi və təcrübə mübadiləsi yolu ilə şəffaflığın təminatında platforma rolunu oynayacaq.

İqlim Şəffaflığı Bəyannaməsi Bakı Şəffaflıq Platforması ilə paralel şəkildə həyata keçiriləcək ki, bu da iqlim maliyyə ilə bağlı hədəflərin vahid bir siyasət çərçivəsində tənzimlənməsi deməkdir. COP29-un Prezidenti Muxtar Babayev Yaponiya, Cənubi Afrika Respublikası, Amerika Birləşmiş Ştatları, İtaliya Respublikası, Qazaxıstanın nazirlərinin iştirakı ilə keçirilən “Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası”nda bildirib ki, tərəfdaş ölkələr həm də ikiillik şəffaflıq hesabatlarını təqdim etmək niyyətlərini ortaya qoymaqla maliyyə hesabatlılığı məslələsində öz dəstəkləyici mövqeyini nümayiş etdirir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibinin müavini Nura Hamlaji bildirib ki, bir çox ölkə hesabatları təqdim edib ki, onların sırasında Türkiyə və Qazaxıstan kimi türk dövlətləri var. Azərbaycan da İkiillik Şəffaflıq Hesabatı (BTR) üzrə işləri yekunlaşdırıb bu həftə ərzində təqdim ediləcək. Nəticədə onluq ölkələri sırasına daxil olacaq respublikamız şəffaflıq alyansında da nümunəvi mövqeyini möhkəmləndirəcək.

Bakıda təməli qoyulan 10 trilyon dollarlıq iqlim investisiyası

Maliyyələşmə siyasətinin davamı kimi beynəlxalq maliyyə korporasiyaları və bank strukturları iqlim dəyişiklərinin fəsadlarına qarşı mübarizə məqsədilə öz maliyyə töhfələrini artıracağına dair nikbin bəyanatlar səsləndirib. Əsas donorlardan biri olan Dünya Bankı maliyyə töhfəsini 170 milyarda çatdıracaq. COP29 çərçivəsində keçirilən İqlim məsələləri üzrə biznes, investisiya və xeyriyyəçilik platformasında (BIPCP) da dayanıqlı maliyyə infrastrukturlarının qurulması yönündə müsbət siqnallar verildi, biznes, maliyyə və xeyriyyə cəmiyyətlərinin liderləri, o cümlədən ümumi aktivləri 10 trilyon dollar olan investorlar özəl kapitalın iqlim bazarlarına yönləndirilməsi üçün ilk dəfə bir araya gələcəklərini bəyan ediblər. Məsələn, təkcə Asiya İnkişaf Bankı (AİB) buzlaqların əriməsi nəticəsində yaranan təsirlərlə mübarizə aparmaq üçün nəzərdə tutulmuş yeni proqrama 3,5 milyard dollar ayıracaq. Yaxın günlərdə icra ediləcək maliyyə tranşları Azərbaycanı da əhatə edir. Belə ki, Yaşıl İqlim Fondunun dəstəyi ilə AİB Azərbaycan, Qırğızıstan, Tacikistan və Özbəkistanda buzlaq riskinin qiymətləndirilməsini də həyata keçirəcək. Bu layihənin icrası su ehtiyatlarına və kənd təsərrüfatına investisiya yatırmaqla yanaşı, buzlaqların əriməsi nəticəsində təhlükə altında olan həssas icmalara, xüsusən də zəif inkişaf etmiş dağlıq bölgələrə fayda verəcək.

İsveç hökuməti BMT-nin Yaşıl İqlim Fonduna 730 milyon dollar məbləğində ianə ayrılmasını rəsmiləşdirib. Həmçinin Tədbirin digər tərəfdaşları arasında Asiya Filantropiya Müəssisəsi Şəbəkəsi Bil və Melinda Qeyts Fondu, Beynəlxalq Maliyyə Korporasiyası, Qlobal İqlim Fəaliyyəti üzrə  Mərakeş Tərəfdaşlığı, Dayanıqlı Bazarlar Təşəbbüsü, Dayanıqlı İnkişaf üzrə Dünya Biznes Şurası, Dünya İqtisadi Forumu və “XPRIZE” fondu da maliyyə donorluğunu üzərinə götürüb.

Yeri gəlmişkən, Azərbaycanın bank sektoru da bu proseslərə qoşularaq 2030-cu ilə qədər “yaşıl” layihələrə 1,2 milyard ABŞ dolları məbləğində vəsait ayırmağı öhdəsinə götürüb və bu prioritetlər ötən həftə təsdiq edilmiş Yaşıl Taksonomiya sənədində də əksini tapıb. Həmin vəsaitlər Azərbaycanın aşağı karbonlu iqtisadiyyata keçidinə töhfə verən layihələrin dəstəklənməsinə yönəldiləcək.

Yeni təsis edilmiş “Bakı Qlobal İqlim Şəffaflığı Platforması” isə Paris Sazişi və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDG) üzrə sazişlərdən irəli gələn maliyyə institutlaşması istiqamətində bir sıra tədbirləri icra etməyi planlaşdırır ki, bu da əhatəli və çoxşaxəli maliyyə instutlaşmasını təşviq edəcək.

İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək

Bakıda əsası qoyulan maliyyə və şəffaflıq arxitekturası ilk növbədə, inkişaf etməkdə olan kiçik ada dövlətlərinə (SİDS) dəstəyi nəzərdə tutur. Qeyd edək ki, ada dövlətlərinə yardım çağırışı Prezident İlham Əliyevin sammitdə dünya liderlərinə müraciətində də əsas yer tutub və “kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir” çağırışının dəstəklənməsi sayəsində qeyd etdiyimiz fondlar yaradılıb.

Göründüyü kimi Azərbaycan COP29 Sədrliyi dövründə prioritet məsələ olan  SIDS-in iqlim maliyyəsinə çıxışını yaxşılaşdırmaq üçün müvafiq strategiyaları da gerçəkləşdirir və qlobal maliyyə platforması yaradır.

Beləliklə, COP29-dan əsas gözlənti olan yeni iqlim maliyyəsi hədəfi üzrə tarixi razılaşmaların əldə olunması qlobal miqyasda dekarbonizasiya üçün fasiləsiz maliyyə mənbələrinin hərəkətə gətirilməsi üçün münbit mühit yaradır.

E.CƏFƏRLİ

1Sources