EN

İqtisadi inkişaf sürətlənir

Qeyri-neft resurslarının yüksək artımları sayəsində ÜDM 5 faiz böyüyüb

2024-cü ilin yanvar-oktyabr aylarında ölkəmizdə 103,5  milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çox ümumi daxili məhsul istehsal olunub. Əlavə dəyərin böyük bir hissəsi qeyri-neft yığım mənbələrindən formalaşıb. Belə ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz, qeyri neft-qaz sektorunda isə 6,8 faiz artıb. Eləcə də sənayedə, ələlxüsus da qeyri-neft sənayesində artım meyilləri yüksəlib. Ötən 10 ay ərzində 53,3 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilib ki, istehsalın əsas mənbəyini 8,7 faiz artımla qeyri neft-qaz sektoru təşkil edir.

ÜDM-də sənayenin payının artmasında fərdi sahibkarlar tərəfindən məhsul istehsalının dinamikası xüsusi əhəmiyyət kəsb etməkdədir.

Beləliklə, ölkə iqtisadiyyatının inkişafında ağırlıq mərkəzi tamamilə qeyri-neft sektorunun üzərinə transformasiya olunmaqdadır və hökumətin neft ÜDM-dən qeyri-neft ÜDM-ə keçid strategiyası özünü doğrultmaqdadır.Hökumətin yaxınmüddətli iqtisadi inkişaf ssenarilərinə əsasən, neft-qaz  sektorunun tədricən daralacağı şəraitdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft gəlirləri olacaq və 2024-cü ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 72 faizə çatacağı proqnozlaşdırılır. Eyni zamanda, qeyri-neft resurslarının yüksək artımları müqabilində ilin sonunda ümumi daxili məhsulun 5-6 faiz təşkil edəcəyi fərz olunur.

Bütün yığımlarda artım meyilləri qeydə alınıb

2024-cü ilin 10 ayı ərzində biznesin aktivliyinin yüksəlməsi fiskal yığımların həcmini də artırıb, vergi orqanlarının xəttilə dövlət büdcəsinə 14 milyard 148,4 milyon manatdan çox vergi daxil olub, proqnoza 4,4 faiz artıq əməl edilib. Qeyri-neft-qaz sektorunda daxilolmalar 9 milyard 551,4 milyon manatdan artıq təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 13,9 faiz artıb.  Vergilərin 67,5 faizi qeyri-neft-qaz sektorunun, 32,5 faizi isə neft-qaz sektorunun payına düşüb. Yəni fiskal yığımların əsas yükü qeyri-neft mənbələrində cəmləşir. Qeyd edilən aylarda təkcə vergilərdə deyil, sosial yığımlarda da artım qeydə alınıb. Dövlət sosial sığorta haqları üzrə daxilolmalar 4 milyard 671,1 milyon manatdan çox olub. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,6 faiz və ya 190,8 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz artaraq 3,1 milyard manatdan çox təşkil edib.İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrünə nisbətən 12,3 faiz artıb və 167 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,9 faiz artaraq 126,4 milyon manatdan çox təşkil edib. Bu dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz artıb və 829,4 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,6 faiz artaraq 591,2 milyon manat təşkil edib.

2024-cü ilin yanvar-oktyabr aylarında ölkəmizdə investisiya fəallığı da müşahidə edilib. Bu dövrdə  əsas kapitala 14.4 milyard manat məbləğində investisiya yönəldilib. İnvestisiyanın 7,3 milyard manatı və ya 50,8 faizi məhsul istehsalı sahələrinə, 5,1 milyard manatı (35,9 faizi) xidmət sahələrinə, təxminən 2 milyard manatı isə (13,3 faizi) isə tikintiyə sərf olunub. Sərmayələrin 11,9 milyard manatını və ya 83 faizini daxili investisiyalar təşkil edib.

İnflyasiya sabit qalıb, əhalinin gəlirləri artıb

2024-cü ilin ötən 10 ayında digər müsbət göstəricisi inflyasiya ilə bağlıdır.Bu dövrdə  istehlak qiymətləri indeksi 1,7 faiz təşkil edib. Hesabat dövründə əhalinin nominal gəlirlərində, bank əmanətlərində, ünvanlı sosial yardımın məbləğində, muzdlu işçilərin orta aylıq əməkhaqqında da artımlar qeydə alınıb ki, bu da uğurlu sosial-iqtisadi dinamika hesab edilə bilər. Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8 faiz artaraq 993 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Eləcə də əhalinin real gəlirləri 7 faizə yaxın artıb.

Ümumilikdə, 2024-cü ilin yanvar-oktyabr ayları üzrə makroiqtisadi göstəricilərdə qeydə alınmış müsbət dinamika Azərbaycan iqtisadiyyatının ili yüksək inkişaf proqnozları ilə tamamlayacağına əsaslar yaradır. Hazırda Azərbaycanda ÜDM-in 5 faizlik artım tempi dünya üzrə ümumi iqtisadi artım göstəricisindən (3,2-3,5 faiz) yüksəkdir. Bu faktor da ölkəmizdə iqtisadi inkişafı təmin edən mənbələrin dayanıqlılığı və növbəti dövrlər üçün əlavə potensialların səfərbər olunmasına imkan verdiyini təsdiqləyir. Bu tempin ilin sonunda və növbəti ildə də davam edəcəyi, qeyri-neft ÜDM-nin orta artımının 7-8 faiz təşkil edəcəyi gözlənilir.

Beynəlxalq maliyyə institutlarının hesabatlarında...

Azərbaycan hökumətinin açıqladığı Ortamüddətli Xərclər Çərçivəsi sənədində və İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş proqnoz icmalında 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in həcmi 92,2 milyard manat təşkil edəcəyi öz əksini tapıb. Orta müddətdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft ÜDM-in isə 5 faiz olacağı proqnozlaşdırılır. 2024-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 0,3 faiz artacağı ehtimal edilir. Bu dinamika sonrakı illər üzrə davamlı şəkildə yüksələcək və 2028-ci ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payı daha da artaraq 77,8 faizə çatacaq, neft-qaz sektorunun payı isə 22,2 faizə bərabər olacaq.

Qeyd edək ki, bu günlərdə beynəlxalq maliyyə institutlarının açıqladığı hesabatlarda və yenilənmiş proqnoz ssenarilərində Azərbaycanda iqtisadi artımın ümidverici olmasına dair göstəricilər yer alıb. Beynəlxalq Valyuta Fondunun (BVF) dərc etdiyi “Regional iqtisadiyyatın inkişaf perspektivləri” adlı yeni hesabatında 2024-cü ildə ölkəmizdə ÜDM-in nominal dəyərinin 75,6 milyard dollar təşkil edəcəyi əksini tapıb. Eləcə də Dünya Bankı, Asiya İnkişaf Bankının hesabatlarında da 2024-cü ildə iqtisadi artımla bağlı müsbət proqnozlar yer alır.

E.CƏFƏRLİ

1Sources